news Image
2012.09.15
07:37
| A A A
“Azercell”in internet xidmətindən narazılıq var
Şirkət özü isə bu barədə səslənən fikirləri qərəzli şəxsi mülahizə hesab edir

Ölkə iqtisadiyyatı inkişaf etdikcə müxtəlif sahələrdə baş verən dəyişikliklər daha tez nəzərə çarpır. Belə cəlbedici sahələr sırasında xidmət sahələri xüsusi əhəmiyyət kəsb edir. Rabitə də bir xidmət sahəsidir. Son zamanlar həm dövlət, həm də özəl biznes yatırımları hesabına bu sahədə xeyli işlər görülüb. Gələn il orbitə çıxarılacaq Azərbaycanın ilk milli peyki də qeyd edilənlərin real təsdiqidir.

Lakin təkcə dövlətin deyil, ayrı-ayrı biznes strukturlarının da səmərəli fəaliyyət göstərməli olduğu bu sahədəki özəl qurumların yaratdığı müəyyən çətinlikləri də görmək mümkündür. Belə ki, texnologiyanın inkişafı nəticəsində mobil telefon şəbəkəsindən təkcə danışıq deyil, həm də internetə daxil olmaq üçün də istifadə edilir. Maraqlı və ürəkağrıdıcı hal burasıdır ki, satdıqları datakartların minimum 2, maksimum 27 mb/s sürəti olacağını iddia edən bəzi mobil operatorlar istifadəçilərə yalan sırımaqla məşğuldur. Əhali arasında apardığımız kiçik sorğu da bunu bir daha sübut etdi. İnsanların çoxu bu növ elanlara inanmır, inanıb datakart alanlar isə aldandıqlarını etiraf edirlər. Paytaxt sakinlərinin ən çox narazılıq etdiyi mobil operator isə "Azercell"dir. Ölkəmizdə 1996-cı ildən fəaliyyət göstərdiyini və keyfiyyətli xidməti ilə seçildiyini iddia edən bu mobil operatorun datakart vasitəsi ilə sürətli internet təminatından etirazlar var.

Məsələ ilə bağlı ekspertlərin fikirlərini də öyrənməyə də çalışdıq. İKT üzrə ekspert Hacı Hacıyev hesab edir ki, ölkədə mobil operatorların təqdim etdiyi 3G və 4G xidmətlərində müəyyən problemlər var: "3G artıq operatorların hamısında var. Birinci Azərfon başladı. Sonradan digər iki operatora da verildi. Ondan qabaqsa tezlik olaraq yalnız BBTV-də idi. Bu lisenziya mobil operatorlara verilənən sonra tezlik onlar arasında bölündü. İndi hər 3 mobil operatorun 3G linsenziyası var. 4G isə texniki baxımdan yalnız "Azercell"dədir. Bununla belə 4G texnologiyası inkişaf etməyib və qiyməti kifayət qədər yüksəkdir. Əhatə dairəsi də bütün Bakını əhatə etməyib". Gənc ekspert Ayaz Quliyev isə bildirir ki, xarici ölkələrin bəzilərində 4G internet 3G internetlə eyni qiymətə müştərilərə təqdim edilir: "Xarici ölkələrdə bu müxtəlifdir, eyni təqdim edənlər də var, fərqli qiymətə təklif edənlər də".

Ölkənin ən geniş əhatə dairəsinə malik mobil operatoru "Azercell" isə istifadəçilərin mobil internetin sürətinin zəif olması ilə bağlı ittihamlarla razılaşmır: ""Azercell Telekom" MMC tərəfindən göstərilən hansısa xidmətin bərbad olduğuna dair qeydinizi qərəzli şəxsi mülahizə hesab edirik. 4 milyon 200 mindən çox abunəçisi olan və hər zaman abunəçilərinin rahatlığını düşünən "Azercell Telekom" MMC bu cür ittihamı əsassız sayır".

Həmçinin qurum mobil internet və mobil rabitə istifadəçilərinin hər hansı problemlərinin yaranmasını MMC-nin xidmətlərindəki problemlərlə deyil, bitkilərlə əlaqələndirməyin doğru olduğunu hesab edir: ""Azercell Telekom" MMC-nin təqdim etdiyi xidmətlər çərçivəsində abunəçilərin istifadəsinə verilən nömrə ilə əlaqədar münasibətləri tənzimləyən müvafiq Abunə Müqaviləsinin şərtlərinə əsasən (3.1-ci maddə) telekommunikasiya rabitəsi radiosiqnallar vasitəsi ilə həyata keçirildiyindən hər hansı kənar maneə mənbələrindən, o cümlədən binalardan, bitkilərdən, relyefdən və sair maneə mənbələrindən müdaxiləyə və arzuedilməz təsirlərə məruz qala bilər, həmçinin abunəçinin cihazından da asılı olan hallar nəzərə alınmaqla, hər bir vaxt və hər yerdə (xüsusən də, maneələrin yerləşdiyi ərazilərdə) keyfiyyətli və aramsız rabitəyə təminat verilmir".

Sonda isə onu bildiririk ki, "Azercell Telekom" MMC-nin müştərilərin müraciətlərinə nə dərəcədə operativ və obyektiv yanaşdığını yoxlamaq üçün iki datakartın internet sürətində problem olduğunu əsas gətirərək onlayn və telefon müştəri xidmətlərinə müraciət etdik. Müraciətin edilməsindən 5 həftədən artıq vaxt keçməsinə baxmayaraq, həmin datakartlarla bağlı problem hələ də qalmaqdadır. Digər bir maraqlı cəhət isə "Azercell Telekom" MMC-yə göndərdiyimiz sorğu ilə bağlıdır. Media ilə sıx əlaqələrinin olduğunu və hər zaman medianın suallarını obyektiv və operativ cavablandırdığını iddia edən operator göndərdiyimiz sorğuya yalnız 1 həftə sonra cavab verdi.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs