news Image
2012.04.11
13:15
| A A A
Geni dəyişdirilmiş məhsulların yaratdığı təhlükə böyüyür
Vahid Məhərrəmov: “Bitkiçilik, meyvəçilik, heyvandarlıq və quşçuluqda geni dəyişdirilmiş bitkilər vasitəsilə yüksək və keyfiyyətli məhsul əldə olunur” Eyyub Hüseynov: “Geni dəyişdirilmiş məhsulların nəslin artmasına maneçilik törətdiyi sübut olunub”

Aparılan araşdırmalara görə, Azərbaycanda geni dəyişdirilmiş meyvə və digər kənd təsərrüfatı məhsullarının satışı əvvəlki vüsətlə davam etməkdədir. Özü də belə məhsullar indi təkcə xaricdən gətirilmir. Belə ki, geni dəyişdirilmiş məhsulların toxumları artıq Azərbaycanda da yetişdirilməyə başlanılıb. Bir çox ekspertlər geni dəyişdirilmiş məhsulların insan sağlamlığına ziyan vurduğunu bəyan edir. Onların zənnincə, geni dəyişdirilmiş meyvələr insan orqanizmi üçün də ciddi problemlər yaradır. Maraqlıdır, görəsən, genləşdirilmiş məhsulların kənd təsərrüfatı və insan sağlamlığına nə kimi təsiri vardır?

Vahid Məhərrəmov indiyə kimi deyilənlərin əksinə olaraq qeyd etdi ki, gen modifikasiyası vasitəsilə kənd təsərrüfatında yüksək və keyfiyyətli məhsullar əldə olunur: "Geni dəyişdirilən kənd təsərrüfatı məhsulları barədə dəfələrlə mətbuatda məlumatlar vermişəm. Ümumiyyətlə, gen modifikasiyası ilə uzun müddətdir ki, məşğul olunur. Prosesə keçən əsrin 70-ci illərindən start verilib. Keçən müddət ərzində gen modifikasiyası ətrafında kifayət qədər nailiyyətlər əldə olunub. Həm bitkiçilikdə, həm də heyvandarlıqla quşçuluq sahəsində geni dəyişdirilmiş bitkilərdən yüksək və keyfiyyətli məhsul əldə olunur. Geni dəyişdirilmiş iri buynuzlu maldarlıqdan südlük və ətlik istiqamətində istifadə olunur. Onların ət və südündən istehlakçılar uzun müddətdir ki, istifadə edir. Balıqçılıqda da geni dəyişdirilmiş məhsullar yetişdirilir. Məsələn, tibbi sahədə kifayət qədər inkişaf etmiş İsraildə farel balığının gen modifikasiyası yolu ilə çəkisini əvvəlki 300 qramdan indi 1 kiloqrama qədər qaldırıblar. Bu nailiyyət gen modifikasiyası yolu ilə əldə olunan balığın İsraildə geniş istehlakının nəticəsidir. Bu da onlara həmin sahəni kifayət qədər inkişaf etdirməyə imkan verib. Bitkiçilik və meyvə istehsalında, yemlik bitkilərin gen modifikasiyası yolu ilə inkişafı sahəsində də geniş nailiyyətlər əldə olunub". Həmsöhbətimiz vurğuladı ki, geni dəyişdirilmiş meyvələr və digər məhsullar barəsində mənfi rəy formalaşdıranlar əslində öz maraqları naminə bunu edirlər: "Təəssüf ki, keçən əsrin 70-ci illərində məhsulun genləşdirilməsi məsələsi öz təsdiqini tapanda bəzi qüvvələrin marağına cavab vermədiyindən onlar həmin addımın, guya, zərərli olduğu barədə fikirlər səsləndirməyə başladı. Kənd təsərrüfatı məhsulu istehsalı ilə məşğul olan fermerlərə kimyəvi maddələri təklif edən müəssisələr, mineral gübrələrdən istifadə edən şirkətlər zərərvericilərə qarşı dərman preparatları hazırlayıb onu satmağı daha üstün tutduqlarından genetik modifikasiya edilmiş bitkilərin ziyanlı olduğu iddiasına düşdülər". Əslində isə V. Məhərrəmova görə genetik modifikasiya olunmuş bitkilərdə gen dəyişdirmə vasitəsilə xəstəliyə və zərərvericiliyə qarşı immunitet yaranır: "Məsələn, Kolorada böcəyinin məhvinə səbəb olan bakteriyanın genindən istifadə etməklə kartofda həmin böcəyə qarşı immunitet yarada biliblər. Keçən il Belarusiya və Rusiyada gen modifikasiya edilmiş kartof bitkisindən istifadə etməklə bu sahədə yaxşı nəticələr qazanıblar. Bu il Rusiya kartofunun Azərbaycanda daha geniş yayılması da məhz ona görədir ki, bu ölkə genetik modifikasiya edilmiş həmin bitkidən keyfiyyətli məhsul əldə edə bilib. Hazırda bütün dünya özünün ərzaqla təminatını təşkil etmək üçün geni dəyişdirilmiş məhsul, o cümlədən bu tip meyvə istehsalına xüsusi diqqət yetirir. Amma təəssüf ki, Azərbaycanda gen modifikasiyasının, guya, hansısa xəstəliklərə səbəb olduğu, rak yaratdığı barədə televiziya vasitəsilə əsassız ittihamlar irəli sürürlər. Bunların heç bir əsası yoxdur. Hələ heç bir insan orqanizminə genetik modifikasiya edilmiş bitki, meyvə və heyvanlardan alınan məhsulun zərəri sübut olunmamışdır. Belə bir zərər mövcud deyil. 40 ildir məhsulların geninin dəyişdirilməsi istiqamətində böyük təcrübələr əldə olunub. Amma bundan zərər çəkmə halları müşahidə olunmayıb. Son vaxtlar Azərbaycanda da ehtiyatla, ictimai qınaqdan çəkinərək bəzi qüvvələr genetik modifikasiya edilmiş bitkilərdən istifadə etməyə başlayıblar və ondan əldə olunan məhsullar artıq bizim bazarlarda da var. Amma məsələ ondadır ki, genləşdirilməsi üçün sifariş verilən meyvələr ölkəmizdə daha geniş yayılan xəstəliklərə uyğun olaraq modifikasiya edilməlidir. Son vaxtlar idxal olunan bananın əksəriyyəti genetik yolla əldə olunan məhsuldur. Uşaqlarda iflic xəstəliyinə qarşı immunitet yaratmaq üçün peyvənd işləri aparılarkən məlum olub ki, yeniyetmələrin bəziləri məhz bu anda həyatını dəyişir. Bunun qarşısını almaq üçün alimlər həmin peyvəndin ineksiya vasitəsilə vurulmasından vaz keçiblər. Əvəzində genetik modifikasiya yolu ilə alınan banan vasitəsilə iflic xəstəliyinə qarşı immunitet yarada biliblər. Yəni peyvənd işini təbii yolla həyata keçiriblər. Biz isə elmdə geridə qaldığımızdan həmin genləşdirmə prosesinə normal dəyər verə bilmirik. Bu sahədə məlumatsız insanlar ortaya çıxaraq gen modifikasiyasının, guya, ciddi xəstəlik yaratdığını deyir, zərərvericilərin, alaq otlarının miqdarını artıracağı barədə yanlış informasiyalar verirlər".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə əksinə, əmindir ki, gen modifikasiyalı meyvələr insan sağlamlığı üçün təhlükəlidir: "Təəssüf ki, Azərbaycanda da genetik modifikasiya olunmuş əkinçilik toxumçuluq və meyvəçilik vardır. Ölkədə genetik modifikasiya olunmuş məhsulları yoxlayan laboratoriyalar yoxdur. Bu sahədəki qanunlarda boşluqlar var. Azərbaycan biomüxtəlifliyin qorunmasına dair sənədə imza atsa da, təəssüf ki, bizdə də geni dəyişdirilmiş meyvələr istehsal edilir. Ölkədə istehsal edilən pomidorun 80, kartofun 50, soyanın 98 faizi genetik modifikasiya əkinçiliyinin məhsuludur. Gen məhsulları hazırlamağın arxasında Amerikanın "Mansata" şirkəti durur və Ümumdünya Ticarət Təşkilatı onun lobbiçiliyini aparır. Ölkə qanununda genetik modifikasiya olunmuş məhsullarının markalanmalı olduğu göstərilsə də, 5 il keçməsinə baxmayaraq buna əməl olunmur. Geni dəyişdirilmiş məhsulların ətraf mühitin biomüxtəlifliyinə zərərli təsiri birmənalı şəkildə sübut olunub. Hindistan və Pakistandakı geni dəyişdirilmiş pambıq plantasiyaları geniş allergiya xəstəlikləri yaradır. Həm də gemonun nəslin artmasına maneçilik törətdiyi sübut olunub. Lakin bu sahədə geniş tədqiqatlar hələ ki, aparılmayıb. Ona görə elm buna qəti şəkildə cavab verə bilməyib, yaxud da onun cavab verməsinə imkan verilmir".

Rüfət NADİROĞLU


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs