news Image
2012.07.27
14:19
| A A A
Rusiyanın Qəbələ RLS-i tərk etməsi qətiləşir
Moskva yeni icarə qiymətləri ilə razılaşmaq istəmir

Bakı və Moskva arasında Qəbələ RLS-lə bğlı yeni icarə müqaviləsinin razılaşdırılması uzandığından bu mövzu ətrafında spekulyasiyalar səngimir. Azərbaycanın Qəbələ RLS-in Rusiyaya icarəyə verilmə qiymətini 7 milyon dollardan 300 milyon dollara qaldırması haqda "EurasiaNet" saytı yazır ki, bu stansiya Azərbaycanın şimalında ucqar rayonlardan birində yerləşən 27 illik radiolokasiya stansiyası təsiri bağışlaya bilər: "Əslində isə Qəbələ RLS-in köməyi ilə Bakı, hətta keçmiş hamisi Rusiyaya zidd olsa belə, regional ölkə kimi öz mövqelərini təsdiqləmək istəyir. Rusiya tərəfindən Qəbələ RLS-in icarə müddətinin başa çatacağı dekabrın 24-ə beş aydan az vaxt qalıb, ancaq Azərbaycan Rusiya hərbiçilərini daha 10 il stansiyada saxlamaq niyyətini nümayiş etdirmir. İcarə müddətinin uzadılması barədə danışıqlara ötən ilin iyun ayından başlanıb və məsələnin dəyəri get-gedə artdı: öncə Bakı 7 milyon məbləği 15 milyona dəyişdi; daha sonra 2012-ci ilin əvvəlində onu 150 milyon dollara qaldırdı, yaxınlarda isə məbləğ ildə 300 milyon dollara qədər artırılıb". Saytın yazdıqlarından belə məlum olur ki, ilin sonunda Rusiya hərbçiləri Qəbələ RLS-i tərk edə bilər. Moskvanın indi əsas istəyi stansiyanın ərazisini kiçiltməklə daha az icarə haqqı verməkdir.

Rusiyanın müdafiə naziri Anatoli Serdyukov da növbəti dəfə bəyan edib ki, Rusiya Qəbələ RLS-in icarə haqqını azaltmaq üçün Qəbələdə icarə edilən ərazi həcmlərini azaltmağa hazırdır. Moskvada belə hesab olunur ki, Qələbədəki radiolokasiya stansiyasının (RLS) icarə müddətinin artırılması haqqında Rusiya-Azərbaycan danışıqlarında kompromis üçün imkanlar hələ tükənməyib. Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin (HTƏFX) direktor müavini Konstantin Biryulin bildirib: "Kompromis üçün yollar axtarmaq lazımdır və buna həmişə nail olmaq olar. Problem tərəflərin bu kompromisə hazır olub-olmadıqlarında və hər bir tərəfin razılaşacağı bu kompromisin dərəcəsindədir. Buna baxmayaraq, hazırda bu məsələ üzrə danışıqların sonrakı gedişatını proqnozlaşdırmaq kifayət qədər çətindir".

Rusiya Hərbi Hava Qüvvələrinin (HHQ) baş komandanı, general-mayor Viktor Bondaryov isə bildirib ki, rəsmi Bakı və Moskva Qəbələ radiolokasiya stansiyasının kirayəsi ilə bağlı məsələdə razılığa gələ bilməsələr, Rusiya Silahlı Qüvvələrinin itkisi çox olmayacaq: "Belə olan halda HHQ üçün bu stansiya praktiki əhəmiyyət daşımayacaq. Bu, baş versə, biz bir müddət daha az məlumat əldə edəcəyik. Lakin, bu, çox qısa müddətli olacaq. Hazırda öz stansiyalarımızın tikintisi ilə məşğul oluruq".

Azərbaycan tərəfi isə məsələyə nikbin yanaşır. Lakin bildirilir ki, Qəbələ RLS əvəzində Rusiya Qarabağ münaqişəsinin həllinə diqqətini artırmalıdır. Milli Məclisin müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini Aydın Mirzəzadə qeyd edir ki, Rusiyanın Azərbaycandan Qəbələ RLS-i icarəyə götürməsi məsələsində söhbət yalnız bu problemin texniki və maliyyə məsələlərindən getməməlidir: "Rəsmi Bakı xarici dövlətə, bu kontekstdə Rusiyaya öz hərbi obyektini icarəyə verdiyi zaman arzu edir ki, Moskva da Azərbaycanın taleyüklü problemlərinə diqqət nümayiş etdirsin.

Bugünkü gündə Azərbaycan Qəbələ RLS-in icarəsini digər problemlərin həlli ilə bağlamır. Lakin qeyd etmək lazımdır ki, Rusiyanın yaxın müttəfiqi olan Ermənistan tərəfindən Azərbaycan ərazilərinin bir hissəsinin işğal edilməsi, eləcə də Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəməməsi Rusiya tərəfinin diqqətindən kənarda qalmamalıdır. Lakin bunun əvəzində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja müntəzəm olaraq Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ikibaşlı bəyanatlarla çıxış edir. Doğrudur, N.Bordyuja beynəlxalq təşkilatın rəhbəridir, lakin o, eyni zamanda da Rusiyanı təmsil edir və yüksək rütbəli Rusiya generalıdır və buna görə də, Moskva onun Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səsləndirdiyi bəyanatlara diqqətlə yanaşmalıdır".

Onun sözlərinə görə, Azərbaycan tərəfindən Qəbələ RLS-in icarəsinə görə tələb olunan 300 milyon ABŞ dolları məbləğində icarə haqqı yalnız Rusiya KİV-lərində göstərilir: "Rəsmi olaraq, Azərbaycan tərəfindən isə bu məbləğ 30 milyon ABŞ dolları göstərilib. Bu məbləğ indiyə qədər Rusiyanın Qəbələ RLS-in icarəsinə görə ödədiyi 7 milyon dollarla müqayisədə yüksək deyil. Rusiya Qəbələdə radarın icarə haqqının müvafiq olaraq azalması üçün icarəyə götürdüyü ərazinin sahəsini azaltmağa hazır olduğunu bəyan edir. O zaman sözügedən stansiyanın icarə haqqı ildə 30 milyon dollar yox, 15 milyon dollar təşkil edəcək. Qəbələ RLS-in icarəsi ilə bağlı məsələ ətrafında vəziyyət elədir ki, Rusiya təkcə torpaq sahəsi və bu stansiyada quraşdırılan avadanlıqdan yox, həm də Azərbaycanın bütün infrastrukturundan istifadə edir.

Başqa sözlə desək, Qəbələ RLS-in işçi heyəti orada salınan yeni yollardan, rabitə xətlərindən, elektrik ötürücülərindən, yeni məktəb və xəstəxana binalarından, istirahət müəssisələrindən və s. istifadə edir. Azərbaycan bütün bu obyektlərin tikintisi üçün dövlət büdcəsindən külli miqdarda pul xərcləyib. Buna görə də, Azərbaycanın Qəbələ RLS-ə görə icarə haqqını həddən artıq qaldırdığını demək düzgün deyil".

Səməd CƏFƏROV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs