Əlaqə Arxiv
news Image
2012.09.26
08:36
| A A A
Şəhərin mərkəzinə giriş pullu ola bilər
Tıxaclardan yaxa qurtarmaq üçün bu təcrübənin ölkəmizdə də tətbiqi zəruri sayılır

Paytaxt Bakıda getdikcə daha çox aktualaşmaqda olan məsələlərdən biri də tıxaclarla bağlıdır. Danılmaz həqiqətdir ki, paytaxtda avtomobillərin sayı artdıqca yollarda gərginlik yüksəlir. Hərəkətin intensivliyi təkcə avtomobillərin sayının yüksələn xətlə artmasından ibarət deyil. Əsas səbəblərdən biri - yolların avtomobillər tərəfindən zəbt olunması, maşınların yol kənarlarında necə gəldi, kimə necə rahat oldu, saxlanmasıdır.

Ekspertlər hesab edir ki, dünyanın bir sıra böyük şəhərlərində olduğu kimi, Bakıda da mərkəzi hissədə tıxac probleminin aradan qaldırılması üçün avtomobillərin girişini pullu etmək mümkündür.

Qeyd olunur ki, Bakının müəyyən yerlərinə avtomobillərin daxil olmasını pullu etmək olar, bunun üçün müəyyənləşdirmək lazımdır ki, hansı ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti və ya turist axını daha çoxdur. Bu amilləri nəzərə almaqla müəyyən yerlərdə pullu giriş tətbiq etmək olar. "MBA Consulting" şirkətinin direktoru Nüsrət İbrahimli isə məsələ ilə bağlı qeyd edir: "Ölkəmizdə artıq pullu keçid təcrübəsi var. Misal üçün, İçərişəhərə daxil olmaq üçün bilet almaq lazımdır. Gələcəkdə bu təcrübə Bakının bütün mərkəzi hissəsinə aid ola bilər. Yəqin ki, rəsmi şəxslər xarici ölkələrdə bu sistemin necə işlədiyini öyrənirlər və tədricən bu sistem Azərbaycanda da tətbiq olunacaq. Çünki şəhərin mərkəzindəki tıxaclarla mübarizənin başqa üsulu yoxdur". Onun sözlərinə görə, şəhərin mərkəzini aşağıdakı hissələrdən ayırmaq olar: Cavanşir körpüsündən Bayıl qəsəbəsinə qədər, Xəzər dənizindən Nəriman Nərimanov abidəsinə qədər, Tiflis prospektindən Gənclik metrosuna qədər: "Sözsüz ki, birdən-birə yolları bağlamaq, keçidi pullu etmək olmaz. Bu işləri tədricən görmək lazımdır. Birinci növbədə Neftçilər prospekti, Rəşid Behbudov və Xaqani küçələrini pullu etmək olar. Çünki daha çox avtomobil axını bu küçələrdə müşahidə olunur. İlkin qiyməti 50 qəpik edib, sonradan qiymətləri qaldırmaq olar. Nə vaxt nəqliyyat axını azalsa, onda müəyyən etmək olar ki, həmin qiymət optimaldır".

Şəhərin mərkəzindəki yollarda həddən artıq yüklənmənin qarşısını almaq üçün belə bir təcrübə Londonda 2003-cü ildə tətbiq olunmağa başlayıb. Hazırda bu şəhərin mərkəzi hissəsinə avtomobillə daxil olmağın qiyməti bir gün üçün 8 funtdur. Proqramın həyata keçirilməsində ötən müddət ərzində pullu keçid sahəsi bir neçə dəfə genişlənib. Ödənişləri İnternet və sms vasitəsilə, o cümlədən kassalarda ödəmək mümkündür. Qaydaları pozan sürücüləri 60 funt məbləğində cərimə gözləyir.

Onu da qeyd edək ki, müvafiq rəsmi dairələrdə də şəhərin mərkəzi və tarixi hissəsinə avtomobillərin girişinin pullu olması gündəmdədir. Bu məsələ hələlik qərar səviyyəsində olmasa da, müzakirələr aparılır.

Məlumat üçün bildirək ki, rəsmi sənədlərə əsasən, Bakının 1924-cü ildə təsdiq edilmiş baş planına əsasən, burada hər min nəfərə 10, sonrakı 50 ildə isə hər min nəfərə maksimum 75 avtomobil nəzərdə tutulurmuş. Sonrakı illərdə isə şəhər sosializm prinsipləri ilə inkişaf etdirilib. Təxmini hesablamalara görə, hazırda Bakıda 2 milyondan çox vətəndaş yaşayır. Burada qeydiyyatda olan avtomobillərin sayı isə 700 mindir. Belə çıxır ki, hazırda Bakıda hər min nəfərə təxminən 300 avtomobil düşür.

Beləliklə, avtomobillərin sayı dəfələrlə artdığı bir şəraitdə qarşıya çıxan əsas məsələlərdən biri onların rahat hərəkətinin təmin edilməsi, tıxac və bu qəbildən olan problemlərin həllinin reallaşdırılmasıdır. Qeyd olunduğu kimi bu məqsədlə yeni yollar çəkilir, əvvəlkilər genişləndirilir, yeni yol ötürücüləri istifadəyə verilir. Lakin ekspertlər onu da qeyd edirlər ki, bütün bunlar problemlərin həllinə imkan vermir. Çünki avtomobillərin sayı görülən işlərlə müqayisədə daha tez artır və bu da mütənasiblik prinsipini pozur. Vəziyyətdən çıxış yolu isə avtomobil nəqliyyatının axınının məhdudlaşdırılması məqsədilə yüklənmiş hərəkət zonasına giriş üçün elektron ödəniş sisteminin tətbiqidir. Sinqapur bu yüksək texnologiyalı sistemin tətbiq olunduğu ilk şəhər oldu. Şəhərin mərkəzi işgüzar rayonuna bütün girişlərdə avtomobillərin lazer tanınma sistemi və zonaya giriş və çıxışı izləmək üçün infraqırmızı kameralarla təchiz edilmiş 85 portal quraşdırılıb. Avtomobillərdə portallarda quraşdırılan sensorlarla qarşılıqlı təsir yaradan xüsusi cihazlar quraşdırılıb. Portal altından keçən və pullu zonaya daxil olan avtomobil tanınır və smart-kartlardan dərhal qurğunun ekranın hesablanan verginin məbləği avtomatik olaraq silinir. Sistem hərəkətə heç bir təsir etmir və heç bir əl əməliyyatı və ya nəqliyyatın dayandırılması yoxdur.

2007-ci ilədək Stokholm da gündəlik tıxaclardan əziyyət çəkirdi, belə ki, şəhərə hər gün yarım milyon avtomobil gəlirdi. Belə sistemlərin quraşdırılması nəticəsində Stokholmun mərkəzində hərəkətin gur vaxtında intensivlik 25 faizə düşdü, ictimai nəqliyyatda sərnişinlərin sayı 6 faiz artdı, şəhərin mərkəzində yerləşən ticarət müəssisələrinin dövriyyəsi 6 faiz çoxaldı, atmosferə atılan işlənmiş qazların miqdarı 8-14 faiz, şəhərin mərkəzində istixana effekti) 40 faiz azaldı. Müxtəlif ölkələrdə çoxlu sayda sistemin işinin tənzimlənməsinin müxtəlif texniki və normativ mexanizmləri mövcuddur.
Sizin Reklam Yeriniz