news Image
2012.09.19
07:38
| A A A
Dedektivlərin xidmətindən istifadə yenidən gündəmdədir
Çingiz Qənizadə: “Azərbaycanda özəl dedektivin olmasının tərəfdarı deyiləm” Fazil Mustafa: “Bu gün ölkəmizdə dedektiv fəaliyyətinə ehtiyac var”

Əlövsət Əliyev: "Hazırda ölkəmizdə bu fəaliyyət mövcuddur, lakin rəsmiləşdirilməyib"

İlk dəfə Fransada yaradılan dedektiv agentliyi qısa bir zamanda dünyanın bir çox ölkəsində qanuni fəaliyyət sayılmağa başladı. Məlumdur ki, artıq dünya ölkələrinin bir çoxunda dedektiv fəaliyyəti ilə məşğul olmağa icazə verilir. Bu fəaliyyət növü əməliyyat-axtarış xarakteri daşıyıb, cinayətlərin açılması, kimlərinsə izlənilməsi və digər axtarış əməllərində hüquq-mühafizə orqanları ilə yanaşı, sıravi vətəndaşlara da yardım göstərir.

Amma Azərbaycanda dəfələrlə gündəmə gələn dedektiv fəaliyyət növündən istifadə olunmur və məsələni tənzimləyəcək qanunvericilik aktı mövcud deyil.

Hazırda parlament deputatları arasında bu mövzu ətrafında fikir ayrılığı hökm sürməkdədir. Məsələn, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə bildirir ki, hazırda Azərbaycanda özəl dedektiv fəaliyyəti yoxdur: "İndiki vəziyyətdə bu cür fəaliyyətə heç ehtiyac da yoxdur. Çünki, indi hüquq-mühafizə orqanları kifayət qədər proffesional işləyə bilirlər. Düzdür, həmişə bütün dünyada üstü açılan və açılmayan cinayətlər mövcud olub və indi də var. Üstü açılmayanlar da ustalıqla hazırlanan müəyyən cinayətlərdir. Uzun müddətə onların da üstü açılır. Amma bu, o demək deyil ki, hüquq-mühafizə orqanları işləmir".

Deputat Azərbaycanda özəl dedektivin olmasının tərəfdarı deyil: "Çünki, birincisi, bizdə milli mentalitet məsələsi böyükdür. Özəl dedektiv də əsasən, ailə-məişət zəminində baş verən məsələlərdə ailə üzvləri tərəfindən tutulur və digərinin həyatını, hərəkətlərini araşdırır. Təbii ki, bunun da müəyyən müddətdən sonra acı nəticələri olur. Amma hansısa bir cinayət işinin açılması ilə bağlı özəl dedektivdənsə, bizdə vəkillər var. Həmin vəkillərə də kifayət qədər hüquq və vəzifələr verilib. Vəkillər işləmək istəsələr, həm hüquq-mühafizə, istintaq əməliyyat orqanlarına, həm də müqavilə bağladığı şəxsin maraqlarına uyğun məsələlərin araşdırılmasında, üzə çıxarılmasında köməklik göstərə bilərlər. Amma yaxın gələcəkdə özəl dedektiv haqqında qanun layihəsinin gözlənilməsi barəsində nəsə fikirlər yoxdur. Əgər kimsə belə bir təkliflə çıxış etsə, yəqin ki, müzakirəsinə baxıla bilər".

Digər millət vəkili, parlamentin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa bildirir ki, hələ bir müddət öncə belə qanun layihəsi hüquq müdafiəçisi Əlövsət Əliyev tərəfindən təqdim olunmuşdur: "Amma təəssüflər olsun ki, bu məsələ müzakirəyə çıxarılmadı və baxılmadı. Əslində, bu gün ölkəmizdə dedektiv fəaliyyətinə ehtiyac var. Çünki, sivil ölkələrin böyük əksəriyyətində bu fəaliyyət növü tanınır. Dedektiv fəaliyyəti bir çox hallarda hüquq-mühafizə orqanlarının müəyyən natamamlığını da ortadan qaldıra bilir. Onun həyata keçirilməsi kifayət qədər cinayət işlərinin açılması, müəyyən proseslərin irəliləməsində fayda verə bilər".

Hüquqşünas Əlövsət Əliyev bildirir ki, 2007-ci ildə dedektiv fəaliyyəti və mühafizə haqqında qanun layihəsi hazırlayıb parlamentə təqdim edib: "Parlamentdə onun özəl mühafizə haqqında olan hissəsi qəbul edildi, dedektiv fəaliyyəti haqqında olan hissəsi qəbul edilmədi. Hazırda ölkəmizdə bu fəaliyyət mövcuddur, lakin rəsmiləşdirilməyib. Azərbaycanda dedektiv fəaliyyətinə sosial ehtiyac var. Çünki, hazırda ölkəmizdə bu xidmətdən faydalanan kifayət qədər insanlar var. Bu, həm də əhalidə işsizliyin aradan qaldırılmasına kömək edəcək. Ehtiyac ona görə var ki, dedektiv fəaliyyətinin mövcud olması bu funksiyadan faydalanmaq istəyən vətəndaşların hüquq və azadlıqlarının daha yaxşı qorunmasına təminat verəcək. Çünki, bir işdə həm polis öz vəzifəsini yerinə yetirəcək, həm də dedektiv yardımçı olacaq. Eyni zamanda cinayətkarlığa qarşı mübarizədə çox əhəmiyyətli olacaq. Bu halda polis paralel olaraq dedektivin də fəaliyyətini bildiyindən işinə məsuliyyətlə yanaşacaq. İnkişaf etmiş ölkələrdə terrorizmə qarşı mübarizədə bir qayda olaraq özəl dedektivlərdən istifadə olunur. Cinayətkarların zərərsizləşdirilməsində bu xidmətlərdən istifadə edirlər. Çünki, cinayətkarlar dövlət təmsilçiləri ilə danışmağa girməyə xoşlamırlar. Amma şəxsi dedektivlərlə əlaqəyə girirlər".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs