Əlaqə Arxiv
news Image
2014.12.16
08:58
| A A A
Avropa Azərbaycandan daha çox asılı hala düşür
İlham Şaban: “Yeni razılaşmanın əldə olunması üçün TANAP-ın səhmdarları arasında əvvəlcə memorandum, daha sonra saziş imzalanmalıdır” Bəhram Rüstəmbəyov: “Azərbaycanın buna potensialı, resursu var”

Qərb mediasında yayılan məlumatlara görə, Azərbaycan, Türkiyə və Avropa İttifaqı arasında vacib enerji razılaşması əldə olunub. Almaniyanın "Der Spiegel" jurnalı yazır ki, tərəflərin TANAP qaz kəmərinin buraxılış gücünün 20 milyard kubmetr artırılmasını razılaşdırıblar. Məlumata görə, TANAP-ın buraxılış gücünün artırılmasını Azərbaycan tərəfindən Avropa İttifaqı (Aİ) xahiş edib. Artıq Avropa İttifaqının energetika üzrə yeni komissarı Maroş Şefçoviç "Der Spiegel"ə açıqlamasında razılaşmanı təsdiqləyərək deyib ki, TANAP-ən nəql gücünün artırılması üçün texniki zəmin var.

Xatırladaq ki, TANAP kəməri ilə ildə 16 milyard kubmetr "Şahdəniz" qazının nəqli nəzərdə tutulmuşdu. Bu həcmin 6 milyard kubmetri daxili tələbatı ödəmək üçün Türkiyədə qalacaq, qalan 10 milyard kubmetri TAP kəməri ilə Avropaya nəql olunacaq. Gələcəkdə kəmərin nəql gücü 31 milyard kubmetrə çatdırılmalıdır.

Məsələ ilə bağlı ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev hələlik onlardan bunun barədə dəqiq məlumatın olmadığı deyir. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə məlumatlara tərəddüdlə yanaşır: "Bu, sadəcə "Der Spiegel"in yazdığı məlumatdır. Bu məlumat hələ heç bir yerdə təsdiqini tapmayıb. Bundan başqa, yeni razılaşmanın əldə olunması üçün TANAP-ın səhmdarları arasında əvvəlcə memorandum, daha sonra saziş imzalanmalıdır. Ondan sonra isə maliyyə anlaşması imzalanır. Həm də hər bir borunun buraxıcılıq qabiliyyəti var. Bir günün içində onun buraxılış gücünü artmaq asan məsələ deyil. Hansısa jurnalın heç bir rəsmiyə istinadsız belə bir xəbəri yayması inandırıcı deyil. Bu ideyanın reallaşması külli miqdarda xərc tələb edir. TANAP-ın gücünü sözdə 50 milyard da etmək olar. Amma ona qaz Azərbaycandan gəlir. Yəni, bütün sistemin gücü artırılmalıdır. Nasos stansiyalarına əlavə aqreqatlar qoymaq lazımdır. Eyni zamanda həmin əlavə qazı çıxartmaq üçün vəsait lazımdır. Onu da xatırlayaq ki, Avropa Birliyi 20 ildir "Transxəzər" layihəsindən danışır. Amma hələ də "Transxəzər" yoxdur. Onsuz da Azərbaycan mərhələ-mərhələ TANAP-ın gücünü artıracağını deyib. Mərhələ-mərhələ ona görə deyir ki, gərək ölkəmizdə mərhələ-mərhələ qaz hasilatı artsın, Avropada özümüzə alıcı tapaq".

Ekspert əlavə etdi ki, əslində, Azərbaycanın qaz ehtiyatı həcmlərinə görə Rusiya ilə yanaşı olmadığı hamıya bəllidir: "Amma bütün hallarda belə burada Qərb mediasının Azərbaycanı Rusiyaya qarşı alternativ mənbə kimi qoymaq cəhdi də var. Yəni, bunları siyasi gediş olaraq da dəyərləndirmək olar. Düzdür, Azərbaycan və Türkiyə rəsmiləri bunları alternativ yox, paralel layihə hesab edirlər. TANAP 2018-ci ilin 4-cü rübünə hazır olmalıdır. Lahiyə işləri, bütün tenderlər başa çatıb. Nəql həcmini 16-dan 20 milyard kubmetrə qaldırmaq isə lahiyə işlərinin ən azından il yarım uzadılması deməkdir. Onda da TANAP 2020-ci ildən sonra fəaliyyətə başlayacaq".

Enerji məsələləri üzrə digər ekspert Bəhram Rüstəmbəyov öncə bildirdi ki, 16 milyar kubmetrlik TANAP-ın 6 milyardı Türkiyəyə verilir: "Ancaq bu razılaşma əldə olunsa, Azərbaycan Avropaya 10 yox, artıq 14 milyard kubmetr qaz verəcək. Azərbaycanın isə buna potensialı, resursu var. Çünki, son vaxtlar Azərbaycanda aşkar olunanlar əsasən qaz yataqlarıdır. Bu məsələdə ölkəmiz uduzmuş sayılmır. Heç burada Rusiyadan neqativ reaksiya gözləmək də düzgün deyil. Çünki, Avropaya qaz ixacatında Rusiya Azərbaycan ilə müqayisə oluna bilməz. 4 milyard böyük rəqəm deyil ki, Rusiya hansısa reaksiya versin. Rusiya əsasən Avropaya Orta Asiyanın qazının gəlməməsini istəyir".

Sizin Reklam Yeriniz