news Image
2012.09.27
06:51
| A A A
Müxalif düşərgənin qrant davası
Hesab olunur ki, İctimai Palata intriqalara və qrant almağa hesablanmış bir qurumdur

Ölkənin radikal müxalif düşərgəsində yer alan partyaların əsas məqsədinin xaricdən mümkün qədər çox qrant almaq üzərində kökləndiyinə dair səslənən fikirlərin sayı artmaqdadır. Hesab olunur ki, müxaliflər arasında mövcud fikir ayrılığının əsas kökü də məhz bu amillə bağlıdır. Solçu düşərgəni təmsil edən partiya sədrlərindən olan Rüstəm Şahsuvarov da bildirir ki, müxalif düşərgədə fikir ayrılığının ən ümdə səbəblərindən biri maddi iddialardır.

Onun sözlərinə görə, İctimai Palatada fikir ayrılığı əslində çoxdan başlayıb: "Müxalif düşərgədə toqquşma və fikir ayrılıqlarının kökündə maddi hesablaşmaları istisna etmək olmaz. Sirr deyil ki, sağ siyasi müxalif partiyalar qərbin qrantları hesabına mövcuddur və buna görə fəaliyyət göstərirlər. Avropa və Birləşmiş Ştatların müxtəlif fondlar, institutları onlara maddi kömək göstərir".

Azadlıq Partiyasının sədri Əhməd Oruc da bildirib ki, İctimai Palatada təmsil olunan partiyalar bir növ parçalayıcı mövqedən çıxış edirlər: "Onlar hesab edirlər ki, indiki dövrdə beynəlxalq ictimai rəydə əsas tanınan qüvvə onlardır, xarici ölkə səfirlikləri müxalifət qismində onları tanıyır, onlar da sanki müxalifətçiliklərini heç kimlə bölüşmək istəmirlər və müxalifətçilikdən müəyyən mənada dolanmaqla məşğuldular. Təəsüf ki, bunların bu mövqeyi müxalifətin bir araya gəlməsinə maneə törədir". Demokratik Qüvvələrin Məşvərət Məclisinin İctimai Palataya alternativ olması barədə səsləndirilən fikirlərə münasibət bildirən Əhməd Oruc təmsil etdiyi qurumun İctimai Palataya alternativ olmadığını deyib. Onun fikrincə, İctimai Palata intriqalara və qrant almağa hesablanmış bir qurumdur.

Milli Məclisin deputatı Sahib Alıyev də bildirib ki, İctimai Palatanın varlığı ilə yoxluğu Azərbaycan üçün heç bir əhəmiyyət daşımır. Çünki İctimai Palatanın Azərbaycan siyasətində hər hansı yeri və nüfuzu yoxdur. O söyləyib ki, indiyədək bəzi müxalifət partiyaları arasında dəfələrlə birlik yaradılıb və hər dəfə bu proses iflasa uğrayıb. Onun sözlərinə görə, İctimai Palatada təmsil olunan partiyalar xaricdən qrantlar alaraq, havadarlarının istəklərini yerinə yetirirlər. Seçki kampaniyasında siyasi təşkilatların dəstək mənbəyi xalq, seçicilər olmalıdır: "Bundan kənar hər hansı bir dəstəyə ümid bəsləyənin uğur qazanacağı mümkünsüzdür. Amma İctimai Palata və burada təmsi olunan partiyalar xaricdən dəstək axtarışını seçirlər. Hətta onlar özləri də bilirlər ki, seçkilərdə qələbə qazana bilməyəcəklər və xalq onları seçməyəcək".

Qeyd edək ki, İctimai Palatanın qərbdən qrant almağa xüsusi meyl etdiyinə dair bundan öncə də fikirlər səsləndirilib. Hələ bu ilin aprelində Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov qeyd olunan xüsusda olduqca maraqlı açıqlama vermişdi. O bildirmişdi ki, İctimai Palata bir neçə dəfə Avropa Birliyinə daxil olan ölkələrin Azərbaycandakı səfirləri ilə görüş təşəbbüsü ilə çıxış edib: "Ötən il keçirdikləri görüşdə hansı məsələlərin müzakirə olunduğuna dair stenoqram var. Onların birinci tələbi puldur. Səfirlərin biri də deyib ki, mitinqə kifayət qədər adam çıxartmasanız, maddi və mənəvi dəstək verməyəcəyik. Hətta səfirlərdən biri müxalifətçilərin aksiyada iştirak edənlərin sayı ilə bağlı məlumatının yalan olduğunu da bildirib".

Ekspertlər qeyd edir ki, bütün bunlar hakim düşərgənin İctimai Palata ilə dialoq aparmasına da imkan vermir. Siyavuş Novruzov Avropa Parlamentinə Ramil Səfərovla bağlı göndərilən müraciəti imzalamaq üçün hakim və müxalif partiyaların bir araya gəlməsini şərh edərkən bu fonda maraqlı fikirlər səsləndirib: "YAP digər siyasi partiyaların ümummilli məsələ ilə bağlı mövqe ortaya qoyması və sənəd imzalaması üçün təşəbbüslə çıxış etdi. On səkkiz siyasi partiya bir araya gələrək bəyanat imzaladı və həmin sənəd Avropa Parlamentinə, Avropa ölkələrinin Azərbaycandakı səfirliklərinə, digər qurumlara göndərildi. Bu bir daha onu göstərdi ki, hansı partiyanın üzvü olmasından asılı olmayaraq ümummilli, dövlət əhəmiyyətli, xalqın maraqları ilə bağlı məsələlərdə hamı yekdildir.

Biz bundan əvvəl də Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın ərazi bütövlüyü, BMT-nin qətnamələrinin yerinə yetirilməsi və buna oxşar məsələlərlə bağlı birgə qərar və bəyanatlar imzalamışıq. Yəni bu ilk deyil, növbəti addımlardan biridir. Bunun İctimai Palataya nə aidiyyəti var? İctimai Palata bunu niyə müzakirə edir? Ümumiyyətlə o nə qurumdur, onun nə səlahiyyəti var, orada kimlər təmsil olunur? Onların dediklərinin hamısı mənasızdır. Sadəcə olaraq, orada yığışan adamlar bekarçılıqdan bilmirlər nə etsinlər. Bekar olmadıqlarını, guya nəyləsə məşğul olduqlarını göstərmək üçün belə bir müzakirə keçiriblər".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs