news Image
2012.09.06
07:18
| A A A
Avtobus sürücüləri hələ də həyati təhlükə yaradırlar
Natiq Cəfərli: “Bu sahədə elə bir mühit yaratmaq lazımdır ki, sürücülər boş vaxt tapıb yanacaqdoldurma məntəqəsinə girə bilsinlər” Namiq Həsənov: “Bu halda yanacaqdoldurma məntəqələrinin nəzarətçiləri və sərnişinlər sürücüyə öz etirazlarını bildirməlidilər və ya faktla bağlı Nəqliyyat Nazirliyinin qaynar-xəttinə dərhal zəng etməlidilər”

Son günlər ictimai nəqliyyatda sərnişinlərin təhlükəsizliyinin təminatı aktual məsələlərdən birinə çevrilib. Qaradağda 124 saylı marşrut üzrə xidmət edən avtobusun dəmiryolu reysinə çıxması və qatarla toqquşması nəticəsində 7 nəfərin ölümü və 44 nəfərin müxtəlif dərəcədə xəsarət alması bu sahə üzrə məsul olan dövlət qurumlarının yenidən məsələyə diqqətlərini artırıb. İctimai nəqliyyatda nizam-intizamın yaradılması, sürücülərin yol-hərəkət qaydalarına əməl etmələrinin əhəmiyyəti növbəti dəfə gündəmə gəlib.

Buraya sərnişinlə dolu avtobusların yanacaqdoldurma məntəqələrinə daxil olması da aiddir. Apardığımız müşahidələr göstərir ki, marşrut avtobuslarının sərnişinlə dolu yanacaqdoldurma məntəqələrinə (YDM) daxil olmasına qanunla icazə verilməsə də, hər gün bu qadağalar pozulur. Sərnişinlərin narazılıqlarına baxmayaraq, sürücülər "boş vaxtımız olmur" deyərək yanacaq doldurub hərəkətlərini davam etdirirlər. Amma sürücülər vətəndaşların həyatını qəti nəzərə almırlar.

Yanacaqdoldurma məntəqələrinin girişlərində marşrut avtobuslarına sərnişinlə məntəqəyə girməmək barədə xəbərdarlıq edilsə də, bir sıra hallarda buna əhəmiyyət verilmir. Hətta məntəqələrin nəzarətçiləri sürücülərə şifahi xəbərdarlıqları da qulaqardına vurulur.

Qeyd edək ki, sərnişin dolu avtobusların yanacaqdoldurma məntəqələrinə daxil olmaları yol-hərəkət qaydalarının pozulmasıdır. Və bu zaman avtobus sahibləri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə cərimələnirlər.

Nəqliyyat məsələləri üzrə ekspert Natiq Cəfərlinin sözlərinə görə, avtobusların yanacaqdoldurma məntəqələrinə sərnişinlə girmələri artıq ənənə halını alıb: "Qanun pozuntusunun tendesiyaya çevrilməsi yaxşı heç nə vəd etmir. Elə bir neçə gün öncə Qaradağda avtobusun qatarın keçməsini gözləmədən dəmiryolunun üzərinə çıxması bunun göstəricisidir. Sürücünün xırda səhlənkarlığı, laqeydliyi insanların həyatını risk altına atır. Biz gözləməli deyilik ki, yanacaqdoldurma məntəqələrində də sərnişin dolu avtobusların girməsi nəticəsində hansısa faciə baş versin, sonra buna qarşı mübarizəni gücləndirək. Ümumiyyətlə, avtobusların benzinlə təmin olunması məsələsi öz həllini tapmalıdır. Sürücülər planı doldurmaq və daha çox qazanc əldə etmək üçün marşruta çıxırlar. Onlar səhər tezdən və ya axşam işdən sonra 5 dəqiqə vaxt tapıb yanacaqdoldurma məntəqələrinə girə bilmirlər. Sürücülər səhər saat 6-dan, gecə saat 2-yə qədər xəttə olurlar. Bu sahədə elə bir mühit yaratmaq lazımdır ki, sürücülər boş vaxt tapıb yanacaqdoldurma məntəqəsinə girə bilsinlər".

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bizimlə söhbətində bildirdi ki, həm Nəqliyyat Nazirliyi və həm də digər dövlət qurumları avtobusların yanacaqdoldurma məntəqələrinə daxil olmalarına qarşı mübarizə aparırlar: "Nəqliyyat müfəttişləri bu sahədə aktiv fəaliyyət göstərirlər. Amma bəzən elə olur ki, sürücülər müfəttişlərimizin gözündən yayınaraq yanacaqdoldurma məntəqələrinə girirlər. Bu halda yanacaqdoldurma məntəqələrinin nəzarətçiləri və sərnişinlər sürücüyə öz etirazlarını bildirməlidilər və ya faktla bağlı Nəqliyyat Nazirliyinin qaynar-xəttinə dərhal zəng etməlidilər".

Qeyd edək ki, marşrut avtobuslarının sərnişinlərlə birgə yanacaqdoldurma məntəqəsinə daxil olması sərnişindaşıma qaydalarının pozulması deməkdir. İnzibati Xətalar Məcəlləsinin 151.2-ci bəndinə əsasən, sərnişin daşıyan avtobuslar yanacaq doldurma məntəqələrinə işdən sonra daxil ola bilərlər. İş müddətində sərnişinlərlə birlikdə yanacaqdoldurma məntəqəsinə daxil olan avtobusun sürücüsü 3 ballıq cəza alır və 40 manata qədər cərimə olunurlar.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs