Əlaqə Arxiv
news Image
2012.09.28
08:39
| A A A
Şadlıq evlərindəki təhlükəli qidalar
Fazil Talıbov: “Nəzarət xidmətimiz tək Bakı deyil, bütün respublika ərazisində mütəmadi olaraq həyata keçirilir” Sənan Kərimov: “Restoranlarda olan nöqsanlar əsasən əvvəlki mərasimdən qalan artıq ərzaq məhsullarının növbəti toy məclislərində istifadə olunmasından yaranır”

Artıq bir müddətdir ki, aidiyyatı qurumlar ölkə ərazisində keyfiyyətsiz məhsulların dövriyyədən çıxarılması istiqamətində gücləndirilmiş tədbirlər planı həyata keçirməkdədir. Tədbirlər nəticəsində bir çox qeyri-qanuni fəaliyyət göstərən şirniyyat, ət, su və s. sexlər aşkarlanaraq fəaliyyətləri dayandırılıb, barələrində akt tərtib olunub. Amma o da hamıya bəllidir ki, ərzaq məhsullarının ən çox istifadə olunduğu yerlərdən biri də restoran, şadlıq sarayı və iaşə obyektləridir. Həm Səhiyyə Nazirliy, həm də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu xidmət obyektlərində də vaxtaşırı yoxlamağa həyata keçirirlər. Artıq müəyyən nəticələr də var.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov qəzetimizə açıqlamasında bildirdi ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti şadlıq evləri, restoran, kütləvi şəkildə xidmət göstərən iaşə obyektlərində dövlət nəzarəti tədbilərini başlayıb və davam etdirir: "Hazırda dövlət nəzarəti planına əsasən sahibkarlıq subyektlərində yoxlamalar vahid dövlət reyesterindən çıxarış əsasında aparılır. Bir neçə gün öncə "Arzu" və "Tərlan" şadlıq evində baş verən nöqsanlar barəsində məlumat vermişik. Həmin şadlıq evlərində əsas nöqsanlar məbtəxlərində sanitar vəziyyətin pis olması idi. Mətbəxdə işləyən işçilərin sanitar qaydalara əməl edilməməsi müşahidə edildi. Bundan başqa restoranlarda bir neçə gün əvvəl təşkil olunmuş məclisdəki ərzaqların realizəsi ilə bağlı fakt, salatlarında bağırsaq çöpləri yarada bilən bakteriyalar aşkar edildi. Daha sonra isə bir çox restoranlarda alkoqolsuz, sərinləşdirici içkilərin xarici marka adı altında təqdim edilməsi faktı aşkarlandı. Faktlarla əlaqədar da aktlaşdırılma, cəza tədbirləri həyata keçirilir. Standarta uyğun olmayan məhsulların satışı qadağan edilir. Bu nəzarət xidmətimiz tək Bakı deyil, bütün respublika ərazisində mütəmadi olaraq həyata keçirilir".

Fazil Talıbov onu da əlavə etdi ki, əgər vətəndaşlar tərəfindən bununla bağlı komitəyə hansısa şikayət daxil olarsa, həmin şikayət əsasında da nəzarət tədbirini həyata keçirə bilərik: "Bunun üçün də 963 nömrəsi "qaynar" xətt kimi fəaliyyət göstərir. Həmin nömrəyə zəng etməklə hər bir şakiyətçinin şikayəti təmin olunacaq".

Amma diqqət çəkən məqam ondan ibarətdir ki, ölkə ərazisində reydlərin bu qədər intensivləşdiyi bir dönəmdə də keyfiyyətsiz məhsul satıcısı görmək çətin deyil. Sanki, bununla mübarizə müşkül məsələyə çevrilib. Azad İstehlakçılar Birliyinin üzvü Sənan Kərimovun sözlərinə görə, restoranlarda olan nöqsanlar əsasən əvvəlki mərasimindən qalan artıq ərzaq məhsullarının növbəti toy məclislərində istifadə olunmasından yaranır: "Belə olanda da növbəti toyun stolunda köhnəlmiş, boyat məhsulu görmək çətin deyil. Buna nəzarət isə etmək olduqca çətindir. Çünki, bu, yalnız restoran rəhbərliyinin məsuliyyətindən asılıdır".

Ekspertin sözlərinə görə, restoranlardakı qida məhsullarının keyfiyyətsiz olmasının digər səbəbi keyfiyyətsiz xammaldan istifadədir: "Çünki, keyfiyyətsiz xammaldan hazırlanan qidalar ucuz başa gəlir. Bunlar da əsasən ölü, insana orqanizmi üçün təhlükəli, mənşəyi bəlli olmayan ətlər ola bilər. Çünki, son zamanlar inək əti adı altında başqa heyvan ətlərinin satılması geniş büsət tapıb. Bunun qarşını almaq üçün aidiyyatı qurumlar nəzarət xidmətlərini artırmalıdırlar. Monitorinqlər məncə, qabaqcadan planlaşdırılmış şəkildə keçirilməli deyil. Yəni, yoxlamanı qəfildən etmək lazımdır. Dövlət nəzarətindən əlavə olaraq ictimai fikir də yaratmaq lazımdır. Bu da əsasən KİV-nin köməkliyi ilə ola bilər. KİV-də buna qarşı mübarizənin gücləndirilməsi üçün geniş debatlar təşkil edilməlidir".

Ekspert bildirir ki, qida məhsullarının keyfiyyətsiz olması kənd təsərrüfatı subyektlərindən başlayıb, restoran süfrələrinə qədər olan bir zəncirdir: "Bu zəncirin hansısa mərhələsində bir səhv olarsa, o, bütün mərhələləri risk altına qoyur. Ən pisi isə burada yolxucu və sağalmayan xəstəliklərin yaranma təhlükəsinin olmasıdır".

Sizin Reklam Yeriniz