news Image
2012.09.29
07:32
| A A A
Şəhər yenə zibillə çirkləndirilir
Telman Zeynalov: «Yerə tüpürürlər, siqareti çəkib hara gəldi atırlar»

Hər səhər gördüyümüz mənzərə çoxlarımızı getdikcə daha bərk narahat etməkdədir. İnsanların bəziləri əllərindəki boş plastik qutuları, siqaret qablarını və digər xırda zibil hesab olunan parçaları hara gəldi tullayırlar. Təəssüf ki, insanların zibillə bağlı davranışlarındakı bu tendensiya getdikcə genişlənməkdədir. Şəhərin çirklənməsinin elə əsas səbəbləri də belə arzuolunmaz hərəkətlərdi.

Zibil qutularından (urnalardan) kənara atılan torbalar isə sahibsiz küçə heyvanlarının qida mənbəyinə çevrilir. Heyvanlar lazım olan qidaları yeyir, lazım olmayan qidalar isə ətrafa səpələnir. Xəfif külək kifayətdir ki, ətrafa səpələnmiş zibillər bütün şəhəri bürüsün. Xüsusilə də, havalar isti olanda daşınmayan zibillər üfunət mənbəyinə çevrilir.

Niyə insanlar zibilləri nəzərdə tutulmuş ünvanlara atmırlar? Bu mədəniyyətsizliyin kökündə nə dayanır? Suallar dərin sosioloji araşdırmaların, sorğuların keçirilməsini tələb edir.

Barəsində bəhs etdiyimiz mədəniyyətsizlik o qədər geniş yayılıb və dərin kök salıb ki, hətta "bura zibil atan, ölünün gorunu…" "Balan ölsün!" və s.kimi söyüş və qarğışlar da kara çatmır. Bir çoxlarında belə söyüşlərə, qarğışlara qarşı sanki immunitet yaranıb.

Bəli, şablon səslənsə də deməliyik ki, zibillik mədəniyyətdir. Ölkə haqqında təəssürat onun hava limanında, dəmir yolu, avtobus vağzallarındakı tualetlərin və şəhərdəki zibilxanaların vəziyyəti əsasında formalaşır. Əcnəbilərdə Bakı barədə hansı təəssüratların olduğunu deyə bilməsək də, hər halda mövcud zibilliklər o qədər də müsbət imic formalaşdırmır.

Qeyd edək ki, son vaxtlar problemin ciddiliyi dövlət qurumlarını da hərəkətə gətirib. Məsələn, Milli Məclis məişət tullantılarını nəzərdə tutulmuş yerlərdən kənara atılması və saxlanılmasına görə İnzibati Xətalar Məcəlləsi üzrə cərimələrin tətbiq edilməsini təklif edib. Dəyişikliklərə əsasən, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atan fiziki şəxslər 20 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 500 manat həcmində cərimə olunurlar.

Qanun həmçinin lazımi yerlərdə zibil qutularının qoyulmasını da nəzərdə tutub. Belə ki, şəhərlərdə və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumların yerləşdirilməsi zamanı qanunvericiliklə müəyyən edilmiş məsafənin nəzərə alınmamasına görə vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər isə 1000 manat cərimə olunurlar.

Onu da bildirək ki, zibilliklərlə bağlı problemləri həll etmək üçün İqtisadi İnkişaf Nazirliyi və Dünya Bankı "Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi"ni həyata keçirirlər.

"Təmiz Şəhər" ASC-nin mütəxəssisləri tərəfindən icra edilən həmin layihə çərçivəsində Bakı şəhərinin 8 rayonunda (Suraxanı, Səbail, Sabunçu, Binəqədi, Yasamal, Xəzər, Xətai və Qaradağ) hər birinin sahəsi 200 kvadratmetrdən çox olan 41 qeyri-qanuni tullantı sahəsi müəyyənləşdirilib. Aparılan hesablamalara əsasən, 160 hektara yaxın sahəni əhatə edən bu tullantı sahələrində 450 min tondan çox tullantı cəmlənib.

Qeyri-qanuni tullantı sahələrinin yığışdırılması və "Təmiz Şəhər" ASC tərəfindən zərərsizləşdirilməsi məqsədilə tullantıların Balaxanı poliqonuna daşınmasına başlanıb. Qaradağ rayonunun Sahil qəsəbəsi yaxınlığındakı qeyri-qanuni tullantı sahəsinin təmizlənməsi nəticəsində 50 min ton, Xəzər rayonu ərazisindəki qeyri-qanuni tullantı sahəsindən isə 10 min tona yaxın tullantının Balaxanı poliqonuna daşınması təmin edilib.

Ekspertlər hesab edirlər ki, paralel olaraq vətəndaşlar arasında da zibillə davranış mədəniyyətini formalaşdırmaq lazımdır.

Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovun sözlərinə görə, vətəndaşlar arasında zibilliklə davranış mədəniyyətinin formalaşdırılması üçün dövlət səviyyəsində maarifləndirmə işi aparılmalıdır: "Dünyada zibilə qarşı ən kobud münasibət bərkə də Bakıdadır. Bina evində yaşayır, zibili pəncərədən həyətə tullayırlar. Yerə tüpürürlər, siqareti çəkib hara gəldi atırlar və s. Belələrini tərbiyələndirmək lazımdır. Avropada olduğu kimi, bizdə də hər ailəyə üç rəngdə zibil torbaları verilməlidir. Hər torbaya fərqli zibillər atılmalıdır. Məsələn, qida məhsulları, bərk maddələr ayrı-ayrı qablara yığılmalıdır ki, sonra sənayedə onlardan səmərəli istifadə etmək mümkün olsun. Bu olarsa, digər neqativ hallar da aradan qalxar".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs