news Image
2012.08.28
07:01
| A A A
Bahalaşma növbəsi yağa çatır
Vahid Məhərrəmov: “Həm bitki yağının, həm də kərə yağının qiymətinin qalxmasını müşahidə edəcəyik” Ruslan Atakişiyev: “Rusiya bazarında bitki və heyvan mənşəli yağların qiymətinin qalxması Azərbaycan bazarına da təsir edə bilər”

Son zamanlar dünya bazarında bəzi kənd təsərrüfatı məhsulunun qiyməti qalxıb. Bu sıradan Rusiya və Ukraynada da qida yağlarının qiymətində artımlar müşahidə olunmaqdadır. Xüsusən də Rusiya bazarında kərə yağının qiyməti təqribən 20 faiz balaşıb. Ukraynada isə bu göstəricinin gələn aydan 15 faiz olacağı bildirilir. Belə olan təqdirdə bahalaşmanın digər idxalçı ölkələrinə də təsiri qaçılmaz sayılır. Ölkəmiz də müəyyən həcmdə yağ idxal edir. Bu da əsasən Rusiya və Ukrayna istehsalı olan yağlardır. Bəs sözügedən istehsalçı ölkələrdə qiymətlərin qalxması Azərbaycan bazarına necə təsir edəcək?

Sual ətrafında kənd təsərrüfatı üzrə iqtisadçı-ekspert Vahid Məhərrəmov bildirdi ki, biz kənd təsərrüfatı məhsullarına olan tələbatımızı özümüz ödəmədiyimiz üçün dünya bazarındakı qiymət artımından asılı vəziyyətdəyik: "Orda qiymət artdıqda bu, bizə də təsir edir. Dünya bazarında kənd təsərrüfatı məhsullarının qiymətinin artım tempi qalxmaqda davam edir. Birinci səbəb onunla əlaqədardır ki, son vaxtlar qlobal iqlim dəyişikliyinin aqrar sahəyə çox ciddi təsiri olub. Ona görə də həm bitki yağının, həm də kərə yağının qiymətinin qalxmasını müşahidə edəcəyik. Çünki baş verən quraqlıq nəticəsində məhsuldarlıq azalıb. Əvvəlki illərə nisbətən daha az məhsul əldə olunub. Ona görə də məhsul az olanda onun maya dəyəri yüksək olur. Bu səbəbdən də fermerlər çalışırlar ki, istehsal etdiyi məhsulu nisbətən baha qiymətə satıb, normal gəlir əldə etsinlər. Odur ki, emal müəssisələri də qiyməti qaldırmağa vadar edilib. Bunun da nəticəsində bazara çıxarılan məhsulun qiyməti mütləq qalxır. Amma ümumiyyətlə, onu vurğulamaq lazımdır ki, bu il əksər kənd təsərrüfatı məhsulunun qiyməti qalxacaq. Bu, iqlim təsirindəndir. Avropada əvvəlcə baş verən istilik, sonradan intensiv yağışların yağması kənd təsərrüfatında məhsuldarlığa ciddi təsir etdi. Ona görə də bütün bunlar məhsulların qiymətinin artmasına səbəb olub. Həm də dünyada bu il daha az taxıl istehsalı gözlənilir. Az taxıl istehsalı yalnız un məhsullarına deyil, o cümlədən heyvandarlıq məhsullarının qiymətlərinə də ciddi təsir edəcək. Çünki heyvandarlıq məhsullarının - südün, ətin, yağın, ət məhsullarının əldə olunmasında taxıl xüsusi rol oynayır. Taxıl məhsulu, xüsusən yemçilikdə daha çox istifadə olunur".

Ekspertin sözlərinə görə, təəssüflər olsun ki, Azərbaycan yalnız buğda ilə bağlı deyil, həm də bəzi digər ərzaq malları ilə bağlı özünün istehlak tələbini hələ ödəyə bilmir: "Biz bitki yağının özünü, həm də xammalı xaricdən idxal edirik. Xaricdən idxal olunan xammalın qiymətinin artması da öz növbəsində bizim daxili bazara təsir edəcək. O, cümlədən idxal etdiyimiz hazır bitki yağına da təsir göstərəcək. Bununla yanaşı, biz kərə yağının çox hissəsini xaricdən idxal edirik. Burada onu nəzərə almaq lazımdır ki, kərə yağını idxal etməklə yanaşı, həm də biz daxildə əldə olunan kərə yağının xammalını da xaricdən idxal edirik. Bu da onu deməyə əsas verir ki, idxal olunan xammalın, kərə yağının qiyməti qalxacaq".

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyevin sözlərinə görə, Rusiya bazarında bitki və heyvan mənşəli yağların qiymətinin qalxması Azərbaycan bazarına da təsir edə bilər: "Son dövrlər Rusiyanın daxili bazarında kərə yağına tələb artmaqdadır. 2015-ci ilə kimi Rusiya bazarında kərə yağının istehsalının həcminin 15 faiz artımı gözlənilir. Bizdə də Rusiyadan kərə yağını gətirməklə məşğul olan müəyyən distrübüterlər var. Ona görə də bizim daxili bazarda qiymətlərin sabit qalması, yaxud da qalxması həmin distrübüterlərin nə qədər gəlir gözləmələri, həm də daxili bazarda həmin məhsula olan təkliflə tələbin qarşılaşdırılmasından asılıdır. Həmçinin onu da nəzərə alaq ki, əhalimizin böyük əksəriyyəti Ukrayna və Rusiyadan gətirilən yağlara üstünlük verirlər. Bunun da əsas səbəbi həmin yağların digər ölkələrdən gətirilən yağlara nisbətən daha ucuz olmasıdır. Ona görə də satıcılar tələbi böyük görüb qiymətləri artırmaq niyyətinə düşə bilərlər".

İqtisadçı-ekspert Azərbaycan daxili bazarında yağın qiymətinin artmaması üçün daxili istehsalı artırmağı təklif edir: "Yerli istehsalın artmasına yönələn tədbirlər görülməlidir. Həmçinin idxalın daha da asanlaşdırılması istiqamətində işlər aparılmalıdır. Bir məhsulun istehsalçıları, idxalçıları nə qədər çox olarsa, rəqabət o qədər dərinləşər".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs