news Image
2012.09.23
10:13
| A A A
Azərbaycan və Ermənistan spikerləri arasında Ramil Səfərov insidenti
Oqtay Əsədov: “Ermənistan prezidenti Xocalı soyqırımında iştirakı ilə fəxr edir”

Strasburqda keçirilən Avropa Şurasına üzv ölkələrin parlament rəhbərlərinin konfransında Azərbaycanı Milli Məclisin (MM) sədri Oqtay Əsədovun rəhbərlik etdiyi parlament nümayəndə heyəti təmsil edir.

APA-nın MM-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Avropa Şurası Parlament Assambleyasının sədri Jan Klod Minyon konfransda çıxış edərək, hazırda dünyada gedən iqtisadi-siyasi proseslər, etnik və milli zəmində baş verən münaqişələr, həmçinin terrorçuluq və digər böhran halları ilə mübarizə yolları barədə fikirlərini bölüşüb.
Konfransda təşkilatın baş katibi Yan Qladın, Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Albaniya parlamentinin sədri Josefine Topallinin çıxışları olub.
Avropa İnsan Haqları Məhkəməsinin sədri Nikolas Bratse isə bu məhkəmənin gələcəyi, milli parlamentlərin rolu mövzusunda məruzə edib.
Demokratiya mövzusunda aparılan müzakirələrdə Ermənistan tərəfi həmişə olduğu kimi yenə də öz təcavüzkar hərəkətləri ilə beynəlxalq ictimaiyyəti çaşdırmağa hədəflənmiş mövqe nümayiş etdirib. Avropa Şurası Parlament Assambleyasının sədri Jan Klod Minyonun konfransdan əvvəl tərəflərə müraciət edərək, bu beynəlxalq tədbirdə qarşılıqlı ittihamların səsləndirilməməsi xahişinə əvvəlcə "hə" deyən, sonra isə onu pozan Ermənistan parlamentinin spikeri Hovik Abrahamyan Azərbaycan ordusunun zabiti Ramil Səfərovun əfvi məsələsini gündəmə gətirib. H.Abrahamyan Azərbaycan prezidenti İlham Əliyevin saytında Ramil Səfərovun əfvi ilə bağlı məlumat yerləşdirildiyini və saytda Azərbaycan xalqının bunu təqdir etdiyini bildirən məktubların əks olunduğunu deyib.
Erməni spiker cavabsız qalmayıb. Azərbaycan parlamentinin sədri Oqtay Əsədov gündəlikdəki mövzu barədə fikirlərini bildirdikdən sonra erməni parlamentinin rəhbərinin qaldırdığı Ramil Səfərovun əfvi məsələsinə də toxunub. O. Əsədov deyib ki, o əslində bu məsələyə toxunmaq istəməsə də, Ermənistan parlamentinin sədrinin uydurma ittihamları onu bu məsələ üzərində dayanmağa məcbur edib.
O. Əsədov Hovik Abrahamyanın ittihamlarının bütövlükdə yalan olduğunu avropalı həmkarlarının diqqətinə çatdırıb və xüsusi vurğulayıb ki, bu əfv Avropa Konvensiyasına, beynəlxalq və milli hüququn bütün norma və prinsiplərinə əsasən tətbiq olunub: "Təəssüflər olsun ki, bu məsələni şişirtməklə həm Ermənistan, həm onun lobbisi, həm də onun havadarları status-kvonu saxlamaq niyyətindədirlər. Ancaq mən bildirmək istəyirəm ki, status-kvo qəbuledilməzdir. Ramil Səfərov məsələsinin şişirdilməsi münaqişənin həllini daha da müşkül vəziyyətə sala bilər. Mən çox şadam ki, Azərbaycan prezidentinin saytını bunlar çox diqqətlə izləyirlər. Ancaq yaxşı olardı ki, onlar öz prezidentlərinin saytına baxsınlar. Öz prezidentlərinin verdiyi müsahibələrə baxsınlar ki, Ermənistan prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Xocalı soyqırımında iştirakı ilə fəxr edir və bu insanlar indi bizə demokratiya dərsi vermək istəyirlər. Mən çox təəssüf edirəm".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs