Əlaqə Arxiv
news Image
2014.12.12
09:42
| A A A
Qarabağ münaqişəsinin diplomatik yolla həlli imkanlarını tükənir?!
Üzeyir Cəfərov: “Dünyada baş verən proseslər fonunda qısamüddətli hərbi əməliyyatlar keçirmək Azərbaycan üçün böyük çətinlik yaratmaz”

Məlumat verildiyi kimi, son 7 ildə ilk dəfə olaraq ATƏT-in Xarici İşlər Nazirləri Şurası çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan Xarici Siyasət İdarəsinin rəhbəri Edvard Nalbandyanla görüşməyib. Belə fikirlər səslənir ki, bu hal artıq Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla həlli imkanlarını tükənməsinin bir göstəricisi sayıla bilər. Çünki Ermənistan indiyə qədər aparılan danışıqlar prosesində hələ də konstruktiv mövqe nümayiş etdirməyib. Bu hal münaqişənin hərbi müstəvidə həlli ehtimalını əhəmiyyətli dərəcədə artırır.

Hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov bildirir ki, Elmar Məmmədyarovun Edvard Nalbandyanla görüşməməyinin özü də bir təsir metodudur: "Azərbaycan artıq Ermənistanın diqqətinə çatdırır ki, onların mənasız, vaxt uzatmağa yönəmliş görüşlərinə vaxt sərf etmək niyyətində deyil. Azərbaycan bir az da gözləyəcək və sonra qərarını verəcək. Bu, məsələnin siyasi tərəfidir. Məsələnin hərbi tərəfi isə odur ki, bizim hərbi və xarici siyasətimiz bir mərkəzdən koordinasiya olunub. Bunun ardınca da müdafiə naziri açıq şəkildə bəyan etdi ki, Azərbaycanın öz ərazi bütövlüyünü hərbi yolla bərpa etməsindən başqa yolu qalmır. Bildiyimiz kimi, əvvəllər isə başqa diplomatik fikirlərdən istifadə olunurdu. Amma artıq son çıxışlar onu deməyə əsasa verir ki, Azərbaycan həm beynəlxalq qurumlara, həm ATƏT-in Minsk qrupuna, həm də təcavüzkarlıq siyasətini davam etdirən Ermənistana birmənalı olaraq bildirir ki, onlar bu məsələdə ciddi düşünsünlər. Onsuz da Azərbaycan Silahlı Qüvvələri müharibəyə hazırdır. Dünyada baş verən proseslər fonunda qısamüddətli hərbi əməliyyatlar keçirmək Azərbaycan üçün böyük çətinlik yaratmaz. Bu, Ermənistanın özünə də bəllidir ki, insani resurslar, hərbi potensial və digər amillər Azərbaycanın xeyrinədir. Belə olan təqdirdə Ermənistanın köməyinə çox güvəndiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, nə də digər qurumlar gəlməyəcək. Uzağı, bəyanatlar olacaq. Bunun isə Azərbaycana təsiri olmayacaq. Amma burada digər amillər də var ki, daha çox təcavüzkarın xeyrinə işləyir. Hər bir halda müdafiə naziri Zakir Həsənovun açıq hərbi ritorika ilə çıxış etməsi sıradan çıxış deyil. Ermənistan ilə bərabər, həm də ATƏT-in Minsk qrupunun həmsədrlərinə işarədir. Çünki, bu məsələ sonsuzluğa qədər davam edə bilməz. Azərbaycanın özünün qarşısına qoyduğu məqsədlər var. Onlardan da biri ərazi bütövlüyünün bərpası, qaçqın və köçkünlərin öz ərazilərinə qayıtması məsələsidir. Azərbaycan bu məsələdə birmənalı olaraq, heç bir güzəştə getməyəcək. Ona görə də Elmar Məmmədyarovun Edvard Nalbandyanla görüşməməsi düzgün və yerində olan hərəkətdir. Oxşar hadislərin bundan sonra da davamı gələcək. O mənada ki, Minsk qrupunun 3 həmsədri və xüsusi nümayəndəsi sanki vaxtuztma missiyasını üzərlərinə götürüblər. Gah görüşlər təşkil edirlər, gah regiona səfərləri olur. Çox ehtimal ki, ATƏT-in Minsk qrupu tərəfindən yenə də təkliflər olacaq. Azərbaycan isə bundan sonra kəmiyyətdən keyfiyyətə keçəcək. Keyfiyyət isə odur ki, yaxın zamanlarda qısamüddətli hərbi əməliyyatlar ola bilər".

Ekspert bildirdi ki, Qarabağ müharibəsinin tarixində bizim uğurlu hərbi əməliyyatlar adətən dekabr və yanvar aylarına təsdüf edib: "Mövqe, relyef baxımın bizim üçün problem yoxdur. 2015-ci ilin fevral-mart aylarına qədər hərbi əməliyyatları gözləmək olar".

Sizin Reklam Yeriniz