Əlaqə Arxiv
news Image
2012.09.22
08:28
| A A A
Ticarətin elektronlaşdırılması gecikir
Vüqar Bayramov: “Elektron ticarətin zəif inkişaf etməsi inamın, təhlükəsizliyin, təcrübənin az olması ilə əlaqədardır” Zöhrab İsmayıl: “Elektron ticarət nə qədər çox işlək olsa, bir o qədər insanlar vaxta qənaət edə bilərlər”

Hazırda dünya miqyasında alış-veriş üsullarından biri də elektron ticarətdir. Düzdür, ölkəmiz hələlik bu ticarət sistemindən o qədər də faydalanmasa da yeni sistemin bərqərar olması üçün respublikamızda "Elektron ticarət haqqında" , "Elektron imza və elektron sənəd haqqında" müvafiq qanunlar qəbul olunub. Azərbaycanda "Elektron ticarət haqqında" qanun 2005-ci ildə qəbul olunsa da elektron ticarətə ilkin olaraq 3 il sonra təsadüf olunub.

Gecikmənin ən əsas səbəblərindən biri isə internet üzərində ödəmə sisteminin olmaması idi. 2008-ci ildə ölkəmizdə "Golden Pay" adlı onlayn ödəmə sistemi qurulub, şirkətlərə və dövlət qurumlarına təqdim edildi. Yalnız bundan sonra Azərbaycanda elektron ticarət formalaşmağa başladı. Amma hələlik Azərbaycanın ticarət dövriyyəsində elektron ticarətindən istifadə göstəricisi çox aşağı səviyyədədir.

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan ərazisində 33 hüquqi və fiziki şəxsə məxsus ticarət müəssisələri öz fəaliyyətində elektron ödəniş sistemlərindən istifadə edərək "Elektron ticarət"i tətbiq edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2012-ci ilin yanvar-avqust ayları ərzində elektron ticarət dövriyyəsinin həcmi 905,1 min manat olub, elektron ticarət üzrə istehlak mallarının satışının 81,2%-i hüquqi şəxslərin, 18,8%-i hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkarların ticarət müəssisələrində həyata keçirilib. Elektron ticarət dövriyyəsinin 94,1%-ni qeyri-ərzaq mallarının satışı təşkil edib.

Ölkəmizdə elektron ticarətin kiçik addımlarla irəliləməsini müəyyən səbəblərlə izah edirlər. İqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, elektron ticarət dövriyyə üçün vacibdir: "Çünki, elektron ticarət zamanı vergidən yayınmaq olmur. Azərbaycanda bütövlükdə ticarət dövriyyəsinin 3 faizi elektron ticarətin payına düşür. Bu rəqəm ABŞ-da 70, Avropa ölkələrində 65 faizdir. Qonşu Gürcüstanda elektron ticarət səviyyəsinin Azərbaycanla müqayisədə daha çox inkişaf etdiyi müşahidə edilir. Bu da biletlərin, otellərin daha çox elektron vasitəsi ilə alınması və sifariş verilməsinin nəticəsidir. MDB - də elektron ticarətinin ən çox inkişaf etdiyi ölkə Rusiyadır. Rusiya ilə yanaşı eyni zamanda Ukraynada da bu ticarətin yüksək inkişafını görmək mümkündür".

Ekspertin sözlərinə görə, Azərbaycanda elektron ticarətin zəif inkişaf etməsinin əsas səbəbi elektron ticarət ilə bağlı təhlükəsizlik qaydalarının, sisteminin tam olaraq formalaşmamasıdır: "Elektron ticarətdə vətəndaş öz kreditindən istifadə edən zaman təhlükəsizlik ondan ibarətdir ki, kredit haqqında məlumatları digər üçüncü şəxs ilə paylaşdırılmasın. O baxımdan təbii ki, elektron ticarət ilə bağlı təhlükəsizlik sisteminin formalaşmaması şirkətlərin, vətəndaşların elektron ticarət ilə alış-verişə meylini azaldır. Digər səbəb vətəndaşların elektron ticarət ilə bağlı təcrübəsinin hələ də formalaşmamasıdır. Hazırda vətəndaşlar internet deyil, daha çox mağazalardan alqı-satqı etməyə üstünlük verirlər. Bu da ölkədə bütövlükdə elektron ticarət dövriyyəsinin azalmasına gətirib çıxaran amillərdəndir. Hazırda plastik kartı olan vətəndaşlarımızn sayı artıq 3 milyona yaxındır. Amma bütün bunlara baxmayaq elektron ticarətin inkişafını tam olaraq stimullaşmayıb. Elektron ticarətin zəif inkişaf etməsi eyni zamanda onun bahalı olması ilə də bağlıdır. Elektron ticarət adi ticarətdən daha bahalı hesab olunur. Onlayn ödəmə sistemlərinin, digər avadanlıqların alınması müəyyən xərc yaratdığı üçün sahibkarlar elektron ticarətdən uzaq dururlar. Həmçinin əhalidə belə ticarət zamanı aldadılmayacağı inamının aşağı olması elektron ticarəti əngəlləyən faktorlardan hesab olunur. Çünki, inam elektron ticarətdə aparıcı faktorlardan biri sayılır".

Vüqar Bayramov onu da əlavə etdi ki, elektron ticarətin inkişafı bütövlükdə dövlətin elektron ticarətlə bağlı həyata keçirdiyi tədbirlərlə bağlıdır: "Məsələn, ABŞ-da elektron ticarət ƏDV və ya satış vergisindən azaddır. Azərbaycanda isə elektron ticarət ilə bağlı hər hansısa bir vergi güzəştləri yoxdur. O baxımdan Azərbaycanda da elektron ticarət ilə bağlı vergi güzəştlərinin tətbiq edilməsi sahibkarların elektron ticarətdən istifadələrini stimullaşdıra bilər. Eyni zamanda elektron ticarətlə bağlı xərclərin azaldılması, bundan başqa xərclərin müəyyən hissəsinin kredit və ya subsidiya formasında qarşı tərəf hesabına ödənilməsi daha məqsədəuyğundur. Bu da sahibkarlığın daha az xərclə elektron ticarətdən istifadə edilməsinə gətirib çıxara bilər. O baxımdan maarifləndirici təbliğatın aparılmasına ehtiyac var".

Digər iqtisadçı ekspert Zöhrab İsmayılın sözlərinə görə, Azərbaycanda elektron ticarətin zəif inkişaf etməsinin bir neçə səbəbi var: "Bunlardan birincisi, bizdə həmin biznesdə müəyyən problemlərin olması ilə əlaqəlidir. Bunlar əsasən prosedur məsələləridir. Bu problemlər də ondan ibarətdir ki, elektron ticarət üçün ilk növbədə ona lisenziya lazımdır. Digər tərəfdən də elektron ticarət zamanı bütün proseslər rəsmi olur. Bu rəsmilik də ən son nəticədə əlavə dəyər vergisinə (ƏDV) gətirib çıxarır. ƏDV ilə işləyən müəssisələr də çox ciddi nəzarət altında olurlar. Əsas problem elə burasındadır. İkinci səbəb isə onunla bağlıdır ki, əhali bu cür ticarətə üstünlük vermir. Onun üçün gərək insanlarda elektron ticarət mədəniyyəti formalaşsın. Odur ki, elektron ticarət nə qədər çox işlək olsa, bir o qədər insanlar vaxta qənaət edə bilərlər. Bundan başqa məhsulu onun yerinə kimsə gətirirsə, deməli, həmin şəxs üçün də iş yeri baxımından tərəqqidir. İkinci tərəfdən də elektron ticarətin inkişafı ticarət əməliyyatlarını sürətləndirir, dövriyyəni artırır".

Sonda onu xatırladaq ki, elektron ticarət anlayışı 1980-ci illərdə meydana gəlsə də, ilk dəfə internet vasitəsilə alqı-satqı 1995-ci ilə təsadüf edir.
Sizin Reklam Yeriniz