Respublika Prokurorluğu Heydər Əliyev Mərkəzində baş verən yanğınla bağlı növbəti açıqlamasını yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilir ki, iyulun 20-də Heydər Əliyev Mərkəzinin muzey hissəsinin tavanında baş vermiş yanğın hadisəsinin başvermə səbəblərinin araşdırılması məqsədilə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (ağır nəticələrə səbəb olmaqla yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsi ilə başlanmış cinayət işinin istintaqı davam etdirilir. Hadisə yerinə cəlb olunmuş hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi Baş Prokurorluğa həvalə edilmişdir. Fövqəladə Hallar, Milli Təhlükəsizlik nazirliklərinin və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspert və mütəxəssislərinin iştirakı ilə müasir kriminalistik texniki vasitələr və avadanlıq tətbiq edilməklə hadisə yerinə keçirilmiş müfəssəl baxış zamanı yanğının Mərkəzin muzeyinin yalnız tavan hissəsini əhatə etdiyi müəyyən edilib. Mərkəzin yanğının baş vermiş hissəsində, həmçinin digər sahələrdə iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən bir ədəd elektrik qaynağı aparatı, qaz qaynağı üçün rezin borular, muzeyin tavanından foyedəki elektrik qidalandırıcı lövhəyə qoşulmaqla 180 amperlik qaynaq rejiminə keçirilmiş vəziyyətdə "Telvin" markalı elektrik qaynağı aparatı, onun gövdəsinə birləşmiş halda istifadə edilmiş elektrod bərkidilmiş tutqac, yanında 2 ədəd "Askaynak" markalı yarımçıq işlənmiş elektrod qutusunda elektrodlar, qaz qaynağının qoşalaşdırılmış rezin borusu və qaz qaynaq aləti, alışqan, "Kenvud" tipli ratsiya qurğusu, metal kəsmək və deşmək üçün elektrik cihazları, panel lövhələrin əsas konstruksiyaya birləşdirilməsində istifadə edilən metal detalların elektrik və qaz qaynağı ilə təzə kəsilmiş hissələri, izolyasiya materialının yanmış qalıqları, üzərində qaynaq işləri aparılmış metal konstruksiyanın bir hissəsi, həmçinin təzə elektrik qaynağı işlərinin görülmüş olduğunu bildirən qaynaq tikişləri, elektrik qaynağı zamanı yaranan və korroziya əlamətləri olmayan təzə ərintilər və digər predmetlər aşkar edilərək götürülüb.
İş üzrə çoxsaylı
dindirmə, üzləşdirmə, baxış, götürmə və sair istintaq hərəkətləri
yerinə yetirilmiş, yanğının başvermə səbəblərinin, ona şərait
yaradan halların, Mərkəzdə tikinti-tamamlama işlərini yerinə
yetirən "DİA Holdinq" və onun subpodratçı şirkətlərinin yanğın
təhlükəsizliyinin təmin edilməsi sisteminə, yanğına qarşı rejim
qaydalarına riayət edib-etməmələrinin müəyyənləşdirilməsi üçün
Yanğın-texniki, dəymiş ziyanın məbləğinin müəyyən edilməsi üçün
Tikinti-texniki, həmçinin hadisə yerinə baxış zamanı götürülmüş
maddi sübutlar üzrə kompleks Fiziki-kimyəvi və Daktiloskopik
ekspertizalar təyin olunub.
İstintaqın ilkin mərhələsində toplanmış sübutlarla, o cümlədən
çoxsaylı şahid ifadələri, hadisə yerində aşkar edilərək götürülmüş
maddi sübutlar, təxirə salınmadan keçirilmiş əməliyyat-axtarış
fəaliyyətinin məlumatları və sair sübutlarla müəyyən edilmişdir ki,
"DİA Holdinq"in üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət
edilməsi vəzifəsi qoyulmuş əməkdaşları tərəfindən cari il iyulun
19-u və 20-də Mərkəzin muzey hissəsinin tavan örtüyündə panel
lövhələrinin bir-birinə metal konstruksiyalı xüsusi detallarla
bərkidilib tənzimlənməsi işlərinin yerinə yetirilməsi zamanı yanğın
baş verməsi və yayılması imkanlarının qarşısının alınmasının təmin
edilməsi üçün müəyyən olunmuş yanğın təhlükəsizliyi qaydaları
lazımi səviyyədə təşkil edilməmişdir. Belə ki, holdinqin mühəndisi
Kaya Ümit Ruşen İhsan oğlu və subpodratçı "Treysan" firmasının iş
icraçısı (iş formeni) Şimşək Vedat Halit oğlu tərəfindən
"Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları"nın
1.2-ci və 1.10.1-ci bəndləri, 3-4-80 №-li "Tikinti norma və
qaydalarının" 6.17-ci bəndi və 12.3.3.003-75 saylı DÜST-nin
"Elektrik qaynaq işlərinin ümumi təhlükəsizlik tələbləri"nin
1.3-cü, 3.2-ci və 6.3-cü bəndlərinə əsasən yanğın təhlükəsizliyi
təmin edilərkən standartlara, tikinti norma və qaydalarına,
texnoloji
layihələşdirmə normalarına ciddi riayət edilməli, binalarda açıq
elektrik qaynaq işlərinin yerinə yetirildiyi sahələrlə digər iş
yerlərinin yanmayan ekranlar, örtüklər, lövhələr vasitəsilə
ayrılmalı, açıq qövslə görünən elektrik qaynaq işlərinin yerləri
yanmayan örtük və lövhələrlə mühafizə olunmalı, daimi və müvəqqəti
qaynaq məntəqələrində yanğının yaranmasını istisna edən tədbirlər
görülmədən elektrik qaynaq işlərinin aparılmasının qadağan
edilməli, elektrik qaynaq işlərinə yalnız bütün yanğın
təhlükəsizlik tələbləri, yanğın mühafizə texnikasının mövcudluğu,
iş yerinin yanan materiallardan təmizlənməsi, yanan
konstruksiyaların mühafizəsi təmin edildikdən sonra başlanılmasına
icazə verilməli olduğu halda, bu qaydaların tələblərinə əməl
etmədən qeyd olunan sahədə montaj işlərinin həyata keçirilməsi
zamanı elektrik və qaz qaynağı aparatlarından istifadə edilməsinə
dair "Treysan" firmasının qaynaqçısı Karahan Ömər Şərif Ömər oğluna
qanunsuz göstərişlər verilmişdir. Ö.Karahanın həmin qaydaların
tələblərini pozmaqla elektrik və qaz qaynağı aparatlarını muzeyin
tavanında panellərin arasına qaldırıb iyulun 20-də orada
qığılcımlar üçün qoruyucu örtük, lövhə yaratmadan qaynaq işləri
aparması nəticəsində həmin gün saat 11:30-da Mərkəzin muzey
hissəsinin tavanında onun fəaliyyətinin pozulması və digər ağır
nəticələrə səbəb olan yanğın hadisəsi baş verib.
Törətdikləri cinayət əməllərinə görə Kaya Ümit Ruşen İhsan oğlu,
Karahan Ömər Şərif Ömər oğlu və Şimşək Vedat Halit oğlu
təqsirləndirilən şəxs qismində cəlb olunaraq Cinayət Məcəlləsinin
225.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilməklə
barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə Mərkəzdə görülən işlər zamanı yanğın
təhlükəsizliyi qaydalarına riayət edilməsinə nəzarəti həyata
keçirməli olan məsul şəxslərin müəyyənləşdirilməsi və digər
istiqamətlər üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam
etdirilir.