Əlaqə Arxiv
news Image
2014.12.12
09:35
| A A A
Düyünə düşən sığorta növü
Xəyal Məmmədxanlı: “Səhiyyə sektoru mərkəzləşdirilmiş bir bazaya və ya idarəetmə sisteminə daxil olmalıdır” Şəmsiyyə Namazova: “Bu, yeni sistem olduğu üçün əhali arasında təbliğat, maarifləndirmə işləri aparılmalıdır”

Uzun illərdir, həsrətlə gözlənilən icbari tibbi sığortanın gələn il tətbiq oluna biləcəyi barədə fikirlər səsləndirilir. Artıq bu istiqamətdə əksər işlər başa çatıb. Hətta icbari tibbi sığortanın tətbiqi üçün eyni adlı fondun yaradılacağı da nəzərdə tutulub. Bura vəsaitlər dövlət büdcəsindən, işəgötürənlərdən və işləyən vətəndaşlardan olmaqla 3 mənbədən daxil olacaq. Eyni zamanda icbari tibbi sığortanın şərtləri də təqribən müəyyənləşib. Amma bu sığorta növünün gələn il nə vaxt tətbiq olunacağı hələ dəqiq bəlli deyil. İndiki halda mütəxəssislər sığortanın bu növünün gecikməsini bir sıra səbəblərlə izah edirlər.

Sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı bildirdi ki, artıq Azərbaycanda 15 ilə yaxındır ki, könüllü tibbi sığorta şirkətlər tərəfindən uğurla tətbiq olunur: "İcbari tibbi sığorta isə kağız üzərində qalıb. Ancaq 2015-ci ildə onun da tətbiq edilməsi gözlənilir. Problem odur ki, səhiyyə sektoru mərkəzləşdirilmiş bir bazaya və ya idarəetmə sisteminə daxil olmalıdır. O zaman xəstələr həmin xəstəxanalara yönləndirilən zaman onların hamısı mərkəz tərəfindən idarə olunacaqlar. Burada problem sığorta şirkətlərində deyil. Çünki, sığorta şirkətləri bu sistemi həyata keçirməyə çoxdan hazırdılar. Sığorta şirkətləri üçün bu işdə heç bir çətinlik də yoxdur. Əsas məsələ ölkəmizdə səhiyyə infrastruktrunun bu sistemi həyata keçirməyə hazır olub-olmamasıdır. Bu da mürəkkəb bir sistemdir. Bilirik ki, qanun bütün əhaliyə şamil ediləcək və hər kəs sığortalanacaq. Yəni, tibbi xərclərin hamısı sığorta hesabına ödəniləcək. Bu da səhiyyə sisteminin alternativ metodla maliyyələşdirilməsi deməkdir. Düzdür, Azərbaycanda səhiyyə xidmətlərinin pulsuz olması barədə qərar var. Amma reallıq onu göstərir ki, Azərbaycanda pulsuz səhiyyə xidmətlərini əldə etmək çətindir. Təbii ki, bunlar özəl müəssisələrə şamil edilmir. Ona görə də burada mövcud olan bir çox məsələlər Səhiyyə Nazirliyi, Nazirlər Kabineti və Maliyyə Nazirliyi səviyyəsində həll edilməlidir. Eyni zamanda burada işləyən və işləməyən əhali üçün sığorta haqlarınım kim tərəfndən ödənilməsi məsələsi var. Həmçinin, tələbələr, təqaüdçülər üçün sığorta haqqı və limitinin nə qədər müəyyənləşməsi də problemli məsələlərdəndir. Eyni zamanda şəxsin Azərbaycanın hansı bölgələrində xidmət ala biləcəyi problem olaraq duran məsələlərdəndir. Bunlar da hökumət səviyyəsində müzakirə olunaraq həllini tapacaq məqamlardır. Amma son vaxtlarda müzakirələr çox intensivləşib. Ehtimal ki, 2015-ci ildən bu qanunu tətbiq etmək imkanımız olacaq".

Tibb elmləri üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazova bildirdi ki, qanun icra olunmamasında bir çox səbəblər var: "Burada ilk növbədə müəssisələrin maliyyələşdirilməsi məsələsi durur. Klinika və dövlət müəssisələri ilə tanış olunmalıdır. Klinika və dövlət müəssisəsinin göndərdiyi işçilərinin sığortlanması, tibbi müayinədən keçməsi üçün yararlı olub-olmaması, bütün növ şəraiti, avadanlıqları, laborator müayinə metodlarının hansı səviyyədə olması öyrənilməlidir. Bütün bunlar da vaxt apran prosesdir. Burada əsas iş sığorta şirkətlərinin üzərinə düşür. Seçimi sığorta edən təşkilatlar edir. Yəni, əsas aparıcı rolda onlar iştirak edirlər. Yəqin ki, qanun hələ tam yerinə oturuşmayıb. Burada qaydalar çox olduğu üçün vaxt aparan prosesdir. Həm də maliyyə xərcləri tələb olunur. Onun necə hesabalanacağı, şəxsin əmək haqqına uyğun olacağı, aşağı əmək haqqı olanlardan neçə faiz tutulacağını dəqiq demək çətindir. Bütün bunlar tam konkretləşdiriləndən sonra proses həyata keçirilə bilər. Həm də bu, yeni sistem olduğu üçün əhali arasında təbliğat, maarifləndirmə işləri aparılmalıdır. Eyni zamanda məsələnin tibbi-maarifi və maddi tərəfləri də var. Təbiidir ki, yeni bir sistemə keçiriksə, bu, dərhal insanlar arasında qəbul edilmir".

Qeyd edək ki, 1999-cu ildə "Tibbi sığorta haqqında" qanun qəbul olunub. Eyni zamanda "Tibbi sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" ölkə Prezidentinin 30 dekabr 1999-cu il tarixli fərmanı da var. Bundan başqa, "2008-2012-ci illərdə Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyasının həyata keçirilməsi üzrə Tədbirlər Planı" hazırlanıb. Bu sənəd isə Nazirlər Kabinetinin 11 avqust 2008-ci il tarixli qərarı ilə təsdiq olunub. Bundan sonra Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılıb.

Sizin Reklam Yeriniz