Əlaqə Arxiv
news Image
2012.08.03
08:54
| A A A
Suriyalı qaçqınların Azərbaycana axını başlanır
Hətta artıq paytaxtda onların peyda olmasına dair məlumatlar da səsləndirilir

Suriyada cərəyan edən hadisələr dünyanın diqqət mərkəzində əsas olay olaraq qalmaqda davam edir. Azərbaycan üçün isə bu məsələni daha çox diqqət mərkəzinə gətirən başlıca məqamlardan biri artıq suriyalı qaçqınların ölkəmizə də üz tutmasıdır. Bu barədə danışmazdan öncə qeyd edək ki, Suriyada gedən döyüşlər qaçqınların sayının artması ilə müşayiət olunur. Belə ki, Suriyada gedən döyüşlər nəticəsində qonşu dövlətlərdə sığınacaq axtaran dinc əhalinin sayı artır. BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığın nümayəndəsi Cenevrədə keçirilən brifinqdə deyib ki, 70 min suriyalı Türkiyəyə qaçıb. Türkiyə hökuməti ölkənin 4 əyalətində qaçqınlar üçün 7 düşərgə təşkil edib. İordaniya hökuməti ölkədə 150 min suriyalının sığınacaq tapdığını bildirib edib. 34 min məcburi köçkün Suriyadan Livan ərazisinə keçib.

Bu arada belə məlumatlar yayılıb ki, Türkiyə suriyadan olan qaçqınların bir hissəsinin Azərbaycanda məskunlaşmasını istəyir. BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığının Bakı Ofisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elsevər Ağayev də mediada gedən məlumatlar əsasında bu qənəatə gəldiyini bildirib. Türkiyə mediasının yazdığına görə, Suriyanın Aleppo şəhərindən çıxan qaçqınlar Azərbaycanda məskunlaşmaq istədiklərini bildiriblər. Təxminən 300 ailənin belə bir istəkdə olduğu vurğulanır. Hətta belə məlumatlar da səsləndirilir ki, bu xüsusda rəsmi Ankara Azərbaycanın Türkiyədəki səfirliyi ilə danışıqlar da aparır.

Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev isə "Vesti" portalına açıqlamasında bildirir ki, əslində, Suriya qaçqınları artıq Azərbaycanda peyda olublar: "Suriyada gedən silahlı konfliktlə əlaqədar olaraq Bakıya gələn suriyalı-azərbaycanlı ailəsi artıq mənimlə əlaqə saxlayıb və bildirib ki, Suriya vətəndaşlarının Azərbaycana da yaxın gələcəkdə axın edəcəyinə dair məlumata malikdir. Məncə, artıq gələnlər var, lakin onlar hələ ki, gizlənirlər".

Onu da qeyd edək ki, etnik suriyalı olan Azərbaycan vətəndaşları Suriyadan ölkəmizə qaçqınların gəlməsi və bunun hansı nəticələrə yol açacaqları ilə maraqlanırlar. Azərbaycan tərəfi isə bu halda hansı addımların atılacağını hələ müəyyən etməyib. Lakin bircə o məlumdur ki, suriyada silahlı qarşıdurma hələ bir müddət davam edəcək ki, bu da oradan daha çox qaçqının axın etməsinə səbəb olacaq. Həmin qaçqınların bir hissəsinin isə Azərbaycana üz tutması istisna deyil.

Qeyd edək ki, Cənubi Qafqaz ölkələri arasında Suriya vətəndaşları daha çox Ermənistana üz tuturlar. Buna əsas səbəb isə Suriyada çoxsaylı ermənilərin olmasıdır. Artıq Ermənistanın "Armavia" şirkəti avqustun 1-dən İrəvan-Hələb-İrəvan marşrutu üzrə Suriyaya müntəzəm uçuşlara başladığını elan edib. Avqustun 8, 15, 22 və 29-da əlavə aviareyslər təşkil olunacaq.

Hazırda "Armavia" Suriyaya həftədə bir dəfə uçuş həyata keçirir. Şirkətin qanlı döyüşlərin getdiyi bir ölkəyə aviauçuşlar təşkil etməsinin səbəbinə gəlincə, məqsəd Suriyadakı erməniləri oradan çıxarmaqdır. Bütün Avropa aviaşirkətlərinin Hələbə uçuş həyata keçirməkdən imtina etməsi "Armavia"nı belə bir riskə getməyə məcbur edib. Lakin avqustun 1-nə təyin olunmuş aviareys sərnişinlərin yoxluğu səbəbindən baş tutmayıb.

Qeyd edək ki, Suriyada erməni diasporunun üzvlərinin sayı 80-100 min nəfər təşkil edir. Onların 50 mini Hələbdə, qalanları isə Dəməşq, Latakiya, Kesabe və əl-Qamışlıda yaşayır.

Bu həftə Ermənistanın Diaspora Nazirliyinə 120 Suriya ermənisi müraciət edib ki, onların da 12 nəfəri müvəqqəti sığınacaq verilməsini istəyib. Suriya erməniləri ilə iş üzrə qrupun rəhbəri Firdus Zakaryan bu ölkədən gəlmiş soydaşlarının 3 qrupa bölündüyünü deyib. Birinci qrupa istirahət üçün Ermənistana gələnlər daxildir. İkinci qrup, ikili vətəndaşlıq almaq üçün Diaspora Nazirliyinə müraciət etmiş şəxslərdir. Nəhayət, üçüncü qrupa münaqişədən zərər çəkmiş qaçqınlardır. Zakaryanın sözlərinə görə, onların çoxu vəziyyət sabitləşdikdən sonra öz ölkələrinə qayıtmaq niyyətindədirlər.

Xatırladaq ki, cari il iyulun 26-da Ermənistan hökuməti ölkəyə köçmək istəyən Suriya erməniləri üçün vətəndaşlıq alma prosedurunu sadələşdirib. Diaspor naziri Qranuş Akopyan bildirib ki, hazırda xarici vətəndaşlara Ermənistan pasportu Ermənistan Polisinin Viza və Pasport İdarəsindən verilir. Nazir qeyd edib ki, Suriyada baş verən son hadisələrlə əlaqədar minlərlə Suriya və Livan ermənisi vətəndaşlıq almaq xahişi ilə Ermənistan hakimiyyətinə müraciət edib. Bununla belə, Suriyadan gəlmiş ermənilərin 2-3 faizi Ermənistanda qalmaq istəyir. Çünki Ermənistan ağır iqtisadi durumda olduğundan Suriyadan gələnlər burada daha böyük problemlə üzləşirlər.
Sizin Reklam Yeriniz