Əlaqə Arxiv
news Image
2012.09.01
08:26
| A A A
ABŞ-dan ölkəmizə doğru defolt təhlükəsi gəlir
Amerikada alınan qiymətli kağızlar üzərində yenə «qara buludlar» dolaşır

Avropada başlanan böhran bitməmiş analoji təhlükə okeanın o tayında da özünü göstərməkdədir. Söhbət ABŞ-ın defolt təhlükəsi üz-üzə qalmasından gedir. Nüfuzlu beynəlxalq reytinq agentliyi olan Fitch bildirib ki, əgər gələn ilin ilk yarısına qədər ABŞ büdcə kəsirini ixtisar etməsə, onda bu ölkənin kredit reytinqi aşağı salınacaq.

Agentliyin icraçı direktoru Devid Rayli qeyd edib ki, Vaşinqton büdcə xərclərinin artımına qarşı həqiqi mübarizə metodları işləyib hazırlamalıdır, əks halda onun kredit reytinqi aşağı düşəcək. Xatırladaq ki, ötən il ABŞ-ın kredit reytinqinin aşağı salınması bu ölkə ilə yanaşı, digər dünya dövlətləri, o cümlədən Azərbaycan üçün də müəyyən təhlükə yaratmışdı. Söhbət ABŞ-a qoyulan sərmayələrdən, ölkəmiz tərəfindən alınan bir neçə yüz milyon dollarlıq qiymətli kağızdan gedir. Həmin vaxt ABŞ-ın defolt təhlükəsi Azərbaycan sərmayələri üçü də müəyyən təhlükə yaratmışdı.

İndi də analoji hal yaranmaqdadır. Çünki payızda ABŞ-ın borcu 16,4 trilyon dollara çatacaq ki, bu da müəyyən olunmuş limitdir. İlin sonunadək bu həddin keçməsi isə ABŞ-ın müflis olması deməkdir. Hazırda ABŞ ən çox borca malik olan ölkədir. Praktiki Amerikanın faiz borcu 16 trilyon dolları keçib. Bu, ümumi daxili məhsuldan çoxdur. Eyni zamanda adambaşına düşən xarici borc məbləği 48 min dollardır. Amerikada hər bir şəxsin 48 min dollar borcu var.

Məlum olur ki, ABŞ-dan sonra ən çox borca malik ölkə Böyük Britaniyadır. Bu ölkənin 9 trilyon borcu var. Böyük Britaniyada adambaşına düşən borcun məbləği 144 min dollar təşkil edir. Bu da Böyük Britaniyanın xarici borcunun ölkənin ümumi daxili məhsulundan 4 dəfə çox olması deməkdir. Britaniyadan sonra digər borclular sırasında Fransa, Yaponiya, Hollandiya, İspaniya, İtaliya daxildir. Dünyada 15 ölkənin xarici borcu 1 trilyon dollardan çoxdur. Sadəcə, digər ölkələrdən fərqi olaraq Amerika qanunvericiliyində borcların məbləği ilə bağlı limit var. Borclar həmin limiti keçərsə və qanunverici orqan limitin artırılması istiqamətində qərar qəbul etməzsə defolt qaçılmaz olur.

İqtisadçıların sözlərinə görə, gözlənilən təhlükə artıq valyuta bazarlarında hiss edilməkdədir. Belə ki, avronun dollara nisbətən məzənnəsinin azalması tendensiyası müəyyən qədər yumşalıb. Amerikanın defolt təhlükəsi yaşaması səbəbindən avro ilə yığım kimi dollarla yığım da azalıb.

Okeanın o tayında gözlənən defolt isə dolların dəyərsizləşməsi və ABŞ böhranı üzündən dünya dövlətləri, o cümlədən Azərbaycan üçün müəyyən problemlərin yaranması deməkdir. Məsələn, iqtisadçı-ekspertlər bildirir ki, böhran baş verərsə, bu, Azərbaycanın dövlət ehtiyatlarına təsir göstərə bilər. Çünki defolt nəticəsində ABŞ-da səhmlərin qiymətinin aşağı düşməsi dövlət ehtiyatlarımızdan əldə edilən gəlirin azalmasına gətirib çıxara bilər. Digər tərəfdən, böhran dərinləşdiyi təqdirdə, dolların məzənnəsi aşağı düşəcək.

Hazırda Azərbaycan dövlət rezervlərinin yarısı ABŞ dolları ilə saxlanılır. Bu da birmənalı şəkildə Azərbaycan dövlət rezervlərinin dollarla saxlanan hissəsinin dəyərinin azalmasına gətirib çıxara bilər. ABŞ-dakı böhranın Azərbaycanın neft sektoruna da təsirsiz ötüşməyəcəyi qaçılmaz sayılır. Çünki böhran sayəsində neftə tələbat azalarsa, bu, dünyada neftin qiymətinin aşağı düşməsinə və Azərbaycanın neftdən əldə etdiyi gəlirlərin azalmasına gətirib çıxara biləcək. Bununla yanaşı, manatın məzənnəsinin dollara nisbətən daha da möhkəmlənməsi qaçılmaz sayılır.

Məlumat üçün bildirək ki, Azərbaycanın ABŞ-da dövlət qiymətli kağızlar bazarında təxminən yarım milyard dollarlıq paya sahibdir. Mütəxəssislər Azərbaycan maliyyə bazarında dolların manata nisbətən ucuz olmasına yerli iqtisadiyyata zərbə kimi, ölkənin idxaldan asılılığını artıran amil kimi baxırlar. Bəs dollar daha da ucuzlaşarsa, bunun fəsadları nə ola bilər? Ekspertlərin fikrincə, bu, Azərbaycan hökumətinin yürüdəcəyi siyasətdən asılı olacaq. Xatırladaq ki, bir müddət əvvəl Mərkəzi Bank bəyanatla çıxış edib ki, dolların məzənnəsi müəyyən sabit vəziyyətdə saxlamağa çalışacaq. O da faktdır ki, dollar dünya bazarında daha da ucuzlaşacağı təqdirdə ölkənin maliyyə bazarında vəziyyəti bir müddət idarə etmək üçün Azərbaycanın imkanları var. Lakin problem uzun müddətli olarsa, Mərkəzi Bank sadəcə prosesi nəzarətdə saxlamaq üçün lazımi qədər valyuta tapmaya bilər. Çünki uzunmüddətli proses Mərkəzi Bankın valyuta ehtiyatlarını tükəndirmək iqtidarındadır. Beləliklə, nəticə göstərir ki, əgər ABŞ-da defolt elan edilsə, nəinki Azərbaycan, aparıcı dünya ölkələri katastrofik ziyana düşəcək.
Sizin Reklam Yeriniz