Əlaqə Arxiv
news Image
2014.12.16
16:59
| A A A
Bişkekdə Ümummilli Lider Heydər Əliyevin anım günü keçirildi
Hidayət Orucov: “Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində müstəsna xidmətləri ol”

Azərbaycanın Qırğızıstandakı Səfirliyi İşenalı Arabayev adına Qırğız Dövlət Universitetində Ulu Öndər Heydər Əliyevin vəfatının on birinci ildönümü ilə əlaqədar böyük mərasim keçirmişdir.

Tədbirdə Qırğız Respublikası Prezident Aparatının, Hökumətinin təmsilçiləri, Parlamentin deputatları, ictimai-siyasi xadimlər, Universitetin professor-müəllim heyəti, tələbələr, bu ölkədəki Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak etmişlər.

Tədbirin əvvəlində mərasim iştirakçıları universitetin foyesində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətlərini əks etdirən fotoşəkillərdən ibarət sərgiyə baxmışlar.

Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı sənədli film nümayiş etdirilmişdir.

Mərasim iştirakçıları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini 1 dəqiqəlik sükutla yad etmişlər.

Mərasimin açılışın edən İşenalı Arabayev adına Qırğızstan Dövlət Universitetinin rektoru Tolobek Abdıraxmanov qeyd etmişdir ki, Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi. Heydər Əliyev fenomeni, onun şəxsiyyətinin ucalığı, fövqəladə idarəçilik qabiliyyəti, yüksək intellekti nəticəsində dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri arasında onun adı həmişə birincilər sırasında çəkilib. Ən məşhur, tanınmış siyasətçilərin reytinqinin müəyyənləşdirilməsi üçün aparılan beynəlxalq sorğularda, siyasi institutların, sosioloji mərkəzlərin araşdırmalarında Heydər Əliyevin adının birincilər sırasında yer tutması onun siyasətdə, həyatda, dövlətçilik təcrübəsində qazandığı uğurların təsdiqi idi.

Azərbaycanın Qırğızıstanda Fövqəladə və Səlahiyyətli səfiri Hidayət Orucov Ümummilli Lider Heydər Əliyevin şərəfli ömür yolu, Azərbaycanın tarixindəki müstəsna rolu haqqında məlumat vermişdir. O, Ulu Öndərin həm keçmiş SSRİ dövründə, həm də müstəqillik illərində respublikamıza rəhbərlik etdiyi illərdə əldə olunan uğurlardan danışmışdır. Ümummilli Lider Heydər Əliyevin keçmiş SSRİ-nin rəhbərlərindən biri olduğunu diqqətə çatdıran səfir Ulu Öndəri dünya şöhrətli siyasi xadim, böyük nüfuza malik olan dövlət xadimi kimi xarakterizə etmişdir.

Bildirmişdir ki, ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində müstəsna xidmətləri olmuşdur.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Azərbaycanın Heydər Əliyevin təşəbbüslərindən danışan səfir demişdir ki, BMT Təhlükəsizlik Şurası Ermənistan hərbi qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması, məcburi köçkünlərin ev-eşiklərinə qaytarılması ilə əlaqədar dörd qətnamə qəbul etmişdir. Lakin işğalçı Ermənistan dövləti hələ də bu sənədləri yerinə yetirmir və bununla da dünya ictimaiyyətinə meydan oxuyur.

Səfir böyük dövlət xadimi Heydər Əliyevin qırğız xalqına da xüsusi diqqət və məhəbbət ilə yanaşdığını dilə gətirmişdir.

Diplomat bildirmişdir: "Ulu öndər Heydər Əliyev deyirdi: Manasın dili – bizim ümumi dilimizdir. Biz kökü bir, dili bir olan xalqlarıq".

Tədbirdə çıxış edən Qırğız Respublikası Xarici İşlər nazirinin müavini Erines Otorbayev qeyd etmişdir ki, Heydər Əliyevin Azərbaycan Respublikasının bərpasında və inkişafında böyük rolu olmuşdur. Heydər Əliyev bütün həyatını xalqına, vətəninə və dövlətinə xidmət eləməyə həsr etmişdir. Nazir müavini bildirmişdir ki, Heydər Əliyev təkcə Azərbaycan Respublikasının Prezidenti deyil, həm də bu ölkəni vətəndaş müharibəsindən xilas edən, ölkənin bərpasına səbəb olan biri idi. Buna görə də Heydər Əliyev Azərbaycan xalqının Ümummilli Lideridir.

Sonra Türkiyə Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Mətin Kılıç çıxış edərək Heydər Əliyev kimi dahi və ölməz liderin anım günündə çıxış etməyin özü üçün böyük şərəf olduğunu bildirmişdir. Mətin Kılıç Heydər Əliyevin dediyi "bir millət, iki dövlət" gerçəkliyinin hər zaman qorunub, saxlanacağını qeyd etmişdir. Səfir qeyd etmişdir ki, Heydər Əliyev ən çox işğal olunmuş torpaqların geri qaytarılmasını istəyirdi və bu məsələ hər zaman onun diqqət mərkəzində idi. Biz də Heydər Əliyevin bu son istəyini yaxın vaxtlarda həyata keçirib, ona layiq olduğumuzu təsdiqləyəcəyik.

Qırğız Xalqları Assambleyasının sədri, akademik Bektemir Murzuibraimov, Tarix və Sosial hüquqi təhsil İnstitutunun direktoru Nazira Kurmanova, Qırğız-Türk Manas Universitetinin rektoru, professor Sebahaddin Balcı, Qırğız Respublikası əməkdar inşaat xadimi, İkinci Dünya müharibəsi veteranı Əsəd Həsənov və başqaları dahi rəhbər Heydər Əliyevin fenomen bir şəxsiyyət olmasından, onun təkcə Azərbaycan xalqı deyil, bütövlükdə türk dünyası qarşısındakı xidmətlərindən söhbət açmışlar.
Sizin Reklam Yeriniz