news Image
2012.08.23
07:13
| A A A
Meşələrə hələ də divan tuturlar
Siyasət Qarayev: “10 il əvvəl özbaşına meşə qırıntılarının sayı 40 min kubmetr idisə, 2011-ci ilin nəticəsinə görə bu, 24 min kubmetrə düşüb” Telman Zeynalov: “Müxtəlif tullantılardan bioqaz qurğusu qurmaqla dağ sakinləri özlərini qaz və işıqla təmin edə bilərlər”

Azərbaycanda son illər rayon və kənd yerlərinin qazlaşdırılması məsələsi geniş vüsət alıb. Artıq ölkə ərazisinin əksər məntəqələri "mavi yanacaq"la təmin edilib. Bununla da əhalinin məişət problemlərinin həllinə xeyli dərəcədə köməklik dəyib. Həmçinin bunun nəticəsində ağacların, meşə massivlərinin qırılması prosesi xeyli dərəcədə səngiyib. Amma vaxtilə qazın olmaması səbəbindən meşələrin qırılması, sağlam ağacların kəsilməsi halları geniş tendensiya almışdı.

Nəticədə də ölkə ərazisinin müəyyən bir hissəsində meşələr məhv olmaq üzrə idi. Hazırda Azərbaycanın meşə massivi təxminən ölkə ərazisinin 11 faizini əhatə edir ki, bu da atmosferin çirklənməsinin qarşısını almaq baxımından kifayət deyil.

Digər tərəfdən ölkədə hələ də bir sıra kəndlər var ki, qazlaşdırılmayıb. Belə kəndlərə əsasən də dağ rayonlarında rast gəlinir. Bir sıra səbəblər üzündən həmin dağ kəndlərinin qazlaşdırılması prosesi baş verməyib. Bu halda isə kəndçi qışda soyuqdan donmamaq və yemək məsələlərini həll etmək üçün yenidən meşələrə üz tutmalı olur. Nəticədə meşələrin qırılması prosesi əvvəlki səviyyədə olmasa da, bu gün də davam edir. Belə vəziyyət isə istər-istəməz meşə massivinin azalmasına rəvac verir. Düzdür, son illər ölkədə geniş şəkildə ağac salma kampaniyaları həyata keçirilir ki, bunun da gələcəkdə meşələrin artması baxımından böyük əhəmiyyəti vardır. Amma bu hal heç də meşələrin qırılmasının davam etməsi mənasına gəlməməlidir. Görəsən, belə bir problemin həlli istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi nə kimi addımlar atıb və atmaqdadır?

Nazirliyin Meşələrin İnkişafı Departamentinin aparıcı mütəxəssisi Siyasət Qarayev meşələrdəki ağacların kəsilməsi hallarının ildən-ilə azaldığını diqqətə çatdırdı: "Meşələri mühafizə ediriksə, rayonların qazlaşdırılıb qazlaşdırılmamasından asılı olmayaraq hər iki halda mühafizəni gücləndiririk. Amma məsələ ondadır ki, rayon və ya kənd qazla təmin olunursa, heç kim hətta evində qalan oduna belə yiyə durmur. Çünki qaz olduğundan həmin odunu yandırmağa ehtiyac qalmır. Ona görə də deyirəm ki, ərazinin qazlaşma prosesinin ölkə üçün xeyiri çox böyükdür. Belə ki, bu halda meşələrin, ağacların kəsilməsi prosesi, demək olar ki, sıfra enir. Meşələrin qorunması sahəsində çətinliklər məcburi köçkün və qaçqınların əksəriyyətinin məhz meşələrlə örtülü yaşayış məntəqələrində məskunlaşması ilə bağlıdır. Bu yaxınlara qədər qaçqın və məcburi köçkünlərin 90 faizi meşələrlə örtülü yaşayış məntəqələrində məskunlaşmışdı. Düzdür, hazırda məcburi köçkünlər üçün yaşayış yeri hazırlandığından onların bir qismi meşə zonasında məskunlaşdıqları ərazilərdən çıxıb. Amma hələ də belə ərazilərdə yaşayanlar var. Meşələrin kəsilməkdən qorunması məsələsində bu qisim insanlarla bir qədər çətinliyimiz olur. Amma bununla belə prosesi özbaşına da buraxmamışıq. Əksinə, həmin ərazilərdə iş rejimini bir qədər də gücləndirmişik. Meşələrdəki ağacların kəsilməsilə bağlı faktları isə qanuna müvafiq qaydada aktlaşdırırıq, hüquq mühafizə orqanlarına veririk. 10 il əvvəl nazirlik yenicə yaranan zamanlarda özbaşına meşə qırıntılarının sayı 40 min kubmetr idisə, 2011-ci ilin nəticəsinə görə isə 24 min kubmetrə düşüb. Bu da meşə zonasında özbaşına qırıntıların sayının ildən-ilə azaldığını göstərir. Cari ilin altı ayında isə özbaşına qırıntıların sayı cəmi 12 min kubmetr olub. Müvafiq dövr ərzində hüquq-mühafizə orqanları qarşısında 34,3 min manat ziyan məbləğində meşələri kəsən vətəndaşlar barəsində 122 iş qaldırılıb. 2011-ci ildə isə 94 min manat məbləğində 311 iş göndərilib. Meşələrdə özbaşına baş verən qırıntı hallarının heç birini buraxmırıq. Belə hallar dərhal yerindəcə aktlaşdırılır və onlara qarşı müvafiq qurumlar tərəfindən müvafiq tədbirlər də görülür. Onu da qeyd edim ki, meşə qanunvericiliyini pozan insanlar inzibati xətalara əsasən cərimələnirlər".

Müstəqil ekoloq Telman Zeynalov isə dağ kəndlərində ağacların kəsilməsinin qarşısını almaq üçün müxtəlif tulantılar hesabına hazırlanan bioqaz qurğusundan istifadə etməyi məsləhət gördü: "Dağ kəndlərinin qazlaşdırılması mümkün deyilsə, bu heç də o mənaya gəlməməlidir ki, əhali problemlərini həll etmək üçün hökmən ağacları məhv etməlidir. Adətən kənd yerlərində, o cümlədən dağ ərazilərində hər evdə mal-qara, quş bəslənilir. Digər tərəfdən təsərrüfat ərazisində qalan alaq otları kimi tullantılardan bioqaz qurğusu qurub dağ sakinləri özlərini qaz və işıqla təmin edə bilər. Dövlətin dağ kəndlərinə qaz çəkməsinə ehtiyac yoxdur. Çünki bu ona nəqliyyat xərci hesabına həddən artıq baha başa gələcək. Bu səbəbdən də həmin qazlaşdırılmamış ərazilərdə yaşayan insanlar özlərini təmin etməlidirlər. Hətta lazım olarsa, bioqaz qurğusunun necə tikilməsilə bağlı onlara kömək də edərəm. İnsanlar fikirləşməlidir ki, hər şeyin həllini dövlətin üzərinə atmaq olmaz. Dövlətin üzərinə nə qədər çox şeyi atırıqsa, korrupsiya halları da bir o qədər artır. Bioqaz qurğusu vasitəsilə isə qaz olmadan belə insanlar özlərinin istilik və məişətlə bağlı bütün problemlərini rahatca həll edə bilərlər. Bir sözlə, hər bir şəxs problemini özü həll etməyə çalışmalıdır".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs