news Image
2012.09.13
07:07
| A A A
Yol «terroru» yenə dəhşət saçır
Təkcə iki gündə 11 adam yol qəzasının qurbanı olub

Ölkə mediasında gündəlik olaraq rastlaşdığımız xəbərlərdən biri baş verən yol qəza hadisələri və nəticədə hər gün bir neçə nəfərin dünyasını dəyişməsi ilə bağılıdr. Statistika bu sahədə həqiqətən də dəhşətli mənzərənin yaranmasından xəbər verir. Təkcə bir məqamı qeyd edək ki, sentyabrın 10-11-də yol qəzaları nəticəsində 11 nəfər dünyasını dəyişib. Belə ki, sentyabrın 11-də Azərbaycanda 5 nəfər yol qəzalarının qurbanı olub.

Həmin gün avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalarda 5 nəfər ölüb, 21 nəfər yaralanıb. Bundan cəmi 1 gün əvvəl isə "yol terroru" daha 6 nəfərin həyatına son qoyub.

Belə ki, Azərbaycanın avtomobil yollarında sentyabrın 10-da 7 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 6 nəfər ölüb, 6 nəfər isə yaralanıb.

Xatırladaq ki, 2011-ci ildə yol-nəqliyyat qəzalarının, o cümlədən qəzalar zamanı ölən və yaralananların sayı artıb. Belə ki, ötən il respublikada baş verən 2890 yol qəzasında 1016 nəfər ölüb, 3031 nəfər xəsarət alıb. İl ərzində baş verən qəzaların 1175-i Bakı şəhərində olub. Bu qəzalarda 371 nəfər ölüb, 1176 nəfər xəsarət alıb. 2012-ci ilin ötən dövründə baş verənlər isə keçən ilin göstəricilərinin daha da artmasını istisna etmir.

Ekspertlərin fikrincə, yol-nəqliyyat qəzalarının əsas səbəblərindən biri yol hərəkət qaydalarını pozanlara qarşı sərt cəza tədbirlərinin görülməməsindən irəli gəlir. Yol qəzaları qanunvericiliyin yaxşı icra edilməməsi, səkilərin zəbt edilməsi, yolların yaxşı işıqlandırılmaması, tıxacların çox olması, sürücülərin yol-hərəkət qaydalarını bilməməsi də burada az rol oynamır.

Bakıya dair statistikaya nəzər salsaq, paytaxtda ilin ilk yarısında baş verən 533 qəzanın təxminən 33 faizi məhz avtomobilin yüksək sürətlə idarə olunmasına görə baş verib. Hesabat dövründə 165 hadisənin səbəbi məhz budur; nəticədə 59 nəfər dünyasını dəyişib, 156 nəfər yaralanıb. Qəza səbəblərinə görə ikinci yerdə ötmə qaydalarının pozulması dayanır. Ümumi hadisələrin 13,7 faizi bu üzdən baş verib. Qəzaların 8 faizi isə yolayrıcını keçmə qaydalarının pozulması ucbatından yaşanıb. Ölüm faktları arasında üstünlüyü piyadanın avtomobillərlə vurulması halları təşkil edir.

Ekspertlər diqqəti ona yönəldirlər ki, Dövlət Yol Polisinin əməkdaşları xidməti vəzifələrindən irəli gələn tədbirlərin öhdəsindən hətta ən yüksək səviyyədə gəlsələr belə, indiki şəraitdə sürücülərin maariflənməsi, onların yol-hərəkət qaydalarına riayət etməsində ciddi təbliğata ehtiyac var. Çünki sürücülər sırasında kifayət qədər naşı olanları da mövcuddur. Bəziləri özlərinə güvənib, maşını yüksək sürətlə idarə edərək kobud şəkildə qaydaları pozur, heç nəyə məhəl qoymur. Hətta sərnişin daşıyan sürücülər arasında hətta sürücü vəsiqəsi olmayanlar da var. Problemdən çıxış yolu qanunvericilikdə bəzi dəyişikliklərin olması və maarifləndirmə işlərinin genişləndirilməsindən keçir. Məsələn, hesab edilir ki, sərxoş sürücüləri indiki kimi bir il deyil, ən azı üç il müddətinə sürücülük hüququndan məhrum etməklə bu sahədə ciddi irəliləyişə nail olmaq olar. Sürücülük vəsiqəsi olmadan sərnişin nəqliyyatını idarə edənlə bağlı isə onun işlədiyi idarənin əlaqədar və məsul şəxslərini məsuliyyətə cəlb etməklə qüsurların aradan qaldırılmasında mühüm addım atmaq mümkün sayılır.

Aparılan araşdırmalar isə onu da sübut edir ki, ölkə paytaxtında baş verən qəzaların əsas səbəblərindən biri sürücülərin təhlükəsizlik qaydalarının tələblərinə riayət etməməsi, avtomobilin texniki sazlığı amilinə diqqət yetirməməsi və s. ilə bağlıdır. Təəssüf ki, bir sıra Qərb ölkələrindən fərqli olaraq Azərbaycanda sürücülər avtomobilin texniki durumunun hansı vəziyyətdə olması ilə maraqlanmır, bunu ikinci dərəcəli məsələ hesab edirlər. Halbuki avtomobildə əyləşən hər bir şəxsin mənzil başına sağ-salamat çatması ilk öncə avtomobilin texniki sazlığından, onun bütün detallarının mövcud standartlara lazımınca cavab verməsindən asılıdır. Sürücülərin böyük əksəriyyəti texniki təhlükəsizlik məsələsinə formal yanaşdığı, bir çoxlarının isə ümumiyyətlə bu barədə elementar anlayışa sahib olmadığı üçün qəzaların qarşısını nəinki almaq, hətta onun sayını qismən də olsun azaltmaq səyləri bir nəticə vermir.

Ekspertlər diqqəti ona yönəldir ki, ölkə qanunvericiliyi hər bir avtomobilin il ərzində bir dəfə texniki baxışdan keçirilməsini zəruri hesab edir. Lakin bu texniki baxışdan sonra maşının heç bir müayinəyə ehtiyac duymadığı anlamına gəlməməlidir. İnsanlarımızın çoxu elə hesab edir ki, avtomobil dövlət baxışından keçdikdən sonra onu bir il ərzində problemsiz olaraq istismar etmək olar. Lakin vətəndaşlar unudur ki, hər bir avtomobilin texniki istismar vəziyyəti onun texniki baxışdan hansı tarixdən keçməsindən deyil, avtomobilin istismar şəraitindən asılıdır. Hər bir texniki normativə cavab verən istənilən avtomobili elə istismar etmək olar ki, o, bir aydan və ya bir həftədən sonra tamamilə yararsız və təhlükəli vəziyyətə düşsün.

O da vurğulanır ki, mövcud qanunvericiliyin tələblərini pozan və təhlükəsizlik qaydalarına əməl etməyən sürücülərə qarşı tətbiq olunan cərimələr artırılsa da, qəzaların artan xətt üzrə davam etməsi bu dəyişikliyin problemin həllinə çözüm olmayacağını təsdiq edir. Bu səbəbdən cərimələrin daha bir neçə dəfə artırılması məqbul sayılır. Belə bir rəy formalaşıb ki, qəzaların sayının çox olmasında Rusiya istehsalı olan avtomobillərin payı var. Amma artıq bu maşınların Azərbaycana gətirilməsinə qadağa qoyulub. Lakin statistikadan bəlli olur ki, digər bir faktor - sürücülərin yaşı da qəzalara təsir göstərir. Belə ki, yol hadisələrinin əksəriyyətini 25-35 yaşlı sürücülər törədirlər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs