Əlaqə Arxiv
news Image
2012.08.31
08:06
| A A A
İrandakı yeraltı təkanlar Azərbaycanda zəlzələ ocaqlarını aktivləşdirəcək?!
Ənvər Əliyev: “Əvvəlcədən zəlzələni təyin etmək mümkün olmur” Telman Zeynalov: “Son dövrlər də İrandakı zəlzələnin baş verməsində səbəb süni amillərin olmasıdır”

Bu ilin əvvəllərindən Türkiyə ilə başlanan zəlzələ sonradan regionun digər ərazilərinə də siraət etdi. Davamlı olaraq əvvəlcə Azərbaycanın şimali-qərb hissində, daha sonra da müxtəlif rayon və şəhərlərində də yeraltı təkanlar müşahidə olundu. Düzdür, bunların əksəriyyətində əsasən maddi itki və dağıntı olsa, da demək olar ki, ölüm hallarına rast gəlinmədi. Lakin "qara buludlar" silsiləsi növbəsi İrana çatdıqda vəziyyət tam fərqli oldu. Belə ki, İran ilk yeraltı təkanını 11 avqust tarixində yaşadı.

Həmin gün birinci təkan 6.2 bal, ikinci təkan isə 6 bal gücündə oldu. Bu zaman isə geniş miqyaslı dağıntılarla bərabər, həm də çoxlu insan tələfatı da baş verdi. Bu azmış kimi hələ də bu günə qədər İranda təqribən 2000-ə qədər müəyyən amplitudalı təkanlar baş verib və verməkdədir.

Düzdür, zəlzələnin əvvəlcədən vaxtı və zamanının təyin olunması elmə məlum olmasa da, İrandakı ardıcıl zəlzələlərin digər zəlzələ ocaqlarının aktivləşdirə bilməsi ehtimalı gündəmdədir. Bu məqamla bağlı müraciət etdiyimiz Coğrafiya İnstitutunun "Ekocoğrafiya" şöbəsinin müdiri Ənvər Əliyev bildirdi ki, bunu əvvəlcədən demək bir az mürəkkəb məsələdir: "Çünki, əvvəlcədən zəlzələni təyin etmək mümkün olmur. Zəlzələnin istiqamətini, yaxınlığını, uzaqlığını demək çətin məsələdir. Bu sırf ideoloji məsələdir. Amma adətən belə güclü zəlzələlərdən sonra xırda zəlzələlər ətrafdakılar da daxil olmaqla sönməyə doğru gedir. Müəyyən piltələr var ki, onlar da yavaş-yavaş yaxınlaşdıqca, qəfildən təkanların baş verməsi gözləniləndir. Prinsip etibarı ilə onlar da yavaş-yavaş sönməyə doğru gedir. Amma bu zəlzələlərdən sonra növbəti dəfə öz amplitudasında olan zəlzələnin olmasını demək olmur. Bu, zəlzələnin əvvəlcədən təyin edilməsi kimi bir haldır. O da hələ elmə məlum olmayan bir hadisədir. Amma praktikada elə bir hal yoxdur ki, hardasa zəlzələ olsun və sonradan da o, həmin amplitudalı zəlzələlərin yaranmasına səbəb olsun".

Şöbə müdiri qeyd etdi ki, zəlzələlər yer qabığında olan nəhəng piltələrin hərəkəti zamanı olur: "Onlar toqquşanda zəlzələ baş verir və bu, sıxılma nəticəsində seysmik qurşaqlardakı əmələ gəlmiş titrəyişlərdir. Titrəyişlərin əmələ gəlməsi də uzun müddətli sıxılmalardan olur. Güclü təzyiq yaranır. Müəyyən dövdən sonra o güclü təzyiqlər yerin boşluğunda bir təkanlara səbəb olur ki, bunlar da seysmik hərəkətlərin əmələ gəlməsinin əsas başlıca səbəbləridir. Ona görə də bu zəlzələlərin periodikası dəqiq deyil. Amma bəzən deyirlər ki, Günəş aktivliyi ilə bunları təqribən təyin etmək olur. Lakin hər halda bu sırf elmi cəhətdən təsdiqlənməmiş bir nəzəriyyədir. Ona görə də bu gərginliklərin əmələ gəlməsinin əsas səbəbi hələlik piltələrin bir-birini sıxması və təzyiqlərinin tədricən artmasıdır".

Ənvər Əliyev Qafqazın Alp-Himalay qırışığının bir hissəsi olduğunu vurğuladı: "Dünyanın 3 nəhəng seysmik qurşağının ən aktivlərindən biridir. Ona görə də bu ərazilərdə zəlzələ ocaqlarının aktivləşməsi periodiklərlə olub və gələcəkdə də olacaq. Amma indiki zamanda bu ərazidəki zəlzələləri o qədər də ciddi aktivləmə kimi qiymətləndirməyək. Əsrin əvvəllərində olan Şamaxı, Zaqatala, Balakəndəki zəlzələlər periodik olandır. Bunlar da gözləniləndir. Ona görə də hələ ki, zəlzələnin yerini, zamanını, gücünü təyin etmək olduqca mürəkkəb məsələdir".

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov bildirir ki, Azərbaycan, Gürcüstan, Türkiyə, İran və Yaponiya hamısı eyni bir zəlzələ ocağında yerləşiblər: "Buralarda zəlzələlərin daim baş verməsi adi haldır. Son dövrlər də İrandakı zəlzələnin baş verməsində səbəb süni amillərin olmasıdır. Çünki, zəlzələlər həm təbii, həm də süni yaradıla bilir. Ona görə də orada olan atom stansiyasına görə İranı qıcıqlandırmaq istəyirlər. Ondan da Azərbaycanın cənub, şərq və Türkiyənin müəyyən hissələri əziyyət çəkə bilər".

Ekoloq əlavə etdi ki, yerin təkində müəyyən süxurlar var: "Onların da arasında çatlar olur. Onlar hərəkət etdikcə, qazların yığılmasına şərait yaradırlar. Azca təkan olduqda isə qazlarda partlayış olur və yeri silkəməyə başlayır. Son zamanlar regionda ardıcıl zəlzələlərin baş verməsini kiminsə əlinin olması ilə izah edə bilərəm. Ardıcıl zəlzələlərin olması sünidir. Çünki İranda tikilən atom stansiyasına görə onlara hərtərəfli təzyiq göstərirlər. 1998 - ci ildə SSRİ-nin dağılmasına qalmış Yeravanda yaradılan zəlzələ kimi. Odur ki, istənilən yerdən dalğa göndərərək başqa yerdə zəlzələ yaratmaq mümkündür".
Sizin Reklam Yeriniz