Əlaqə Arxiv
news Image
2012.08.15
08:55
| A A A
Zəlzələ təhdidi xüsusi diqqət mərkəzində
Ənvər Əliyev: “Zəlzələlərin bu zonada aktivləşməsi, mövcud olması dövrü xarakter daşıyır” Südeyf Həsənov: “Azərbaycanda 3-4, uzağı maksimum 5 ballıq zəlzələnin olması ehtimalı var”

Artıq bir müddətdir ki, Azərbaycanın da daxil olduğu regionda mütəmadi olaraq yeraltı təkanlar baş verməkdədir. İlk öncə Türkiyədə özünü göstərən zəlzələ bir müddət sonra Azərbaycanın cənubi-qərb rayonlarında müşahidə olundu. Azərbaycanda bu il ən güclü ilk yeraltı təkan mayın 7 - də Zaqatala rayonunda baş verdi. Ardınca isə digər rayon və şəhərlərimizdə də zəlzələlər davam etdi.

"Qara buludlar" silsiləsi indi növbəsini Cənubi Azərbaycanda davam etdirməkdədir. Belə ki, 11 avqust tarixində İranın şimalında 6.4 ballıq zəlzələ 300 - dən çox sakinin həyatına son qoyub. Hələ ki, dağıntılarla bərabər 2000 - ə qədər yaralıların da olduğu bildirilir. Ayın 13 - ü tarixində isə yenidən Türkiyənin Kütahya şəhərində 4,3 bal gücündə baş verən zəlzələ ABŞ alimlərinin dediklərinə inamı daha da artırır. Belə ki, Şimali Kaliforniya Zəlzələ Mərkəzinin hazırladığı zəlzələ xəritəsinə Azərbaycanın adı da salınıb. Səbəb isə son 114 ildə Azərbaycanda qeydə alınmış zəlzələlərin sayının çoxluğudur. Bundan başqa ABŞ-ın Massaçustes Texnoloji İnstitutunun alimləri Bakı şəhərinin də güclü zəlzələ riski altında olduğunu xəbərdarlıq ediblər.

AMEA - nın Coğrafiya İnstitutunun "Ekocoğrafiya" şöbəsinin müdiri Ənvər Əliyev isə bildirir ki, regionda olan zəlzələlər ümumi qanunauyğunluqdan irəli gələn hadisələrdir: "Hazırda nəhəng Afrika plitəsi Avrasiyanı şimala sıxmaqda davam edir. Alp-Himalay sıxlığı boyunca davam edən bu prosesdə başqa sahələrdə də Avrasiyanı digər plitələr sıxır. Nəticədə də həmin ərazidə xətt boyunca zəlzələlər, seysmik hadisələr baş verir. Türkiyə, İran və Azərbaycandakı zəlzələr təbii ki, bu prosesin bir hissəsidir. Gələcəkdə isə bu bölgələrdə yeraltı təkanların olub-olmayacağını bildirmək çox çətin məsələdir. Çünki burada təbii qanunauyğunluq yoxdur ki, baş verə biləcək zəlzələyə əvvəlcədən konkret vaxt demək mümkün olsun. Hələ ki, dünyada zəlzələni əvvəlcədən bildirəcək cihazlar mövcud deyil. Amma zəlzələlərin bu zonada aktivləşməsi, mövcud olması dövrü xarakter daşıyır. Yəni, periodik olur. Müəyyən daxili qüvvələr yığılır və bir müddətdən sonra boşalma baş verir. Ona görə də son zamanlar baş verən zəlzələlərdən heç bir narahatçılığa əsas yoxdur. Bu ərazilərdə olan zəlzələr də yavaş-yavaş satikləşməyə doğru gedəcək. Yeraltı təkan olan ərazidə əvvəlkindən güclü zəlzələnin olması qeyri-mümkündür. İranda olan zəlzələnin də Azərbaycan ərazisində də hiss olunması mümkün olan haldır. Çünki bizim ərazilər Cənubi Azərbaycana yaxın yerdə yerləşir. Ona görə də bu gün Azərbaycan ərazisində zəlzələlərin müşahidə olunması da təbii ki, qanunauyğunluqdur".

Seysmoloq baş verən zəlzələlərin dövriliyinə də toxundu. O qeyd etdi ki, zəlzələlərin dövriliyi məsələsində bir neçə fərziyə və nəzəriyyələr mövcuddur: "Müəyyən qrup alimlər bu zəlzələləri hər 10 ildən bir baş verən Günəş aktivliyi ilə əsaslandırırlar. Yəni, Günəşdə olan aktivlik və oradan yerə gələn elektromaqnit dalğa axınları əsas götürülür. Günəş şüaları yerin daxilindəki dəmir, nikel kimi elementlərə həssaslıq göstərir. Nəticədə 10 ildən bir günəş aktivliyindən Yer kürəsində zəlzələlərin aktivləşməsi müşahidə olunur. Amma doğrusu, bu fərziyyəni nə təsdiq etmək, nə də təkzib etmək mümkün deyil. Ancaq ümumiyyətlə, təbiətdə dövrülük, periodiklik, təkrarlanma çoxdur. Həm də kənardan toxunuş olmasa, təbiət öz qanunauyğunluqlarına daha sadiqdir. Ona görə də bu kimi məsələlərdə belə fərziyə, nəzəriyyə, elmi mülahizələrdən istifadə olunur".

Ənvər Əliyev son olaraq onu da əlavə etdi ki, zəlzələlərin davamlılıq müdəti təxminən orta hesabla 3 ay olur: "Təbii ki, bu hadisələr amplitidudasının yavaş - yavaş enməsi ilə baş verir. Azərbaycan üzrə 7-9 ballıq zonalarda müəyyən periodiklərlə zəlzələ olması mümkündür. Amma bunun ən dəqiq vaxtını demək çətin məsələdir. Çünki bu, hələ ki elmi şəkildə düzgün təsdiqini tapmayan məsələdir".

Respublika Seysmoloji Xidmət Mərkəzinin Bakı Seysmik Stansiyasının müdiri Südeyf Həsənov bildirdi ki, hazırda regionda zəlzələ baxımından aktivləşmə getmir: "Aktivləşmə baxımından müxtəlif insanların yürütdükləri fikirlər boşluğa xidmət edir. Ümumiyyətlə, baş verən zəlzələnin səbəbini öyrənmək üçün əvvəlcə baş vermə mexanizmi işlənilməlidir. Bunun qalxmadan, gərilmədən, sıxılmadan olması müəyyən edilməlidir. Bu da işlənilmədən heç bir fikir bildirmək olmaz. İranda olan zəlzələnin də mexanizmi hələ işlənilməyib. Çünki o, müəyyən zaman tələb edir. Orada dağıntıların, ölən insanların sayının çoxalması da binaların palçıq və saman qarışığından tikilməsindəndir".

S. Həsənov qeyd edir ki, zəlzələ elə bir təbiət hadisəsidir ki, onun nə vaxt, harada olmasını bilə bilmərik: "Amma Azərbaycanda 3-4, uzağı maksimum 5 ballıq zəlzələnin olması ehtimalı var. Bunun da təbii ki, vaxtını təyin etmək mümkün deyil".
Sizin Reklam Yeriniz