news Image
2012.09.08
07:18
| A A A
Sürüşmə təhlükəsi yenidən baş qaldırır
Telman Zeynalov: "Yağışların yağması ilə sürüşmə tendensiyası demək olar ki, ölkənin bütün bölgələrində təkrarlana bilər" Ənvər Əliyev: "Azərbaycanda yağıntıların intensivləşməsilə sürüşmə halları və sel təhlükələri gözlənilən haldır"

Başa çatmaqda olan ilin əvvəlində ölkənin bir sıra əraziləri sel və daşqınların qurbanı oldu. Bir sıra yerlərdə isə torpaq sürüşməsi hadisələri qeydə alındı. Belə təbii hadisələr əsasən özünü Bakının sürüşməyə meylli Bayıl qəsəbəsində, bəzi dağətəyi rayonlarda daha intensiv şəkildə göstərmişdi. İndi də qarşıdan növbəti yağış sezonu gəlir. Adətən, daşqın və torpaq sürüşmələri də əsasən yağış və qardan sonra yaranan proseslərin nəticəsi olaraq özünü göstərir.

Görəsən, havaların soyumağa başlaması ilə sürüşmə və daşqın istiqamətində əvvəllər özünü göstərən tendensiya yenə də təkrarlana bilərmi?

Ekoloq Telman Zeynalov cari yağış və qar sezonunda da ölkənin müxtəlif ərazilərində sürüşmə, daşqının olması ehtimalını istisna etmədi: "Sözsüz ki, yağış və qarın yağması ilə sürüşmə və sel kimi təbii fəlakətlər ölkəmizdə yenidən təkrarlana bilər. Bəzi yerlərdə ağaclar qırılması da bu prosesə təsir göstərir. Ağaclar isə necə olsa da torpağın həm münbitliyini saxlayır və bir-birinə sıx birləşməsinə şərait yaradır. Ağacların qırılması ilə onların kökləri quruyur, nəticədə torpaq boşalır və bir qədər yağış yağan kimi həmin ərazidə sürüşmə baş verir. Belə proses özünü cari yağış və qar sezonunda da göstərə bilər. Belə sürüşmə hallarının qarşısını almaq üçün vaxtilə dağətəyi zonalarda terraslar yaradılmalı və burada geniş meşəliklər salınırdı. Belədə sürüşmənin qarşısı alınır, həm də torpaq bərkiyirdi. Ancaq indi bəzən insanlar qazanc dalınca qaçaraq ağacları qırıb ofislər, kafelər, ticarət mərkəzləri tikirlər. Düzdür, bu halınqarşısı indi əhəmiyyətli dərəcədə alınıb. Lakin edilən hallarda torpaq boşalır. Gələn qurunt sularının istiqaməti dəyişir. Torpağın alt qatındakı ağır gilə azca su dəyən kimi şişib yağ kimi sürüşkən olur. Onun üstündə olan bütün torpaq qatı da ağırlığa dözməyib sürüşməyə meylli olur. Digər tərəfdən ağacların qırıldığı yerlərdə salınan kafelər, ticarət mərkəzləri də öz ağırlığı ilə həmin yerlərdə sürüşməyə şərait yaradır. Yağışların yağması ilə sürüşmə tendensiyası demək olar ki, ölkənin bütün bölgələrində təkrarlana bilər. Ona görə deyirəm ki, harda yaşıllıqlar qırılıbsa, sürüşmənin həmin ərazidə baş vermə ehtimalı daha böyükdür. İkincisi, çayların kənarları da torpaq yuyulmasına şərait yarada bilər. Digər tərəfdən Kür və Araz çaylarının daşma ehtimalının təkrarlanmaması üçün həmin ərazilərdə hər il mütəmadi olaraq təmizlik işləri həyata keçirilməlidir. Həmin çayların dibi daimi olaraq təmizlənməli, sahil kənarları bərkidilməli, bəndqoruyucu bəndlər tikilməlidir. Bu proses mütəmadi olaraq hər il davam etməlidir. Bir il lili təmizləyib dayanmaq heç də o demək deyil ki, çayın daşması təhlükəsindən 15-20 il ərzində xilas ola bildik. Araz çayı lilin səviyyəsinə görə dünyada üçüncü çaydır. Onun bir ildə gətirdiyi lil demək oar ki, özündən başqa Kür çayının da suyunu qaldıra bilər. Nəticədə də sel daşmaları baş verər. Bu halda çayın dərinliyi minimuma enir. Onda isə suyun səviyəsi az olsa belə, onun kənara daşma ehtimalı artır".

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun əməkdaşı Ənvər Əliyev də istisna etmir ki, sürüşmə prosesi bu dəfə də özünü göstərəcək: "Adətən, yaz yağışı ilə payız yağışı arasında müəyyən fərqlər var. Payız yağışları yerin dərin qatlarına, təxminən 20 metr dərinliyinə qədər sıza bilir. Ona görə də payız yağışının yağması ilə sürüşmə təhlükəsinin yenidən özünü göstərəcəyini istisna etmək olmaz. Havalar qarın yağmasına doğru getdikcə, bu təhlükə daha da intensivləşə bilər. Dünyanın belə bir standartı vardır. Təbiətə nə qədər çox qeyri-elmi, ibtidai şəkildə təcavüz, müdaxilə etsən, onun problemləri də o qədər çoxalacaq. Təbiətlə öz dililə danışmaq lazımdır. Belə bir məşhur söz var: "təbiət heç vaxtı səhv etmir, səhvi insanlar edir". Ona görə də çalışmalıyıq səhvlərimizi azaldaq ki, təbiət də bizə sərt üzünü az göstərsin, cəzalandırmasın. Azərbaycanda yağıntıların intensivləşməsilə sürüşmə halları və sel təhlükələri gözlənilən haldır. Ölkədə həyata keçirilən infrastruktur tədbirləri zamanı buraxılan bəzi səhvlər bizi ekoloji problemlərdən, təbii fəsadlardan sığortalamır. Fikrimcə, bir sıra rayonlardakı tədqiqat institutları və Elmlər Akademiyası tərəfindən problemlərin həlli istiqamətində kifayət qədər elmi təkliflər verilib. Həmin təkliflər də əsasən yaşıllıq zonalarının salınmasına xüsusi diqqət yetirilməsi, belə zonaların məhv edilməsinin qarşısını almaq istiqamətindədir. Ümumiyyətlə, təbii fəlakətlərə həmişə hazır olmalıyıq. Təbiətin şıltaqlığından heç kəs sığortalanmayıb. Çalışmalıyıq ki, təbii proseslərin intensivləşməsi istiqamətində ciddi səhvlər buraxmayaq. İkincisi, elədiyimiz səhvlərin köklü şəkildə həlli yollarını araşdırıb, onların yenidən təkrarlanmasına imkan verməməliyik".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs