news Image
2012.04.13
19:45
| A A A
Ermənilərdən sülh təşəbbüsünə qarşı növbəti hücum
Düşmən ölkədə Azərbaycan ərazilərinin bir hissəsini işğal altında saxlamaqda davam edən, bununla təkcə ölkəmiz yox, bütün Cənubi Qafqaz regionu üçün ciddi təhlükə yaradan Ermənistan hələ də aqressiv mövqeyindən əl çəkmək istəmir. Əksinə, bu ölkədə həyata keçirilən siyasət regionda düşmənçilik toxumlarının çoxalmasına, daha gərgin bir vəziyyətin formalaşmasına xidmət edir.
Bunu Gümrü şəhərində aprelin 12-ə açılışı təyin olunan "Azərbaycan filmləri festivalı"nın baş tutmaması da təsdiq edir. Sözügedən təşəbbüsün müəllifi, Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin (QSTM) rəhbəri Qeorgi Vanyan bu məsələyə görə ölkəsində neçə gündür ki, ciddi təzyiq və hədələrə məruz qalır.
Qeyd edək ki, festivalın keçirilməsi planının pozulmasına səbəb Ermənistanda və o cümlədən Gümrü ilə İrəvanda tədbirin əleyhinə təşkil edilmiş etiraz aksiyaları olub. Gümrüdə "Asparez" jurnalistlər klubunda "Azərbaycan filmləri festivalı" keçiriləcəyi elan olunduqdan sonra tədbirin təşəbbüsçüsü QSTM rəhbəri Qeorgi Vanyanın ünvanına həqarətli məktublar daxil olmağa başlayıb. Vanyanı və tədbirdə iştirak etmək niyyətində olanları vətənə xəyanətdə ittiham edirlər, hətta divan tutmaqla hədələyiblər. Xatırladaq ki, QSTM Azərbaycanda çəkilmiş 4 qısametrajlı filmə (1 sənədli və 4 bədii) baxmağa dəvət etmişdi. Yeganə "Tamaşaçı simpatiyası" nominasiyanın qalibi tamaşaçıların səsverməsi nəticəsində müəyyən edilməli idi. Tədbirin keçirilməsinə ABŞ-ın və Böyük Britaniyanın Ermənistandakı səfirlikləri maliyyə ayırmışdılar.
Qeyd edək ki, "Azərbaycan filmləri festivalı"nın Ermənistanda keçirilməsi mövzusu İnternet sosial şəbəkələrində son həftənin ən müzakirə olunan mövzusu olub. Bu arada Rusiyanın "Regnum" informasiya agentliyinın məlumatına görə, Gümrüdə etiraz aksiyaları şəhərin meriyası tərəfindən təşkil edilib. Dövlət və ictimai xadimlər tərəfindən təhdidlər səsləndirilib.
Öz çıxışlarında onlar festivalın təşkilatçılarına, iştirakçılarına və tədbirin keçirilməsi üçün otaq təqdim edən "Asparez" jurnalistlər klubuna qarşı zorakılığa çağırıblar. QSTM-nin bəyanatında bununla bağlı bildirilir: "QSTM Azərbaycan filmləri festivalının keçirilməsi ətrafında süni gərginlik yaratmaqda, mümkün provokasiyalar və zorakılıqda" şəxsən Gümrü şəhərinin meri Vardan Qukasyan məsuliyyət daşıdığını və onun rəhbərliyi ilə "terror təbliğat kampaniyası" yeridildiyini bəyan edir". Hazırda Ermənistanda Vanyanı vətənə xəyanətdə ittiham edirlər, hətta divan tutmaqla hədələyirlər.
Təxminən il yarım bundan əvvəl də Qeorgi Vanyanın belə bir təşəbbüsü baş tutmamışdı. Tədbirin keçirilməsi üçün icarəyə veriləcək yerlərin sahibləri razılaşmanı pozub, vədlərindən dönmüşdülər.
Azərbaycanda çəkilən filmlərə baxmaq istəyənlərə filmlərin diskə yazılmış surətləri verilmişdi.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Gümrüdə Azərbaycan filmlərinin nümayiş etdirilməsi layihənin əleyhinədir. Bunu nazirliyin Kinematoqrafiya Şöbəsinin nümayəndəsi Yusif Şeyxov da təsdiq edib. Onun sözlərinə görə, ermənilərin bu filmləri necə əldə edəcəklərini anlamır: "Onlar bizim "Dövlətfilm" fondunda saxlanır və dövlətin icazəsi olmadan oradan heç bir film götürülə bilməz. Ermənistanın işğalçı siyasəti ucbatından Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dövlət xəttilə bu ölkə ilə heç bir müştərək aksiyada iştirak edilmir və iştirak etmək niyyəti də yoxdur". Bu arada, azərbaycanlı politoloq Zərdüşt Əlizadə Azərbaycanda Ermənistan filmləri festivalı keçirilməsini təşkil etməyə hazır olduğunu bildirib.
Zərdüşt Əlizadə "Zerkalo" qəzetinə Qeorgi Vanyanla Facebook vasitəsilə əlaqədə olduğunu və "yaxşı erməni filmləri seçsə, Azərbaycanda Ermənistan filmləri festivalını" keçirməyə hazır olduğunu bildirib: "Qeorqi Vanyan erməni və azərbaycan xalqlarının barışdırılması üçün çox şey edib. O, cəsarətli insandır, azərbaycan və nəhayət, erməni millətlərinin barışması üçün fəaliyyətini davam etdirəcək". Lakin ermənilərin Azərbaycan filmlərinə qarşı son hərəkəti bu ölkənin sülh təşəbbüslərindən hələ çox uzaq olduğunu göstərir.
Səməd CƏFƏROV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs