Əlaqə Arxiv
news Image
2012.09.04
08:30
| A A A
Avropa böhranının ciddi fəsadları görünməyə başlayır
Vüqar Bayramov: “Avrozonadakı böhran Azərbaycanın iqtisadi maraqlarına uyğun deyil” Natiq Cəfərli: “AB Azərbaycanın enerji alıcılarının önündə gəldiyi üçün Avropada baş verən proseslərin ölkəmizə də təsiri olacaq”

Təqribən 4 ilə yaxındır ki, dünyada hökm sürən iqtisadi böhran özünün ən pis təzahürünü Avrozonada göstərməkdədir. Yunanıstanda başlanan maliyyə böhranı növbələşərək digər Avropa ölkələrinə də təsir etdi. Artıq Avrozonada maliyyə böhranı tək Avropada yox, qonşu ölkələrin iqtisadiyyatına da təsir göstərməyə başlayıb. Belə ki, böhrandan uzaq qalmış MDB bölgəsinin bəzi yerlərində bu krizis hiss olunmaqdadır. Əsasən də Rusiya, Ukrayna və Qazaxıstanda bunu açıq seyr etmək mümkündür. Artıq böhranın MDB-yə sirayəti onun Azərbaycan iqtisadiyyatına hansı təsir göstərəcəyi xüsusunda maraq doğurmağa başlayır.

Mütəxəssislər isə böhranın Azərbaycana təsirini fərqli izah edirlər. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhəri, iqtisadçı - ekspert Vüqar Bayramov bildirir ki, Avrozanodakı böhran nəinki Avropa ölkələrinə, həm də qonşu ölkələrə də təsir etməkdədir: "Amma Avrozonadakı böhranı qiymətləndirsək, bu ilin avqust ayında stabilləşmə müşahidə olunmağa başlayıb. Baxmayaraq ki, bu heç də Avrozonadakı böhranın tam aradan qalxması anlamına gəlmir. Amma sentyabr ayında Avrozona ölkələri üçün daha kəskin olacağı güman olunur. Bununla belə nəzərə alaq ki, Avrozonaya daxil olan ölkələrin böyük bir qismi məhz bu ilin sentyabr ayında öz borc öhdəliklərini qaytarmalıdırlar. O baxımdan təbii ki, bu ay heç də Avrozona üçün asan keçməyəcək. Amma onunla belə bütövlükdə güman olunur ki, Avropa Birliyində (AB) 2012-ci ilin sonuna doğru böhranın müəyyən qədər stabilləşməsi və 2013-cü ildə böhranın aradan qaldırılması müşahidə olunacaq".

Vüqar Bayramovun sözlərinə görə, Avrozonadakı böhran Azərbaycanın iqtisadi maraqlarına uyğun deyil: "Çünki, bütün hallarda Avropa Biliyi Azərbaycanın əsas tərəfdaşlarından biridir. Azərbaycanın xarici valyuta dövriyyəsinin 65 faizi Avropa Birliyinin payına düşür. Avrozonanın və eləcə də Avropa Birliyinin neftin dünya bazarında qiymətinin müəyyənləşməsində böyük təsirləri var. Çünki, Avropa Birliyi dünya bazarında ikinci ən böyük neft alıcısıdır. O baxımdan Azərbaycan Avropa Birliyində böhranın dərinləşməsində maraqlı deyil. Eyni zamanda o da faktdır ki, Avrozonadakı böhran Azərbaycan iqtisadiyyatına birbaşa təsir göstərmir. Sadəcə, bu, avronun məzənnəsinin aşağı düşməsi nəticəsində avro ilə saxlanılan dövlət rezevrlərinin dəyərlərinin müəyyən qədər azalmasına təsir göstərir. Amma bütövlükdə Avrozonadakı böhranın Azərbaycana birbaşa təsiri yoxdur. Çünki Azərbaycan səhm bazarı Avropa Birliyinin səhm bazarına inteqrasiya olmayıb. Azərbaycan qiymətli kağız bazarı zəif inkişaf etdiyindən Avrozonadakı böhran hələlik Azərbaycana birbaşa təsir göstərmir. Təbii ki, müəyyən qonşular var ki, Rusiya, Ukrayna Avrozonadakı böhrandan birbaşa təsirlərə məruz qalır. Amma böhran dərinləşərsə, neftin dünya bazarında qiymətinin aşağı düşməsinə, Avropa Birliyinin idxal potensialının azalması kimi təsirlərə malik olacaq". Ekspert ümumiyytlə, ən çox təsirə Avrozonaya yaxın ölkələrin qalacağını bildirir: "O, cümlədən Rusiya, Ukrayna daha çox təsirə malik ola bilər. Mərkəzi Şərqi Avropada AB-yə üzv olmayan ölkələrdən Xorvatiya və digəriləri də bunları yaşaya bilər. Əsasən də qiymətli kağızlar bazarı AB-nin qiymətli kağızlar bazarına inteqrasiya olunmamış ölkələr Avrozonadakı böhranın mənfi təsirlərinə məruz qalmırlar. Azərbaycan səhm bazarı Avropa Birliyinin səhm bazarına inteqrasiya olmadığına görə, AB-dəki böhran Azərbaycan iqtisadiyyatına birbaşa təsir göstərmir".

Digər iqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, ümumdünya iqtsadi böhranı 2008-ci ildən ciddi şəkildə dalğalanaraq davam edir: "Son ciddi dalğa da Avrozonaya təsadüf etdi. Hətta Almaniya və Fransanın makroiqtisadi göstəricilərində ciddi geriləmələr baş verib. Bu iki ölkə isə AB-nin həm qurucu, həm də Avropa iqtisadiyyatının önündə gedən ölkələrdirlər. Burada yaşanan problemlər onu deməyə əsas verir ki, böhran gözləndiyindən daha uzun müddətli olacaq. Hətta AB-nin Mərkəzi Bankının ekspertləri bildiriblər ki, bu böhran 2020-ci ilə kimi sürə bilər. Çünki institusional problemlər var. Avrozonada bu gün yaranan problemlərin təməli 20 il öncə qoyuldu. Çünki o vaxtdan istehsalın Qərbdən Uzaq Şərqə axını baş verdi".

Böhranın MDB ölkələrinə təsirinə gəlincə, ekspert bildirdi ki, böhranın Rusiyaya təsiri daha güclüdür: "Çünki, AB-i Rusiyanın əsas ixracat bazarıdır. Bu nöqteyi-nəzərindən AB-də baş verən böhran Rusiyaya daha ciddi təsir göstərir. Çünki Rusiyanın ixrac etdiyi təbii resursların azalması, həm də qiymətlərin aşağı düşməsi baş verib. Azərbaycana gəldikdə isə bildirək ki, AB ölkələri Azərbaycanın ciddi iqtisadi partnyorlarıdır. Bizim ixracatımız əsasən neft və neft məhsullarıdır. Xüsusi ilə xam neftimizin də ən böyük alıcısı İtaliyadır. Amma indi İtaliyada da ciddi maliyyə problemləri var. Hətta İtaliya Avrozonadan çıxma təhlükəsi ilə də üzləşə bilər. Avrozonada 3-cü əsas ölkə olan İtaliyanın Avrozonadan çıxması böhranı daha da dərinləşdirə bilər. Ona görə də AB Azərbaycanın enerji alıcılarının önündə gəldiyi üçün Avropada baş verən proseslərin Azərbaycana da təsiri olacaq. Avronun məzənnəsində dəyişmələr, AB ölkələrindən idxal, AB - də baş verən böhranın Azərbaycana təsirindən xəbər verir".
Sizin Reklam Yeriniz