news Image
2012.09.27
06:56
| A A A
Azərbaycan - Türkiyə hərbi ittifaqı reallığa çevrilə bilər
Natiq Miri: “Bu təklifin davamı olaraq yaxşı olardı ki, Türkiyə hərbi hava qüvvələrinin bir eskadrilyası Naxçıvanda yerləşdirilsin” Asif Oruclu: “Hər hansı hərbi blokun yaradılması ilk növbədə Rusiya və İran tərəfindən yaxşı qarşılanmayacaq”

Cəsur Sümərinli: "Türkiyə ilə Azərbaycan arasında belə birliyin qurulması Azərbaycanın hərbi sektorunun NATO standartlarına uyğun olmasına gətirib çıxarar"

Məlum olduğu kimi Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc Azərbaycan və Türkiyə arasında hərbi birləşmənin yaradılması təklifini irəli sürüb. O, əlavə olaraq bildirib ki, bölük, alay və ya digər formada vahid komandanlıq altında yaradılacaq bu hərbi birləşmə birgə döyüş təlimləri keçirə bilər. Millət vəkilinin təklifi komitənin digər üzvləri tərəfindən də dəstəklənib. Amma Qafqaz və ümumilikdə dünyanın siyasi arenasının indiki durumunda belə bir təklifin reallaşması olduqca maraq doğurur.

Politoloq Natiq Miri bildirir ki, təklif Azərbaycan üçün cəlbedici və mənafeyinə uyğundur: "Bu, eyni zamanda indiki şəraitdə regionda yaranan hərbi-siyasi, xüsusi ilə də Türkiyənin daxilində gedən proseslər nöqteyi-nəzərindən müsbət təklifdir. Amma bunun bəzi çətinlikləri də var. Çünki, hər hansı bir hərbi birləşmənin yaradılması üçün Türkiyə qərarı təkcə özü verəcək iqtidarında deyil. Çünki, Türkiyə NATO-nun üzvlərindən biridir. Bu məsələ NATO rəhbərliyi və eyni zamanda NATO-nun əsas aparıcı qüvvəsi olan ABŞ ilə razılaşdırılmalıdır. O baxımdan bu yöndə bəzi problemlər üzə çıxa bilər".

Siyasi şərhçinin sözlərinə görə, bu təklifin davamı olaraq yaxşı olardı ki, Türkiyə hərbi hava qüvvələrinin bir eskadrilyası Azərbaycanın ərazisi olan Naxçıvanda yerləşdirilsin: "Çünki, bütün hallarda Naxçıvan Azərbaycanın ərazisidir. Türkiyənin hansısa bir helikopter və yaxud da qırıcı təyyarələrinin bir eskadrilyasının Naxçıvanda yerləşdirilməsi Azərbaycana istənilən hərbi təcavüz təhlükəsi yarandığı təqdirdə onların Azərbaycanın bütün ərazisində hərəkət etmə imkanını təmin edə bilər. Bu, daha real və iki dövlət arasında razılaşdırıla biləcək məqamdır. Bu, həm İran, həm Rusiya, həm də Ermənistan tərəfindən Azərbaycanın təhlükəsizliyini təhdid edən bir növ caydırıcı elemet kimi iştirak edə bilər".

Digər politoloq Asif Oruclu bölgə kimi Cənubi Qafqazda siyasi proseslərin mürəkkəb olduğunu qeyd etdi: "Burada hər hansı hərbi blokun yaradılması ilk növbədə Rusiya və İran tərəfindən yaxşı qarşılanmayacaq. Çünki, həyata keçirilən hansısa Türkiyə-Azərbaycan və hətta ABŞ-ın belə dəstəkləyəcəyini açıqladığı Türkiyə-Gürcüstan-Azərbaycan hərbi ittifaqı Rusiya tərəfindən NATO-nun onun sərhədlərinə doğru genişlənməsi kimi qəbul ediləcək. Bu da, Rusiya milli təhlükəsizlik doktrinasına təhdid kimi qiymətləndiriləcək. Eyni zamanda İran bu məsələyə qarşı çox radikal mövqe sərgiləyəcək. İşğalçı dövlət Ermənistanın hərbi doktrinasında onunla qonşuluqda olan hər hansı bir dövlətin bu və ya digər hərbi bloka qoşulmasının ona qarşı bir təhdid olacağı qeyd olunub. Üstəlik, Kremlin Cənubi Qafqazla, xüsusilə Ermənistanla bağlı hərbi-siyasi prioritetlərinə tamamən zidd olacaq belə bir hərbi ittifaq region dövlətlərinin sürətlə Qərbə inteqrasiyasına gətirib çıxara bilər. Bu isə nəticə etibarı ilə Azərbaycanın NATO-ya üzvlüyü prosesini sürətləndirəcək. Ona görə də, Türkiyə və Azərbaycanın NATO çərçivəsində və ikitərəfli olaraq inkişaf etdirilən hərbi əməkdaşlığı yaxın vaxtlarda hər hansı formada hərbi blokun yaradılmasına inanmıram. Ən azı bu, hazırki siyasi-iqtisadi və həmçinin siyasi - diplomatik kontekst etibarı ilə gerçək görünmür".

Hərbi ekspert Cəsur Məmmədli isə Azərbaycan və Tükiyə arasında mövcud əməkdaşlıq prosesinin qeyd edilən təklifin reallaşmasına imkan verdiyini bildirdi: "Azərbaycan və Tükiyə bir neçə sənəd imzalayıb. Xüsusi ilə də 2010 - cu ildə imzalanmış "Qarşılıqlı əməkdaşlıq" haqqında müqavilə imkan verir ki, tərəflər arasında hərbi-texniki əməkdaşlıq ali səviyyəyə qaldırılsın. Çünki, orada konkret müddəalar var ki, tərəflərdən birinə xaricdən təhdid olunduqda digəri ona kömək edə bilər. Eyni zamanda tərəflər bir-biri ilə hərbi-texniki nəaliyyətlərini bölüşdürəcəkləri də göstərilib. Həmçinin nəzərə almalıyıq ki, Azərbaycanda Türkiyə hərbiçiləri fəaliyyət göstərir. Ona görə də əgər tərəflərin siyasi iradələri olsa, bu kimi birliklər qısa müddət kəsiyində yaradıla bilər. Xüsusi ilə də Cənubi Qafqazda hərbi balansın qorunması baxımından Azərbaycanın maraqlarına cavab verən bir addım olardı. Çünki, Rusiya-Ermənistan hərbi əməkdaşlığı Qafqazda sabitliyə ciddi təhdidlər yaradır. O baxımdan Azərbaycan Türkiyə arasında da oxşar əməkdaşlığın qurulması balansın qorunmasına təmin edə bilər. Həmçinin də Türkiyə ilə Azərbaycan arasında belə birliyin qurulması Azərbaycanın hərbi sektorunun NATO standartlarına uyğun olmasına gətirib çıxarar. Bu isə həm NATO, həm Türkiyə, həm də Azərbaycanın maraqlarına uyğundur".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs