news Image
2012.08.23
07:17
| A A A
Elçibəyin sonuncu xahişi həmin İsa Qəmbərdən olmuşdu
“Sonrakı dövrdə də onun və digər silahdaşlarının Elçibəyə qarşı atdığı addımlar Elçibəyin könlünün sınmasında, sonrakı taleyinin müəyyən olunmasında mühüm rol oynayıb”

Bilindiyi kimi, Bakı Şəhər Prokurorluğu mərhum prezident Əbülfəz Elçibəyin zəhərləndirilərək öldürülməsi iddiasını araşdırmaq üçün cinayət işi açıb. Elçibəyin ölümündən 12 il sonra belə bir cinayət işinin açılmasını zəruri edən səbəblərlə bağlı "Media forum" saytına müsahibəsində Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov aşağıdakıları bildirib: "Prokurorluq bu cinayət işini başlamaya bilməzdi. Çünki haqqında söhbət gedən adam Azərbaycanın adi bir vətəndaşı deyil. Əbülfəz Elçibəy qanunla status almış keçmiş prezidentdir. Ona görə də onun həyatı ilə bağlı bütün məsələlər araşdırılmalıdır. Necə olur ki, Türkiyədə mərhum prezident Turqut Özalın zəhərləndirilməsi ilə bağlı məsələ müzakirəyə çıxarılır, bununla bağlı iş başlanır, araşdırma aparılır? Azərbaycanda niyə olmasın? Bu baxımdan Əbülfəz Elçibəy statuslu keçmiş prezidentdir və onun həyatı, xəstəliyi ilə bağlı səsləndirilmiş, ictimai rezonans doğurmuş, geniş müzakirələrə səbəb olan istənilən hadisə, fikir prokurorluqda araşdırılmalı, bunun real, yoxsa qeyri-real olması müəyyənləşdirilməli, Azərbaycan ictimaiyyətinə bu haqda məlumat verilməlidir. Bu, ictimai əhəmiyyət kəsb edən, cəmiyyətdə rezonansa səbəb olan hadisədir və prokurorluq mütləq bunu araşdırmalıdır.

Cinayət işinin Elçibəyin ölümündən 12 il sonra açılmasına gəlincə, biz hüquqi dövlətdə yaşayırıq. Əgər Elçibəyin ölümü, zəhərləndirilməsi ilə bağlı irəli sürülən iddianı araşdırmaq üçün cinayət işi açılmasaydı, o zaman indi bundan narazı qalan insanlar yenə bizim üzərimizə gələcəkdilər və deyəcəkdilər ki, baxın hakimiyyət məsələni siyasiləşdirir, Elçibəyin qatilinin tapılmasının qarşısını almağa çalışır. Biz cinayət işi açmasaydıq da bunlar belə bir kampaniya aparacaqdılar. Məsələni tam araşdırmaq üçün cinayət işi açmışıq, yenə də bizə qarşı kampaniya aparırlar. Ona görə kampaniya aparırlar ki, bu gün Elçibəyin həyatı, ölümü ilə bağlı müəmmalı məsələlərin araşdırılması onun keçmiş silahdaşlarına qətiyyən sərf etmir. Ehtiyat edirlər ki, birdən nəyinsə üstü açılar, real bir nəticə əldə edilər, müəmmalı bir şey ortaya çıxar.

Biz hüquqi dövlət qurmuşuq. Bu dövlətdə hər bir vətəndaşın müraciəti, xüsusən də keçmişdə prezident olmuş bir şəxslə bağlı müraciət araşdırılmalıdır. Bu, hüquqi dövlətin tələbidir. Biz bunu araşdırmasaq, həmin şəxs gedib başqa instansiyalara, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək. Biz hansı dövrdə yaşayırıq? Keçmişdə nazir olmuş, indi siyasi partiya sədri olan bir insanın müraciətinə necə baxmaya, araşdırmaya, onu qulaqardına vura bilərik? Onda bizə nə deyərlər?"

Onun sözlərinə görə, reallıq ondan ibarətdir ki, bu məsələ uzun müddətdir danışılırdı: "Ayrı-ayrı şəxslər müxtəlif yerlərdə, mətbuata müsahibələrində Elçibəyin zəhərləndirilməsi haqda fikirlər səsləndirirdilər. Elçibəyin ətrafında olan adamlar deyirdilər ki, silahdaşları ona xəyanət edib, Elçibəyi partiya sədrliyindən uzaqlaşdırmaq üçün hansısa tədbirlər görüblər. Bu sırada siyasi, ictimai və sair tədbirlər olub. Amma indi faktiki olaraq ortada real bir iddiaçı var. İddiaçı açıq formada bəyan edib ki, Əbülfəz Elçibəyin zəhərləndiyini düşünür və kimin tərəfindən zəhərləndirilməsi ilə bağlı ad da çəkib. Ona görə də bu məsələ mütləq formada araşdırılmalıdır. Azərbaycan ictimaiyyətinin bununla bağlı narahatlığına aydınlıq gətirilməlidir, bunun olub-olmadığına, olubsa kimin tərəfindən və niyə edilməsinə dair rəsmi açıqlama verilməlidir".

Əli Həsənov bildirb ki, cinayət işinin Əli Kərimlinin prezidentliyə namizəd olması ilə heç bir bağlılığı yoxdur: "Əli Kərimli 2013-cü ildə prezidentliyə namizəd olacağını açıqlamayıb. Hətta İctimai Palatada kimin namizəd olması məsələsi qaldırılanda Əli Kərimli dedi ki, namizəd məsələsini ortaya atmaq xəyanətdir. Ona görə də Əli Kərimli prezidentliyə namizəd deyil. Əgər namizəddirsə, buyursun bunu açıqlasın və desin ki, 2013-cü ildə prezidentliyə namizəd olduğuma görə mənə cinayət işi qaldırıblar. Əli Kərimli hazırda bir partiyanın sədridir. Eyni zamanda Hafiz Hacıyev də partiya sədridir. Ona görə də biz məsələyə o rakursdan yanaşırıq ki, hər şeyin əsasında qanun dayanmalıdır, bütün məsələlər qanunla tənzimlənməlidir və heç bir vətəndaşın müraciəti cavabsız qalmamalıdır, mütləq araşdırma aparılmalıdır".

Dövlət rəsmisi Müsavat Partiyasının başqanı İsa Qəmbərin Əbülfəz Elçibəyin ölümündə hakimiyyəti günahlandırmasını tamamilə əsassız fikir adlandırıb: "Elçibəyin xəstəliyi bəlli olan kimi mərhum Heydər Əliyev onun Türkiyəyə aparılmasına nəinki şərait yaratdı, eyni zamanda öz xidmətlərini təklif etdi. Əgər İsa Qəmbər, Əli Kərimli və başqaları bunu bilmirlərsə, buyurub Elçibəyin ailəsindən soruşsunlar. Mərhum Heydər Əliyev Əbülfəz Elçibəyin Türkiyəyə aparılması üçün həm təyyarə təşkil etdi, həm də Azərbaycan hakimiyyətinin onun orada müalicəsini, digər xərclərinin ödənilməsini, lazımi qayğı göstərilməsini təşkil etməsi üçün ailəsinə təklif verdi. Mən bu proseslərin iştirakçısı olmuşam.

İsa Qəmbərin bu gün guya Elçibəyə canıyananlıq etməsinə, onun dünyasını dəyişməsinin əsas səbəblərindən biri kimi ürəyinin sındırılması, hakimiyyətdən uzaqlaşdırılması, yaxud ona qarşı hansısa qeyri-insani rəftara yol verilməsi, tədbirlərin görülməsi haqda dediklərinə gəlincə, mən onun diqqətinə çatdırmaq istəyirəm ki, Elçibəyin sonuncu xahişi həmin İsa Qəmbərdən olmuşdu. Elçibəy İsa Qəmbərdən xahiş etmişdi ki, 1998-ci ilin seçkisi mənim prezident olmağım üçün sonuncu şansım, imkanımdır, ona görə də sən geri çəkil, mən prezidentliyə namizədliyimi verim. O zaman İsa Qəmbər Əbülfəz Elçibəyə güzəştə getmədi və onun qarşısında prezidentliyə namizədliyini irəli sürdü.

Digər tərəfdən isə İsa Qəmbər Elçibəyin hakimiyyətində ikinci şəxs idi. Amma Elçibəyin ətrafında olanlardan partiya yaradan ilk şəxs də elə İsa Qəmbər oldu. O, Xalq Cəbhəsinin partiyaya çevrilməsinin qarşısını alaraq özünün Müsavat Partiyasını yaratdı və Elçibəy hakimiyyətinin daxilində yeni bir hakimiyyət rıçaqı yaratdı. Sonrakı dövrdə də onun və digər silahdaşlarının Elçibəyə qarşı atdığı addımlar Elçibəyin könlünün sınmasında, sonrakı taleyinin müəyyən olunmasında mühüm rol oynayıb. Amma təəssüf ki, mənfi formada. Bütün bunları hakimiyyət deyil, məhz İsa Qəmbər və Elçibəyin digər silahdaşları edib".

O qeyd edib ki, Elçibəyin hakimiyyətinin laxlamasının da, dağılmasının da, 1993-cü ildə hakimiyyətdən getməsinin də, Kələkidə dörd il qalmasının da əsas səbəbi ətrafında olan silahdaşları, o cümlədən İsa Qəmbər, Əli Kərimli və digərləridir.