news Image
2012.07.31
07:44
| A A A
Cənubdan radiasiya təhdidi...
Payızda vurulacaq İranın nüvə obyektlərindən radiasiya sızıntısı qonşu ölkələrə ziyan yetirəcək

Cənubda mümkün müharibə və bundan Azərbaycana gələ biləcək təhlükə yenidən aktuallaşmaqdadır. Buna əsas səbəb isə İrana qarşı yeni müharibə planlarının üzə çıxmasıdır. Yayılan məlumatlardan belə aydın olur ki, Suriya böhranı bitən kimi əsas diqqət İranın və buradakı rejimin dəyişdirilməsi üzərində cəmləşəcək. Qeyd edilən proseslərin isə cari ilin payızına təsadüf edəcəyi gözlənir.

Bu arada isə İsrailin "Haartez" qəzet belə məlumat yayıb ki, ABŞ rəsmi olaraq diplomatik təzyiqlərin nəticə verməyəcəyi təqdirdə İranın nüvə obyektlərini bombalamaq planını İsrail tərəfinə təhvil verib. Qəzetin verdiyi məlumata görə, Pentaqon həmin sənədi dövlət katibi Hillari Klintonun İsrailə səfərindən iki həftə əvvəl Yerusəlimə gizli səfər edən ABŞ prezidentinin milli məsələlər üzrə müşaviri Tomas Donilon vasitəsilə təhvil verib.

Donilon Netanyahuya Pentaqonun İrana hücum planı haqqında bütün məlumatı verib. Onu da bildirib ki, hücum planı olsa da hələlik onu reallaşdırmaq müəyyən səbəblərdən ertələnməlidir. Yaxın günlərdə Pentaqonun rəhbəri Leon Panetta Yerusəlimə gedəcək. İsrailin "10-cu kanal" televiziyasının ABŞ xüsusi xidmət orqanlarındakı mənbəyə istinadən verdiyi xəbərə əsasən isə İsrail hökuməti İranın nüvə obyektlərinə zərbə endirilməsi haqqında yekun qərar qəbul edib. Əməliyyat bu ilin sentyabr-oktyabr aylarında həyata keçirilməlidir. Sözügedən əməliyyatın yerinə yetirilməsi üçün bütün hazırlıqlar tamamlanıb və hərbçilər ali rəhbərliyin əmrini gözləyirlər. Məlumatda o da qeyd olunur ki, may ayından etibarən bu məsələ ilə bağlı ölkənin müdafiə və təhlükəsizliklə əlaqədar olan nazirliklərinin rəhbərliyində olan 8 nazirin daxil olduğu məşvərət məclisi yaradılıb. Məhz bu müvəqqəti orqan hökumətin digər üzvlərinin qərarını gözləmədən əməliyyata başlamaq vaxtını özü müəyyənləşdirəcək.

Qeyd edək ki, daha əvvəl Ehud Barak da beynəlxalq ictimaiyyətin İranın mövqeyinə təsir edə bilməməsini vurğulayaraq, İranın nüvə silahına malik olmasının onun nüvə obyektlərinin ehtimal edilən bombardmanından daha təhlükəli olduğunu bəyan etmişdi.

Gözlənir ki, mümkün hücumlar zamanı daha çox İranın nüvə obyektlərinə zərbələr endiriləcək. Bu isə təkcə İran yox, qonşu ölkələr üçün də təhlükəli hal sayılır.

İranın nüvə obyektlərinə bomba zərbələri endiriləcəyi təqdirdə radioaktiv elementlərin yayılma miqyasının nə qədər ola bilməsi ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası qeyd edir: "İranın bu məsələ ilə bağlı rəsmi mövqeyi ondan ibarətdir ki, bu ölkə heç bir nüvə silahı hazırlamır və buna görə də onun bu silahın hazırlanması üçün sözügedən obyektləri də yoxdur. Bununla belə, İranda belə obyektlərin mövcud olması da MAQATE-nin (Beynəlxalq Atom Enerjisi Agentliyi) hesabatlarında təsdiqlənmir.

Bununla yanaşı, əgər İranda belə obyektlər varsa və əgər onlara bomba zərbələri endirilərsə, bundan müəyyən səviyyədə ilk növbədə, onunla qonşu olan ölkələr ziyan çəkəcəklər. Bu zaman İranla qonşu olan ölkələrin zərərçəkmə səviyyəsi onların zərbə endirilən nüvə obyektlərindən hansı məsafədə yerləşməsindən, həmin vaxt küləyin istiqamətindən asılıdır. Lakin İrana bomba zərbələri endirmək niyyətində olan ölkələr inkişaf etmiş dövlətlərdir və buna görə də, onlar yəqin ki, belə bir addımın doğurduğu təhlükənin miqyasını nəzərə alacaqlar".

Azərbaycanda ölkənin cənub sərhədləri tərəfdən gələ biləcək radiasiya təhlükəsinin nəticələrinin aradan qaldırılması üçün mütəxəssislər və vasitələr olmasına gəlincə, o, "gün" portalına bildirib: "Azərbaycanda fəaliyyəti radiasiya təhlükəsi ilə mübarizə üçün nəzərdə tutulan müvafiq qurum yaradılıb. Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin nəzdində Atom və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi yaradılıb. Eyni zamanda, müvafiq mütəxəssislər Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunda da var. Ümumilikdə isə Azərbaycanda radiasiya səviyyəsi üzərində nəzarət həyata keçirilir. Belə bir nəzarət bütün ölkə ərazisində quraşdırılan cihazlar vasitəsilə həyata keçirilir. Beləliklə, ölkənin müvafiq strukturları Azərbaycanın bu və ya digər nöqtələrində radiasiya vəziyyəti ilə bağlı kiçik dəyişikliklərdən belə xəbərdardırlar".

Onu da qeyd edək ki, İranın ali dini rəhbəri Ayətullah Xameneyinin köməkçisi Rza Təkavi bəyan edib ki, əgər dünyanın aparıcı dövlətləri nüvə proqramı ilə əlaqədar ölkəyə təzyiq etməyə davam edərlərsə, İran İslam Respublikası uranın zənginləşdirilməsini 56%-ə qədər artıra bilər. Xameneyi özü isə bildirib ki, heç bir təzyiq İran xalqının iradəsini qıra bilməz: "Yaranmış şəraitdə xalqın öz ideallarına və məqsədlərinə çatması üçün hər kəs öhdəliklərini bilməlidir. Ölkənin sonsuz sərvəti olan elmin rolu milli kimliyin müasirləşdirilməsi, siyasi qüvvə və müstəqil ölkə üçün olduqca vacibdir. Heç bir problem inkişaf yolunda İran xalqına mane ola bilməz".

İran xarici işlər naziri Əli Əkbər Salehi isə ölkəsinin nüvə proqramı ilə bağlı aparılan danışıqlarla bağlı bildirib ki, tərəflərdən heç biri danışıqların pozulmasında maraqlı deyil. Onun sözlərinə görə, hazırda tərəflərin əsas nümayəndələri - Avropa İttifaqı (Aİ) ali komissarı Ketrin Eşton və İran Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Seyid Cəlili arasında danışıqların növbəti mərhələsinin yerinin və vaxtının təyin olunması üzrə müzakirələr gedir: "Hazırda danışıqlar prosesinin gələcək davamı barədə tam təfərrüatı ilə məlumat verə bilmərik. Ancaq hər şey normal gedərsə, proses davam edəcək. Danışıqların pozulması heç kimin maraqlarına uyğun deyil. Biz nüvə proqramımızın həyata keçirilməsi ilə bağlı dünya ictimaiyyətinin bütün şübhələrini aradan qaldırmalıyıq".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs