news Image
2012.08.16
07:46
| A A A
Plastik qablardakı su necə zəhər mənbəyinə çevrilir?
Dövlət Məmmədov: “Günəş şüası altındakı suyun tərkibindəki minerallar plastmas qablarla reaksiyaya girir” Adil Qeybulla: “Araşdırma aparsaq, mən əmin edirəm ki, bu cür sulardan zəhərlənmələr az deyil”

Bu gün paytaxtla yanaşı, əyalətlərdə də rast gəlinən neqativ hallardan biri içməli suların günəş şüaları altında saxlanılmasıdır. Söhbət müxtəlif həcmli plastik qablara doldurulan və satışa çıxarılan sulardan gedir. Lakin tək içməli suların yox, həm də ümumiyyətlə, qida məhsullarının Günəş şüaları altında qalması təhlükəlidir. Xüsusilə də plastik qablarda saxlanılan içməli suların təhlükəsi daha böyükdür. Amma hazırda Günəş altında həm plastik qablarda, həm də açıq şəraitdə su satışı adi hal alıb. Mütəxəssislər isə bu kimi satışın ağır nəticələrinin olmasını önə çəkirlər.

Su İstesalçılar Birliyinin sədri Dövlət Məmmədov bildirir ki, bütün su qablarının üzərində onların 5-20 dərəcəyə qədər temperaturda Günəş şüaları dəyməyən, sərin yerlərdə saxlanması göstərilir: "Amma əfsuslar olsun ki, bu gün Azərbaycanın əksər yerlərində içməli suların çoxu həmin tələblərlə yox, Günəş sualarının altında saxlanılır. Bu da birinci növbədə suyun keyfiyyətinə mənfi təsir göstərir. Günəş şüası suyun keyfiyyətini aşağı salır. İkincisi, Günəş şüası altındakı suyun tərkibindəki minerallar plastmas qablarla reaksiyaya girir. Bu da gələcəkdə insanların sağlamlıqlarının pozulmasına səbəb olur. Bizdə bu gün demək olar ki, ticarət şəbəkələrində ticarəti bilməyən insanlar çoxluq təşkil edir. Amma hər kəs bilməlidir ki, suların saxlanılması üçün xüsusi anbarlar olmalıdır. Təəssüflər olsun ki, bu gün kiçik yerdə mağaza işlədən insan məhsulunu saxlamaq üçün yer tapmır. Onlar da həmin suları ya maqazinin içərisində, ya da bayırda Günəşin altında saxlamağa məcbur olurlar. Bu hazırda bizdə böyük problemə çevrilsə də buna o qədər də əhəmiyyət vermirlər. Həmin malı saxlayan mağaza sahiblərinə qarşı ölçülər götürülməlidir. Burada cərimələr nəzərdə tutulmalı, hətta onun təsiri olmasa, məbləği də artırılmalıdır. Bizdə ticarət sahəsində yazılmamış qayda-qanunlar var. Məsələn, sabunla çörəyin bir yerdə qoyulub satıldığı hallar olur".

D. Məmmədov bildirdi ki, Səhiyyə Nazirliyi keçən il küçələrdə açıq şəkildə su satışına qadağa qoydu: "Amma bu gün həmin satış var. O suların tərkibindəki şirənin də sertifikatı olmalıdır. Lakin bəzilərində bu gün o sertifikat yoxdur. Onu da bilmək lazımdır ki, bütün xəstəliklər sudan keçir. Hələ bundan başqa son zamanlar şəhərimizdə 20 litrlik qablarda gizli su sexlərində düzəlmiş sular çıxıb. Onların reklamı çoxalıb. Hətta gətirib onları ilin təqvimi şəklində evlərə də verirlər ki, reklam olsun. Buna qarşı da hansısa addımların atılmasının vaxtı çatıb".

Professor Adil Qeybulla da bildirdi ki, günəş şüası altında plastik qablarda olan suları saxlamaq qəti qadağandır: "Hətta bu suların saxlama müddəti də mövcuddur. Uzun müddət bu cür plastik qablarda su saxlandıqda onların tərkibində müxtəlif toksik maddələr əmələ gəlir. Bundan başqa plastik qablardan təkrar istifadə də məqsədəuyğun deyil. O baxımdan istifadə olunduqdan sonra onlar strelizasiya olunmalıdır. Günəş şüaları altında toksik maddələr əmələ gəldikdə onların konsentrasiyası azalır. İkinci tərəfdən isə tərkibinə boya əlavə olunan içkilərdə daha ciddi dəyişiklər əmələ gələ bilər. Onlar keyfiyyət parametrlərini itirə bilirlər. O baxımdan günəş şüası altında olan rəngli suların qəbul olması o qədər də yaxşı deyil. Ümumiyyətlə, küçə satışında ərzaq məhsulları qadağan edilməlidir. Ərzaq məhsullarının saxlanma qaydaları, temperaturları, rütubət dərəcəsi olur. O da ki, mağazalarda qismən təmin olunur. Amma küçədə bunlar təmin olunmur. Burada həm də Bakının küləkli olması ilə yaranan tozu da qeyd etmək lazımdır. Əgər Günəş təsirindən boya öz rəngini itirirsə, görün, bu, sulara necə təsir göstərir. O baxımdan suların küçə satışı, günəş altında saxlanılması qadağan olunmalıdır".

Həkimin sözlərinə görə, Günəş şüası altında qalan plastik qablarda toksik maddələr əmələ gəlir: "Qablar təkrar istifadə olunduqda, Günəş şüalarının altında qaldıqda bu cür zəhərin miqdarı daha da artır. Bu da ilk növbədə, zəhərlənmə yarada bilər. Bəzən qusma, ürək bulantısı həmin suların təsirindən yaranır. Amma bu cür hallar adətən ağırlaşmadığından xəstəxanalara müraciət edilmir. Bəzən ev şəraitində müalicə davam etdirilir. Amma araşdırma aparsaq, mən əmin edirəm ki, bu cür sulardan zəhərlənmələr az deyil".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs