news Image
2012.09.15
07:39
| A A A
Avropa Parlamentində Azərbaycanla bağlı yığışmaq üçün fürsət axtarırlar
Novruz Məmmədov: “Sanki yatanda da yuxularında Azərbaycanı görürlər”

Ramil Səfərovun ekstradisiyası beynəlxalq hüquqa və Azərbaycan konstitusiyasına tam uyğun həyata keçirilib. Bunu Prezident Administrasiyası beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib. O qeyd edib ki, prosesə aid qanunvericilik ilə tanış olan hər kəs bunu yaxşı bilir. "Adamda elə təəssürat yaranır ki, Avropa Parlamentində Avropa Xalq Partiyasının rəhbərlik etdiyi bir qrup parlamentarinin (754 deputatdan 40-ı) daha heç bir başqa işi yoxdur, oturub gözləyirlər ki, Azərbaycanla bağlı bir hadisə baş versin, onlar da tez-tələsik yığışıb sərt mövqe bildirsinlər.

Sanki, bir necə ildir Avropanın bir sıra ölkələrinin böhran içərisində çabalaması, işsizlik, iqtisadiyyatın çökməsi və s. bu kimi problemlər bu parlamentarlara aid deyil. Hər şeyi belə yaxşı bilirsinizsə, o işlərlə məşğul olun, öz ölkələrinizin seçicilərini razı salın. Birinci gündən 6-cı günə, səhərdən axşama kimi küçələrdə etiraz aksiyası keçirirlər. Onlarla rəftar isə göz qabağındadır. Görəsən, onların yaşamaq, işləmək və s. hüquqlarını pozanlar kimdir?" N.Məmmədov qeyd edib ki, bu parlamentarlar Azərbaycan ərazilərinin işğal altında qaldığı 20 ildən artıq müddətdə heç olmasa bir dəfə beynəlxalq hüququ Azərbaycan üçün də xatırlayıb BMT TŞ-nin 4 qətnaməsinin bu gün də yerinə yetirilməməsini qeyd etsəydilər, onların ədalətli, qərəzsiz olmalarına azacıq da olsa inam qalardı.

"Avropa İttifaqında bəzi dairələr başa düşmək istəmirlər ki, müxtəlif ölkələrdə ictimai rəyə saymamazlıq göstərməklə səhv edirlər. Son günlər Ramil Səfərovun ekstradisiyası ilə bağlı danışmayan, yazmayan KİV nümayəndəsi, jurnalist qalmadı, sanki bu hadisə planetdəki proseslərə təsir edəcək ən mühüm hadisədir.

Bunun da bir səbəbi var: bir gənc, dünyəvi müsəlman dövlətinin beynəlxalq münasibətlərin ən mühüm sahələrində böyük nailiyyətlər qazanması, daxili siyasətdə mühüm uğurlar əldə etməsi, qeyd etdiyimiz kimi, bir sıra dairələrin ürəyindən deyil, bunu həzm edə bilmirlər.

İndiyə qədər – erməni terrorçularının həm dünyanın müxtəlif ölkələrində (ABŞ-da, Fransada və s.), həm də Azərbaycanda törətdikləri terror aktları, ekstradisiya hadisələri ilə bağlı bir söz də deməyiblər. Bunu necə başa düşmək olar?" O vurğulayıb ki, ötən XX əsrdə erməni terrorçuları, daşnaklar və ASALA təşkilatı yüzlərlə terror aktı törədib, yüzlərlə insan, diplomat, siyasi xadim və b. qətlə yetiriliblər.

"Tədqiqat aparın, Avropa Parlamenti və yaxud, hansısa beynəlxalq və ya regional təşkilat bir mövqe bildiribmi? Yox, bildirməyiblər, bunu etməyi lazım bilməyiblər. Amma Azərbaycanla bağlı bildirdikləri mövqelərin sayı-hesabı yoxdur. Sanki yatanda da yuxularında Azərbaycanı görürlər. Əgər parlamentin bu məsələdə fəallıq göstərən yuxarıda qeyd etdiyimiz üzvləri belə ədalətlidirlərsə, beynəlxalq hüquqa hörmət edirlərsə qoy bircə dəfə 20 ildən artıq erməni işğalı altında qalan 7 rayon haqqında bir ədalətli qətnamə qəbul etsinlər. Bu ərazilərə ermənilərin heç bir iddiası yoxdur və ola bilməz. Axı bu rayonlardan 750 min insan məcburi köçkünə çevrilib. Onların hüquqları yoxdur? Hansı hüquqi əsasla ermənilər bu rayonları 20 ildən artıq işğal altında saxlayırlar və oralarda hər şeyi dağıdıblar. Bu beynəlxalq hüquq predmeti deyil? Ancaq həmin deputatlar bu məsələ ilə bağlı özlərini kor və kar kimi aparırlar. Nə üçün belə edirlər. Bir izahat verib mövqe bildiriblərmi? Əgər həmin deputatlar belə ədalətlidirlərsə qoy onda Anders Breyvikin törətdiyi terror aktına, onun yazdığı və təbliğ etdiyi ideologiyaya düzgün qiymət verib, onun törətdiyi qətliama görə hər ölüm hadisəsi üçün 3 ay həbs cəzası verilməsinə mövqe bildirsinlər. Nə üçün bunu etmirlər? Amma Azərbaycanla bağlı ayda bir dəfə yığışmaq üçün fürsət axtarırlar. Göründüyü kimi, qərəzli yanaşma göz qabağındadır. Nə qədər Azərbaycanın müxtəlif təşkilatlar qarşısında və ya çərçivəsində öhdəliklərindən danışmaq olar?

Bəs bu təşkilatların, qurumların və dövlətlərin özlərinin yaratdıqları beynəlxalq hüquq çərçivəsində öhdəlikləri yoxdur? Axı beynəlxalq hüququ yaradanda onun başdan-başa öhdəlik olduğunu bilirdilər. Necə olur, bu öhdəliklər onlara aid deyil? Yoxsa öhdəliklərlə neçə istəyirlər rəftar etmək öhdəliyini öz üzərlərinə götürüblər? Və nəhayət, Ramil Səfərov hadisəsi ilə bağlı bir mövqeni tez-tez tutuquşu kimi təkrar edirlər. Guya regionda gərginliyin azalmasına və barışığa mane olan elə bu hadisədir. Axı 20 ildən artıq gedən proseslərə bu dərəcədə yanlış yanaşmaq olmaz. Bəs ötən 20 ildə gərginliyin azalmasına, barışığa mane olan nə idi? Azərbaycanın əraziləri işğal altında deyilmi? Bunu heç kim görmək və mövqe bildirmək istəmir? Bu dərəcədə qərəzli olmaq nə deməkdir. Bu suala cavab verən tapılarmı?

Təəssüflər olsun. Çünki belə mövqelər, belə yanaşmalar müxtəlif problemlər yaradır. Bu da göz qabağındadır. Dünyada baş verən hadisə, proseslərə ədalətli mövqedən yanaşmamaq çox fəsadlara səbəb ola bilər".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs