Əlaqə Arxiv
news Image
2012.09.21
08:33
| A A A
Büdcəyə çatmayan on milyonlar
Qanunsuz tikililərdən alınması mümkün olmayan illik əmlak vergisinin miqdarı on milyonlarla manat həcmindədir

Bu gün cəmiyyətin böyük bir kəsiminin səbirsizliklə gözlədiyi məsələlərdən biri də qanunsuz hesab olunan tikililərin nə vaxt qeydiyyata alınacağıdır. Xatırladaq ki, Prezident İlham Əliyev 9 mart 2011-ci il tarixli Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirədəki yekun nitqində əhalini narahat edən qanunsuz tikintilər barədə aidiyyəti üzrə müvafiq orqanların rəhbərlərinə göstəriş verib.

O vaxtdan indiyə qədər sənədləşmə işlərinin uzanması hələ də problemin həllinə imkan vermir. Təxmini hesablamalara görə isə, Azərbaycanda 400 minədək qanunsuz tikili var. həmin tikililər həm əhali, həm də hökumət üçün böyük problemlər yaradır. Bu tikililər magistral kəmərlərin yaxınlığında, neftli torpaqlarda, neft buruqlarının arasında, dəmiryol, avtomobil yollarının, elektrik xətlərinin təhlükəsizlik zolaqlarında, kommunikasiya xətlərinin üzərində tikilib. Qanunsuz tikililərdə yaşayan bəzi insanların əlində ilkin sənəd, yəni bələdiyyələrin qərarı, bəzilərinin əlində torpağa bələdiyyələrin alqı-satqı sənədi, bəzilərinin əlində layihə - cizgi sənədləri, bəzilərinin əlində qeydiyyat sənədi, bəzilərinin tikintinin bir hissəsinə sənədi var, bəzi tikintilərlə sənədlər arasında isə uyğunsuzluq var. Bir sözlə, əksər sənədlər qanunvericiliyə və real tikintiyə uyğun deyil.

Qeyd edək ki, Dövlət Əmlak Komitəsi qanunsuz tikililər probleminin həlli ilə bağlı yeni strategiya hazırlayıb. Qanunsuz tikililərin əksəriyyəti yaşayış evləridir. Bu tikililərin böyük hissəsi Bakıda, Bakı ətrafında Abşeron yarımadasında inşa edilib. Regionlarda da kifayət qədər çox qanunsuz tikililər var. Məsələnin daha bir maraqlı tərəfi isə ondan ibarətdir ki, indinin özündə belə müəyyən ərazilərdə yenidən qanunsuz evlərin tikintisinə cəhdlər göstərilir. Məsələyə münasibət bildirən ekspert Hafiz Babalı qanunsuz tikililərin əksəriyyətinin ünvanının belə olmadığını bildirir. "Kolxoz və sovxozlar dağıldıqdan sonra bu qurumların torpaqlarında təyinatı dəyişdirilmədən evlər tikilməyə başladı. Bu səbəbdən də çoxsaylı tikililər əkin təyinatlı torpaqlardadır və tikililərin qeydiyyata alınması üçün ilk öncə Nazirlər Kabineti monitorinqlər aparmalıdır. Çünki, 1999-cu ildən başlayaraq bələdiyyələr qanunsuz olaraq əkin təyinatlı torpaqları ev tikintisi üçün ayırıb və yüz minlərlə evlər tikilib. Həmin torpaqların təyinatı dəyişdirilmədən isə Əmlak Komitəsi evləri dövlət qeydiyyatına ala bilməz".

Qanunsuz tikililər və onların sakinlər tərəfindən müvafiq qaydada sənədləşdirilməməyi, həm paytaxtın planlaşdırılmasına, həm kommunal xidmətlərin səviyyəsinə, həm də bələdiyyələrə ciddi problemlər yaradır. Təsadüfi deyil ki, demək olar, bütün kommunal xidmət qurumlarının nümayəndələri müxtəlif ərazilərdə xidmət səviyyəsinin aşağı olmasını həmin ərazilərdəki özbaşına, qeydiyyata alınmayan tikililərin olması ilə izah edirlər.

Bu mənada qanunsuz tikililər probleminin həlli bu məsələlərin həllinə, kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və onların pulunun tam həcmdə yığılmasına kömək edə bilər. Qanunsuz tikililərdən ən çox zərər görən tərəflərdən biri bələdiyyələrdir. Ölkə qanunvericiliyinə görə, əmlak vergisinin yığılması bələdiyyələrə həvalə olunub. Amma rəsmi qeydiyyata alınmadığına görə, qanunsuz tikililərdən vergi yığmaq mümkün deyil. Bu isə böyük məbləğin vergidən yayındırılması deməkdir. Bakıdakı qanunsuz tikililərin sayını və təyinatını, eləcə də əmlak bazarındakı qiymətləri nəzərə alsaq, hazırda paytaxtdakı qanunsuz tikililərin ümumi bazar dəyəri 10 milyard manatdan az deyil. Özü də bu qiymət hər bir qanunsuz tikili üçün orta hesabla 25 min manatdan götürüldükdə meydana çıxır. Elə qanunsuz tikililər var ki, onların dəyəri bundan bir neçə dəfə artıqdır.

Əmlak vergisinin əmlakın bazar qiymətinin 1% dərəcəsi ilə hesablandığını nəzərə alanda bu hər il ölkə bələdiyyələrinin əmlak vergisi kimi yığa biləcəkləri 100 milyon manatın itirilməsi deməkdir. Müqayisə üçün bildirək ki, bu məbləğ bələdiyyələrə dövlət tərəfindən ayrılan məbləğdən az qala 30 dəfə artıqdır. Halbuki, ölkə bələdiyyələri bu məbləği idarə etdikləri ərazinin sosial-iqtisadi inkişafına, buradakı problemlərin həllinə yönəldə bilərlər.

Qanunsuz tikililərin heç də hamısı mənzillər deyil, təqribən 10%-ni kommersiya və digər obyektlər təşkil edir. Onu da bildirək ki, Bakıda qanunsuz tikililərin sənədləşdirilməsi ilə bağlı prezidentin tapşırıqlarına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti belə tikililərin siyahısını hazırlayır. Araşdırma zamanı o da məlum olub ki, paytaxtdakı bəzi plansız tikililərin yaşı 100-dən artıqdır. Bakı şəhərində 1900-cı ildə, 1950-70-ci illərdə tikilən və sənədi olmayan tikililər də var. Ona görə də Bakı Şəhər İcra Hakimiyyəti belə tikililəri 4 kateqoriyaya - 1950-ci ilədək, 1975-ci ilədək, 2000-ci ilədək və 2012-ci ilədək tikilən tikililərə bölərək siyahılar hazırlayır.

İndiyədək aparılan işlər nəticəsində 1950 və 1975-ci ilədək tikilən tikililərin siyahısı hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Hazırda isə 2000-ci ilə və 2012-ci ilədək olan bütün qanunsuz və ya plansız, sənədi olmayan tikililərin siyahıları Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanır. İş başa çatandan sonra onlar da Nazirlər Kabinetinə təhvil veriləcək və bundan sonra müvafiq qərar qəbul ediləcək.

Sizin Reklam Yeriniz