news Image
2012.04.13
19:33
| A A A
Qida zənginləşdirilməsi səhhətimiz üçün ciddi problemə çevrilə bilər
Adil Qeybulla: “Qidanın əlavə vitaminlərlə zənginləşdirilməsinin orqanizmə və ürəyə müxtəlif neqativ və toksiki təsirləri vardır” Əhliman Əmiraslanov: “Deyə bilmərəm ki, ərzağın zənginləşdirilməsi ilə hər şey həll olunacaq” Bütün canlı aləm, o cümlədən insanlar da orqanizmi təmin etmək üçün çoxsaylı, müxtəlif qida məhsulları qəbul edir. Bu zaman onların qəbul etdiyi qidalar arasında müxtəlif komponentli maddələr olur. Son dövrlər qidanın müxtəlif vitaminli əlavələrlə zənginləşdirilməsi halı geniş yayılıb. Məsələn, una dəmir mikroelementi qatılır. Xaricdə qidaların əlavələrlə zənginləşdirilməsilə bağlı müvafiq qanunvericilik bazası formalaşıb.
Yəni burada qidaya hansı və nə qədər həcmdə əlavələrin edilməsi və s. göstəricilər öz əksini tapır. Verilən məlumatlara görə, Azərbaycanda da bu istiqamətdə qanunvericilik bazası hazırlanır. Amma o da var ki, qidaların müxtəlif əlavələrlə zənginləşdirilməsi bir sıra hallarda bəzi problemlərə də gətirib çıxara bilər. Belə bir təhlükənin olub-olmadığını və qidaların əlavə mikroelementlərlə zənginləşdirilməsi istiqamətində hansı xarici təcrübənin olduğunu ekspertlərlə dəqiqləşdirdik.
Tibb elmləri doktoru Adil Qeybullanın fikrincə, bu zaman təhlükə orqanizmə və ürəyə ola biləcək toksikti təsirlərlə bağlı ola bilər: "Ümumiyyətlə qidaların tərkibinə ayrılıqda qida kimi istifadə olunmayan, lakin qidaya dad, struktur, rəng verən müxtəlif maddələr də qatılır ki, ona da qida əlavələri deyilir. Qida əlavələri qidanın daha çox konservləşdirilməsi, ona forma verilməsi, rənglənməsi zamanı istifadə olunur. Ayrılıqda isə bu əlavələr heç bir halda qida sayılmır. Qida əlavələrinin hər birinin kodu var, onlar kod vasitəsilə işarələnir. Ümumdünya Səhiyyə Təşkilatının şöbələrinin birində həmin qida əlavələrinin reyestri və onun kodu vardır. Məsələn normal bir firmanın istehsalı olan ərzaq məhsulunun üzərinə baxsaq oradakı "E" hərfinin Avropa sözünün ingilis dilindəki baş hərfini göstərdiyini görərik. Bu hərfin önündəki rəqəm isə həmin qida əlavəsinin kodudur. Deməli, qidanın tərkibində olan vitamin əlavələri kod vasitəsilə göstərilir. Qida əlavələri təbii ki, orqanizmə təsirsiz ötüşmür. Onun orqanizmə müxtəlif neqativ və toksiki təsirləri vardır. Hətta ürəyə də ziyanı ola bilər. Bu baxımdan həmin qida əlavələrini qəbul etməmişdən əvvəl hər bir istehlakçı onunla yaxından tanış olmalıdır. Amma təəssüf ki, bizdə belə bir təcrübə yoxdur. Nəticədə də istehlakçı bununla bağlı maarifləndirilmir. Qidanın tərkibinə müxtəlif qida komponentlərinin vurulması, məsələn, duza yod, çörəyə dəmir mikroelementinin əlavə olunması həmin regionda çatışmayan mikroelementlərin əlavə olunması sayılır ki, bu da artıq xüsusi kompozision qidalardır. Yəni belə qidaların tərkibinə daxil olan mikroelementlər ayrılıqda qida əlavəsi hesab olunmur. Onlar özləri də orqanizmə lazımdır və orqanizm tərəfindən mənimsənilib sərf olunur. Lakin qida əlavəsi ayrı-ayrılıqda orqanizmə lazım olmayan, amma qida üçün lazım olan maddələrdir. Xarici ölkələrdə qidaların müxtəlif əlavələrlə zənginləşdirilməsi mexanizmi daha sistemli şəkildə həyata keçirilir. Xarici dövlətlərdə müəyyən qida əlavəsinin üzərində onun kodu, həmin əlavənin xüsusi reyestrini vətəndaşın əldə etmək imkanı vardır. Oradakı vətəndaşlar gözəl anlayır ki, həmin qida əlavələrini çox qəbul etsə onun mədəsində pozğunluq əmələ gələ bilər. Ona görə də sivil ölkələrə müxtəlif əlavələrlə zənginləşdirilmiş qidalar haqqında vətəndaşlar mütəmadi olaraq maarifləndirilir. Onlara periodik olaraq məsələ ilə bağlı informasiya verilir. Nəticədə xaricdə əhalinin qida əlavələr ilə bağlı dürüst məlumatları almaq imkanları daha genişdir. Ona görə də bizdən fərqli olaraq başqa dövlətlərdə vətəndaşlar həzmə qəbul etdiyi qidanın adı və tərkibini əsasən dəqiq şəkildə bilir. Bu proses ərzaq təhlükəsizliyinin əsas prinsiplərinə cavab verir. Bizdə isə bu yox səviyyəsindədir".
Məsələ ilə bağlı mətbuata açıqlamasında millət vəkili, akademik Əhliman Əmiraslanov maraqlı fikirlər səsləndirib: "Bir həkim kimi mən heç də o fikirdə deyiləm ki, ərzağın digər maddələr hesabına zənginləşdirilməsi ilə bir sıra problemlər, genetik xəstəliklər həllini tapacaq. Mən bu sahədə mütəxəssis olmasam da, ancaq bu məsələnin reallaşdırılmasının bizə çox da xeyirli olacağını zənn etmirəm".
Onun dediyinə görə, ərzağın zənginləşdirilməsi ilə başqa ölkələrin təcrübəsinə əsaslanmaq və bunu əsas götürmək, bir o qədər də səmərəli və uğurlu variant, həll yolu deyil: "Bu məsələni gündəmə gətirənlər çox zaman başqa ölkələrin təcrübəsinə istinad edirlər. Axı, həmin ölkələrin, orada yaşayan xalqların milli xüsusiyyətləri başqa, bizimki tamam başqa?!
Bəlkə onlarda ərzağın digər maddələr hesabına zənginləşdirilməsi öz müsbət nəticəsini verir, buna etirazım yoxdur, amma bunun bizə də yararlı olacağına kim zəmanət verə bilər? Düzdür, mən bu məsələnin bütünlükdə əleyhinə deyiləm, amma bir həkim, bir millət vəkili kimi hesab edirəm ki, bu, olduqca böyük araşdırma, tədqiqat tələb edən bir məsələdir və burada da heç bir tələskənliyə yol vermək olmaz.
Yeri gəlmişkən, bir müddət öncə Amerikadan bizə bir məşhur alim gəlmişdi. O deyirdi və sübut etməyə çalışırdı ki, ekoloji təmiz məhsullardan daha çox, geni dəyişdirilmiş məhsullar, meyvələr insan sağlamlığı, orqanizmi üçün əlverişlidir. O, hətta iddia edirdi ki, ABŞ Prezidenti Barak Obama da geni dəyişdirilmiş məhsullardan daha çox istifadə edir. Amma hansı ki, mən də, elə bir çoxlarımız da geni dəyişdirilmiş məhsulların, meyvələrin insan sağlamlığı üçün çox ziyanlı və zərərli olduğu qənaətindəyik. Deməkdə məqsədim odur ki, ərzağın digər maddələr hesabına zənginləşdirilməsi ilə bir çox problemlərdən, genetik xəstəliklərdən qurtulacağımızı düşünmürəm və bu mövqedə olanların fikirlərini də bir o qədər bölüşmürəm".
Rüfət NADİROĞLU

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs