news Image
2012.04.11
11:52
| A A A
İntihar edən gənclərin çoxalması qorxulu tendensiyaya çevrilir
Əhməd Qəşəmoğlu: «Azərbaycanda intihar edənlərin siyahısına baxsaz görərsiz ki, əksəriyyəti savadsız gənclər, təhsilsiz qızlardır» Rafiq Təmrazov: «İntihar hallarının sayını azaltmaq üçün maarifləndirici verilişlərin sayının artırılmasına ehtiyac var»

Bu günlərdə Dünya Səhiyyə Təşkilatı intihar hadisələri ilə bağlı maraqlı hesabat  açıqlayıb. Hesabata görə, Cənubi Qafqaz ölkələrində ən çox intihar hadisəsi Gürcüstanda qeydə alınıb. Bu ölkədə hər 100 min nəfərdən 8,8-i öz həyatına qəsd edir. Bu rəqəm Ermənistanda 3,9 olub. Cənubi Qafqaz ölkələri sırasında ən sonda Azərbaycan durur. Ötən ilin yekunlarına görə, Azərbaycanda hər 100 min nəfərdən 1,3-ü intihar edib.

İntihar hadisəsinin sayına görə keçmiş Sovet respublikaları arasında Litva birinci yerdədir. Bu ölkədə hər 100 min nəfərdən 71,7-si özünə qəsd edib. Sonrakı yerləri Rusiya (64,3) və Belarus (57,5) bölüşür.

Dünya ölkələri arasında intihar hadisələrinin ən aşağı göstəriciləri İranda, Haitidə, Yamaykada və Cənubi Afrikada qeydə alınıb.

Araşdırmalar göstərir ki, son on ildə bütün dünyada intihar halları artıb. İntiharlar daha çox liberal-demokratiyanın kök saldığı ölkələrdə baş verir.  İntiharların müsəlman ölkəsi olan Azərbaycanda da populyarlaşması müzakirələrə yol açıb. Özü də son dövrlərdə intihar halları daha çox gənclər arasında özünü göstərir və bu intiharın prosesinin gəncləşməsindən xəbər verir.  

Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, kapitalizm rəqabətə dözümlülük tələb edir, amma hər insan rəqabətə tab gətirə bilmir: "Kapitalizm güclülərin cəmiyyətidir. Burada zəiflərə yer yoxdur.  Məsələn, ailənin başçısı xəstələnirsə, vəfat edirsə ailə dağılır. Xanım iş axtarır, tapa bilmir. Uşaqların qayğısı artır. Bunların hamısı intihara aparan yoldur.  İntiharlarla bağlı mənim araşdırmam, elmi məqalələrim var. Məqalələrim Rusiyanın məşhur elmi dərgilərində nəşr olunub, bəyənilib. Universitetlərin sosiologiya fakültələrində məqalələrim dərs vəsaiti kimi istifadə olunur.  Məqalələrdə intiharların səbəbləri geniş şəkildə göstərilib. Maddiyyat mənəviyyatı üstələyirsə, pul insanlıqdan yuxarıda durursa adamın depressiyaya düşmə, bədbinliyə qapılma ehtimalları artır.  Amerikada intihara meyillilik İrana nisbətdə daha çoxdur. Niyə? Qərb bəyan edir ki, İranda insanların hüquqları pozulur, teokratik rejim var. Əgər belədirsə nə üçün İranda intihar halları çox azdır? Səbəb aydındır. Bu ölkədə mənəviyyat maddiyyatdan yuxarıda dayanır. Xəstə, zəif insanlara, kasıb ailələrə dövlət yardımlar edir. İnsanlar dini dəyərlərə bağlıdılar, cənnətə düşmək eşqilə yaşayırlar. Bu inam onları intihar etməyə qoymur. Yaponiyada iş adamı müflisləşən kimi, vədləri yerinə yetirməyəndə samuray qılıncını soxur ürəyinə və ya başına bir güllə çaxır.  Ağır psixoloji zərbələr insanı yanlış hərəkətlərə əl atmağa vadar edir. Adam var ki, onun çılpaq şəklini çəkəndə özünü öldürür. Qadında var ki, açıq videosunu çəkirsən, amma özünü sındırmır, başını dik tutur. İkincilərdə proseslərə elmi yanaşma mövcuddur. Deməli, intiharların artmasının bir səbəbi də insanların elmdən, təhsildən uzaq düşməsidir. Azərbaycanda intihar edənlərin siyahısına baxsaz görərsiz ki, əksəriyyəti savadsız gənclər, təhsilsiz qızlardır. Əri bir şillə vuran kimi gedib özlərini öldürürlər, çaya atırlar.  Amma qadının savadı olsa döyüləndə çay tərəfə deyil, məhkəməyə üz tutar". 

Sosioloq hesab edir ki, qloballaşma da intiharlara şərait yaradır: "Həddindən artıq virtual aləmə qapılanlarda ruh düşkünlüyü yaranır. Onlarda gələcəyə ümid, inam qalmır. İnsanlar arasında maarifləndirmə işlərinin aparılmasına ehtiyac var. Bu məsələdə telekanalların üzərinə böyük iş düşür. İntihar edənlərlə bağlı məlumatlar verərkən bunu neqativ tərzdə ifadə etmək lazımdır. Amma bizim bəzi telekanallar intihar edənlərdən qəhrəman obrazı yaradırlar, onların cəsarətini qabardırlar. Bu belə olmamalıdır. Din adamları da insanlara başa salmalıdır ki, intihar edənlərin yeri cəhənnəmlikdir". 

Bərabər İmkanlar Mərkəzinin rəhbəri Rafiq Təmrazov da hesab edir ki, Azərbaycanda intihar hallarının yayılması qlobal proseslərin təsirinin nəticəsidir. Onun sözlərinə görə, gənclər Avropa teleseriallarına baxıb oradan mənfi, neqativ xüsusiyyətləri götürürlər: "Bizdə elə bilirlər ki, həyat, ailə qurmaq seriallardakı kimi asan, romantikdir. Amma bu belə deyil. Həddindən artıq romantizmə meyil etmək, gözəllik axtarışında olmaq, zəhmətdən uzaqlaşmaq mənfi tendensiya yaradır. Bəzən bildirirlər ki, bədbin, pessimist insanlar daha tez intihara əl atırlar. Amma alimlər araşdırıblar ki, pessimist insanlar həyat haqqında daha çox məlumata malikdilər. Pessimistlər optimistlərdən daha çox informasiyaya malikdilər. Qəm, qüssə, fikir insanın mənəviyyatını zənginləşdirir. Yüngül və daimi romantizm isə insanı bədbəxtliyə aparır". 

R.Təmrazov da hesab edir ki, intihar hallarının sayını azaltmaq üçün maarifləndirici verilişlərin sayının artırılmasına ehtiyac var: "İlk növbədə təhsildə keyfiyyət yüksəldilməlidir".

R.XƏLİLOV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs