news Image
2012.08.01
07:26
| A A A
Azərbaycanda 250 min nəfərdən çox vətəndaş işsizdir
İyul-avqust aylarında müəllimləri istirahət mərkəzlərinə göndərişlə təmin etməyə çalışırıq

Azərbaycanda işsiz vətəndaşların sayı 250 min nəfərdən çoxdur. Bunu "Həmkarlar İttifaqları və gənclərin məşğulluğu: qlobal çağırışlar və yeni yanaşma" mövzusunda subregional konfransda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbaliyev bildirib.

Onun sözlərinə görə, Ermənistanın Azərbaycana təcavüzü işsiz gənclərin sayının artmasına səbəb olub: "İşğal nəticəsində Azərbaycan vətəndaşlarının 300 mini iş yerindən məhrum edilib". S.Mehbaliyev bildirib ki, Azərbaycanda gənclərin sayı sürətlə artır, əhalinin 35 faizi 16-35 yaş arasında olan gənclərdir. Ölkədə iqtisadi fəal əhalinin 27 faizini, məşğul əhalinin isə 25,5 faizini gənclər təşkil edir. S.Mehbaliyev MDB ölkələrindəki işsizlik vəziyyəti barədə də danışıb. Onun sözlərinə görə, bir çox ölkələrdə gənclər arasında işsizlik yaşlılara nisbətən 2-3 dəfə çoxdur, bəzi MDB ölkələrində isə işsizlərin ümumi sayının 40 faizini gənclər təşkil edir.

Onun sözlərinə görə, bu il ötən illə müqayisədə Azərbaycanda 15 min nəfər çox vətəndaş istirahət mərkəzlərinə göndəriş alacaq. O qeyd edib ki, bu, AHİK-ə üzv olan özəl qurumlardan daxil olan vəsait hesabına həyata keçirilir: "Yay vaxtı ən çox ərizə və şikayətlərlə müəllimlər müraciət edirlər. Onları da başa düşmək olar, çünki müəllimlərin istirahət etmək imkanları yay aylarına təsadüf edir. Çalışırıq iyul-avqust aylarında müəllimləri göndərişlərlə təmin edək".

Onun sözlərinə görə, son 3 ildə əvvəlki illərə nisbətən müəllimlərə 3-4 dəfə artıq göndəriş təqdim olunub: "Konfederasiyanın 1,5 milyondan çox üzvü var və hamını da eyni vaxtda istirahətə göndərmək mümkün olmur. Bu səbəbdən, biz növbəlilik prinsipini əsas götürürük".

S.Mehbalıyev deyib ki, bu il 60 minə yaxın nəzərdə tutulan göndərişdən təxminən 50 minə yaxını vətəndaşlara təqdim olunub.