news Image
2012.10.04
08:34
| A A A
Çoxmərtəbəli binalarda paltar asmaq üçün yer tapılmır
Qurudulmaq üçün eyvanlardan asılan paltarlar isə şəhərin estetik görkəminə ciddi xələl gətirir

Son illərdə paytaxtda inşa olunan bəzi çoxmərtəbəli binaların tikintisində müəyyən qüsurlara yol verildiyi danılmaz həqiqətdir. Bəzən tikinti şirkətlərinə adi gələn belə qüsurlar sonradan bina sakinləri üçün ciddi problemə çevrilir. Hətta həmin problemlərdən bəziləri estetik baxımından paytaxtın ümumi mənzərəsinə belə xələl gətirir. Bunlardan biri də paltarları yuduqdan sonra onların asılması üçün yerlərin olmamasıdır.

İlk əvvəl burada bir məqamı qeyd edək ki, bəzi evlərdə paltaryuyan avtomat maşınlar var ki, həm paltarı yuyur, həm də qurudur. Amma belə maşınlar hər evdə yoxdur. Digər tərəfdən o da həqiqətdir ki, sözügedən modern maşınlar da paltarı tamamilə qurutmur, nəm saxlayır. Yəni onu da təzədən havaya sərmək lazım gəlir.

Çoxmərtəbəli binalarda isə yuyulmuş paltarlar adətən eyvanlardan asılır. Bu isə kənardan baxanda estetik mənzərəni ciddi şəkildə korlayır. Mütəxəssislər xoşagəlməz mənzərənin yaranmasına əsas kimi bina tikilən zaman paltar qurutmaq üçün yerlərin nəzərə alınmamasını göstərirlər. Onların fikrincə, memarların tikinti prosesini sonadək izləməməsi bu problemi yaradan səbəblərdəndir. Xarici ölkələrdə yaşayış binalarının layihələri hazırlanan zaman insanların bu məqsədlə istifadə etməsi üçün müəyyən yerlər nəzərdə tutulur. Bu, binanın zirzəmisində və ya mansardında ola bilər. Eyni zamanda insanlar çamaşırxanalardan da istifadə edirlər. Bizdə isə əhali arasında çamaşırxanalar elə də populyar deyil. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev bununla bağlı "Lider" kanalına bildirir ki, bu məsələdə insanların üzərinə də böyük iş düşür. Belə ki, bəzi sakinlər binalarda paltar asmaq məqsədilə ayrılan yerlərdən düzgün istifadə etmirlər.

Lakin o da həqiqətdir ki, tikilən əksər çoxmərtəbəli binalarda paltar qurutmaq üçün müvafiq yerlər yoxdur. Yaşayış binaları tikilən zaman paltar asmaq üçün yer nəzərə alınmır. İnsanlarda məcbur olub əlavə vasitələrdən istifadə edir. Nəticədə şəhərin xarici görünüşü korlanır. Qeyd edək ki, bir sıra xarici ölkələrdə, eləcə də keçmiş Sovet İttifaqına daxil olan bir çox ölkələrdə binaların görünən hissələrində paltar asmaq qadağan edilib. Azərbaycanda isə rəsmi şəkildə belə bir qadağa yoxdu. Yalnız Naxçıvan və Sumqayıt şəhərlərində həmin təcrübə tətbiq olunur və o da öz bəhrəsini verir.

Bəzi ekspertlərin fikrincə, paytaxtda paltarlar binaların həyətində qurudulmalıdır. Amma hazırda elə ev kompleksləri tikilir ki, orda paltar yumaq, qurutmaq üçün yerlər, xüsusi otaqlar yoxdur. Hətta "soyuq otaq" deyilən yer olmalıdır, tərəvəzləri saxlamaq üçün. Belə yer binadakı hər mənzil sahibi üçün ayrılmalıdır. Təəssüf ki, hazırda bu, Azərbaycan reallığına uyğun gəlmir. Belə evlər Avropada tikilib. Moskvada da bu cür kompleks evlər tikilməyə başlayıb.

Binaların fasadlarının qorunması, ya da paltarların eyvanda asılmaması üçün yuxarı instansiyadan hansısa sərəncam verilməsinə ehtiyac görməyən ekspertlər bildirir ki, məsələyə sovetlər dönəmində olduğu kimi mənzil istismar sahələri və ya bələdiyyələr nəzarət etməlidir.

Qeyd oluna sahədə uğurlu xarici təcrübələr də mövcuddur. Məsələn, İsveçrədə, demək olar ki, binaların eyvanlarından paltar asılmır. Baxmayaraq ki, hər hansı bir sərt qadağa yoxdur. Şəhərin ümumi görünüşünün qayğısına qalan bələdiyyə hər binanın zirzəmisində "keller" - paltar yumaq və qurutmaq üçün otaq ayırıb. Bəzi binalarda hər ailə 16 gündən bir iki gün ərzində, bəzi binalarda isə sadəcə, növbəyə yazılmaqla "keller"də paltar yuya bilər. İkinci halda ayda neçə dəfə istəsən paltar yuya bilərsən, amma bir şərtlə ki, "keller"dəki siyahıda paltarları saat neçədən neçəyəcən yuyacağını dəqiq göstərsən.

"Keller"də paltarları yumaq və qurutmaq üçün maşınlar qoyulur. Almaniyada vəziyyət bir qədər fərqlidir. Bu ölkədə eyvandan paltar asmaq qadağandır. Şəhər bələdiyyəsi qadağanı pozanı cərimələyə bilər. Ümumiyyətlə, Almaniyada nə binanın xaricində, nə də daxilində hər hansı bir dəyişiklik etmək mümkün deyil. Yalnız mənzillərin içində kosmetik təmirə icazə verilir. Eyvanda çoxlu gül-çiçək əkən və eyvanı həmişə səliqəli saxlayan sakinlərə bir qayda olaraq bələdiyyə rəsmən təşəkkür bildirir. Gürcüstanın Nazirlər Kabineti də hələ bir neçə il əvvəl binaların eyvanında paltar asmağı qadağan edib. Xatırladaq ki, hələ sovet vaxtından respublika rəhbərinin gedib-gəldiyi yolda, eləcə də əsas magistral yollarının şəhərə girişində eyvanlardan paltar asmaq qadağan edilib. Bu işə mənzil istismar sahələri nəzarət edib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs