Əlaqə Arxiv
news Image
2012.09.25
08:11
| A A A
Yağış yenə Bakıətrafı qəsəbələrdə "göllər" yaradır
Cümşüd Nuriyev: "Nəinki şəhər kənarı, hətta şəhərin mərkəzində belə yağışdan sonra gölməçələrin əmələ gəldiyi, yağan yağışın axması üçün müvafiq yerlərin olmadığı sahələrə rast gəlinir" Şəmsəddin Əliyev: "Şəhər kənarında yağış sularının normal axınının təmin edilməməsi nəticəsində də palçıq və yağış suyu ilə dolu gölməçələrlə üzbəüz qalırıq"

2 gün əvvəl payız yağışının yağması ilə ölkənin paytaxtı Bakı şəhərinin bəzi küçələri yenə də əvvəlki illərin acınacaqlı vəziyyətini xatırlatdı. Belə ki, yenə də yağışdan sonra şəhərdə bir sıra yolların gölməçələrə çevrildiyinin şahidi olduq. Bir sıra yerlər hansısa bir axın yerinin olmaması səbəbindən gölməçələrə çevrildi. Bu vəziyyət əsasən şəhər kənarında daha ciddi idi. Adətən şəhərin su basmasının qarşısını almaq üçün müvafiq yerlərdə axınlar, kanalizasiyalar düzəldilir.

Bakıda isə hər yağışdan sonra kanalizasiya sisteminin lazımi durumda olmadığını müşahidə edirik. Bu işin tənzimlənməsilə "Azərsu" Səhmdar Cəmiyyəti məşğuldur. Amma görünən mənzərə odur ki, onlar işin öhdəsindən hələ lazımınca gələ bilmirlər. Şəhər kənarında yağan yağış suyunun axması üçün lazımi xətlər çatışmır. Mövcud xətlər isə köhnəldiyindən işin öhdəsindən, demək olar ki, gələ bilmir.

Havanın yağışlı keçməsi paytaxtda artıq bir sıra fəsadlar törədib. Paytaxtın Xətai prospektində asfalt şossedə sürüşmə baş verib və asfaltı bərbad hala düşüb. Sakinlərin dediyinə görə, bu hal birinci deyil. Asfaltda yaranan çatdan yerin altına yağış sularının axması nəticəsində yol bir neçə metr sürüşüb. Qeyd edək ki, yol aprel aylarında əsaslı təmir olunmuşdu. Hadisəyə səbəb həm də altdan keçən qrunt sularıdı.

"Azərsu" araşdırmasından sonra yolun əsaslı təmir olunacağını deyir. Havanın kəskin pisləşməsinə səbəb şimal-qərbdən, yəni Qara dəniz rayonlarından və Rusiyanın cənubunda izlənən soyuq atmosfer cəbhəsinin Azərbaycan ərazisinə keçməsidir. Dəyişkən hava şəraiti sentyabrın 25-nə qədər davam edəcək.

Beləliklə, iki gün öncə baş verən yağış onu göstərdi ki, şəhər təsərrüfatı ərazinin yağış sularından təmizlənməsi işinə hələ tam hazır deyil. Belə davam edəcəyi təqdirdə isə, havaların daha da soyuması və intensiv yağış və qar sezonunun başlaması ilə şəhərin vəziyyəti daha pis günə düşə bilər.

Məsələyə münasibət bildirən ekspert Cümşüd Nuriyevin fikrincə, yağışın yağması ilə küçələrin gölməçəyə dönməsinin başlıca səbəbi problemin həllinə cavabdeh olan qurumların işlərinə biganə yanaşmalarının nəticəsidir: "Nəinki şəhər kənarı, hətta şəhərin mərkəzində belə yağışdan sonra gölməçələrin əmələ gəldiyi, yağan yağışın axması üçün müvafiq yerlərin olmadığı sahələrə rast gəlinir. İstər Neftçilər prospekti, istərsə də Xəqani, Nizami və 28 May küçələri çox acınacaqlı vəziyyətdədir. Bu isə onu göstərir ki, müvafiq qurumlar problemin həllinə ümumən biganədirlər. Yağış sularının gölməçələr yaratmayıb, normal şəkildə yerin dibinə axması işini həyata keçirmək "Azərsu" Səhmdar Cəmiyyətinin işidir. Amma son yağışdan sonra yollarda gördüyümüz mənzərə ondan xəbər verir ki, bu şirkət yalnız bəzi mərkəzi yolları yağış suyundan təmizləməyə xüsusi diqqət yetrir. İki gün öncə baş verən yağışdan sonra Səməd Vurğun küçəsində yol batıb. Eyni olaya Üzeyir Hacıbəyov küçəsində də rast gəlinir. Şəhərin mərkəzində yağışdan sonra vəziyyət acınacaqlı hala düşürsə, kənarlarda durumun daha pis olduğuna heç kim şübhə edə bilməz".

"Polisə dəstək" İctimai Birliyin sədri Şəmsəddin Əliyev isə qeyd edir: "Srağagün yağan yağış bir daha onu göstərdi ki, hələ də Bakı payız və qış fəslinin özü ilə gətirə biləcəyi fəsadlara tam hazır deyil. Düzdür, şəhərin mərkəzində yağış sularının gölməçə yaratmaması, normal məcrası ilə axıb getməsi üçün demək olar ki, əsaslı işlər görülüb. Ona görə də son illər şəhər mərkəzində yağışdan sonra gölməçələrin yaranması hallarına, demək olar ki, rast gəlinmir. Amma mərkəzdən kənar ərazilərdə, şəhər ətrafında durum vəziyyət bir neçə il öncə necə idisə, yenə də anoloji vəziyyət davam edir. Şəhər kənarında adicə zəif bir yağışın yağması ilə yollar və yol kənarı bərbad vəziyyət alır. Bu hal onu göstərir ki, şəhərin yağış sularından təmizlənməsi məsələlərinə baxan qurumlar, konkret halda "Azərsu" Səhmdar Cəmiyyəti üzərinə düşən öhdəliyə heç də tam əməl etmir. Onlar əsas diqqətlərini mərkəzə yönəltməkdə şəhər kənarlarını sanki unudublar. Şəhər kənarında yağış sularının normal axınının təmin edilməməsi nəticəsində də palçıq və yağış suyu ilə dolu gölməçələrlə üzbəüz qalırıq. Buna bir son verilməsə, ildən-ilə vəziyyət daha da qəlizləşəcək".
Sizin Reklam Yeriniz