news Image
2014.12.12
19:13
| A A A
Ulu öndər Türkiyədə anıldı

Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü ilə Sarıyer Kireçburnu parkında Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə bağlı anma mərasimi keçirilib. Mərasimdə ilk öncə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin milli himnləri səslənib. Azərbaycan Respublikasının İstanbuldakı baş konsulu Həsən Zeynalov mərasimdə çıxış edərək ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə mərasim iştirakçılarına məlumat verib, Heydər Əliyevin Azərbaycan xalqına və dövlətinə göstərdiyi misilsiz xidmətlərindən bəhs edib, müasir Azərbaycan Respublikasının müstəqilliyinin qorunub saxlanılmasındakı rolundan söhbət açıb. Onun Azərbaycanda, eləcə də bir çox xarici ölkələrdə, həmçinin Azərbaycana qardaş ölkə olan Türkiyə Respublikasının İstanbul şəhərində də hər il ehtiramla anıldığını bildirib.

Anma mərasimində iştirak edən qonaqlar Heyder Əliyevin Azərbaycan xalqı üçün misilsiz xidmətindən danışıblar. Mərasim Baş Konsolluğun toplantı zalında davam edib.