news Image
2012.07.26
12:20
| A A A
İstiraəhət evlərinin “alışıb-yanan” kirayə qiymətləri
Zöhrab İsmayıl: “Hər bir halda onlar nəzarətli vergiyə cəlb olunmalıdır” Ramil Osmanov: “Novxanının dənizə yaxın ərazisində təxminən 200-250 kvadrat metrlik villanın kirayə qiymətinin 1500 manat olması heç də təəcüblü deyil”

Respublikamızın ərazisində, xüsusən də Abşeron ətrafında istirahət üçün tikilmiş evlərin, kotteclərin malikanələrin sayı bu gün kifayət qədərdir. Amma burada təklif olunan qiymətlər hələ də olduqca yüksək sayılır.  Digər tərəfdən iş burasındadır ki, kirayə kimi istifadə edilən bu evlərdə demək olar, qiymətləri tənzim edən mexanizm yoxdur. İstirahətini kirayə bağ evlərində, malikanələrdə və  yaxud da kotteclərdə keçirmək istəyənlər onların kommunal keyfiyyətlərindən asılı olaraq ən azı 500 manatlarından keçməlidirlər. İstirahət üçün nəzərdə tutulan yerlərdə kirayə qiymətlərin belə olmasını iqtisadçı-ekspert Zöhrba İsmayıl  Bakı şəhərində həyatın bahalaşması ilə əlaqələndirir: "Bir tərəfdən Azərbaycanın pul gəlirləri artır, o biri tərəfdən də nisbətən inflyasiya prosesi gedir. Bu da Azəbaycanın neft gəlirləri ilə bağlı olan məsələdir ki, ölkəyə daha çox pul kütləsi daxil olur. Belə olan təqdirdə isə müxtəlif spesifik xidmətlər var ki, onların qiyməti daha çox qalxır. Amma o villa və kotteclərdən də yalnız çox pulu olan insanlar istifadə edə bilirlər. Ona görə də bunu qarşısın heç cür almaq mümkün olmayacaq. Bunun qarşısın yalnız neft gəlirlərini istifadə etməməklə almaq mümkün ola bilər. Təbii ki, bu da mümükün olan hal deyil. Başqa variant isə o ola bilər ki,  bu xidmətlərdən pul qazanan insanları vergiyə cəlb etmək olar. Ancaq bu da bəzi hallarda əksinə qiymətlərin daha da qalxmasına səbəb ola bilər. Amma hər bir halda onlar nəzarətli vergiyə cəlb olunmalıdır. Çünki, onlar heç bir lisenziya olmadan, heç bir vergi ödəmədən bu xidmətləri göstərirlər".

Əmlak Bazarı İştirakçıları Birliyi sədri Ramil Osmanov isə həmin istirahət malikanələrinin qiymətlərinin fantastik dərəcədə olmadığını bildirir: "Ola bilsin o malikanələrin arasında xarici vətəndaşlara, xarici səfirliklərin nümayəndələrinə verilmiş bəzi villalar var ki, onlar həqiqətən də bazar qiymətindən yüksək qiymətə təklif olunub və verilib. Amma ümumilikdə Bakı ətrafında, Abşeronda, malikanələrin çox olduğu ərazilərdə villaların standart qiymətləri daşınmaz əmlak bazarındakı kirayə qiymətlərinə adekvatdır. Şəhərin mərkəzində 3-4 otaqlı 90 kvadrat metrlik mənzilin kirayə qiyməti 500-800 manat arasında dəyişir. Bu rəqəm 120-150 kvadrat metrlik yeni tikililərdə isə 800-1500 manat arasında dəyişir. Belə olan təqdirdə Novxanının dənizə yaxın ərazisində təxminən 200-250 kvadrat metrlik villanın kirayə qiymətinin 1500 manat olması heç də təəcüblü deyil. Bu, ümumi bazarın tələblərinə adekvat bir məsələdir. Amma ola bilər ki, Teymur Əliyev küçəsində, Qara Qarayev metrosunun ətrafında hansısa səfirliyə verilmiş villanın qiyməti 10-20 min ABŞ dolları arasında dəyişə bilər. Bu isə kütləvi xarakter daşımadığına görə bazar üçün ümumi xarakterik məsələ hesab olunmur".

Ramil Osmanov villalardan fərqli olaraq Bakı şəhəri, Abşeron, o cümlədən Azərbaycanın digər istirahət regionlarında istirahət yerlərinin qiymətlərinin qonşu ölkələrlə müqayisədə çox yüksək olduğunu təsdiqləyir: "Aparılan müşahidələr də göstəriri ki, son illər azərbaycanlıların kütləvi axını Gürcüstan, Türkiyə və Rusiyanın nisbətən yaxın olan ərazilərinə olur. İldə bir dəfə 10-15 gün dincəlmək imkanı olan Azərbaycan vətəndaşı Nabran, Lənkəran, Lerik, Astara, Qəbələ, İsmayıllı, Şamaxı əraziləri ilə müqayisədə digər ölkələrə üstünlük verir. Bu da təbidir. Çünki, əgər təxminən 3-4 nəfərlik bir ailənin Türkiyədə gedib-qayıtmaqla bərabər 10 günlük dincəlmək xərci 1600-2000 ABŞ dolları civarında dəyişirsə, Nabranda bu rəqəm 1.5 dəfə çox olur. Nabranda istirahət üçün 4 nəfərlik kotteclərin qiyməti vəziyyətindən asılı olaraq yemək daxil olamamqla  80–150 manat arasında dəyişir. Bu rəqəmi isə 10 günə vurduqda təxminən 1000 manat vəsait deməkdir. 10 gün ərzində isə digər məsələlərə də pul xərclənir. Bunlar göstərir ki, Azərbaycanda turizm üçün imkanlar geniş olsa da Azərbaycanda turizmin mövcud vəziyyəti, şərtlər, qaydalar indiki zamanda dünya və qonşu ölkələrin təcrübəsi ilə müqayisədə sərtdir. Bunun da nəticəsində Azərbaycanda turizmin inkişafında bəzi problemlər yaşanır. Əsasən də xidmətlə qiymətlər arasında uyğunluq aşağıdır".

Ekspertin sözlərinə görə, indiki reallıqda qiymətlərin bahalaşmasının qarşısının alınması mümkün deyil: "Çünki, turizm obyektlərinin sahibləri normalda öz addımlarını düzgün hesab edirlər. Onlar elə hesab edirlər ki, həm qiymət siyasətləri, həm də digər məsələlərdə haqlıdırlar. Amma təəssüflər olsun ki, bu heç də belə deyil. Dövlət qurumlarının bu məsələlərə müdaxiləsinə gəldikdə isə sırf qiymət ilə bağlı məsələlərə inzibati, hüquqi müdaxilə mümkün olmayacaq. Keyfiyyət ilə bağlı məsələlərdə isə nəzarət o qədər də ürək açan deyil".

Mübariz Bayramov

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs