Əlaqə Arxiv
news Image
2012.10.04
09:39
| A A A
Bəzən kanallar süni şəkildə problemli ailələr arasında veriliş hazırlayır
“Ölkədə yeni televiziya kanalları və radiostansiyaların açılması ilə bağlı artıq hazırlıq işlərinə başlanıb”

Azərbaycanda telekanallar ədəbi dilin işlənməsi ilə bağlı bəzən sui-istifadə hallarına yol verirlər. Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli qurumun yaradılmasının 10 illiyi münasibətilə keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, ölkədəki telekanallarda ədəbi dilin işlənməsi ilə bağlı bu və ya digər problem olsa da, onlar tədricən aradan qaldırılır. "Ancaq bəzən kanallarda bundan sui-istifadə halları olur. Onlar bəzən verilişlərə dəvət etdikləri qonaqlarla xarici dildə danışırlar. Qarşıdakı illərdə bu məsələlərə də baxılacaq", - Məhərrəmli deyib.

O əlavə edib ki, əvvəllər Azərbaycan efirində göstərilən filmlərin 75 faizi xarici ölkələrin istehsalı idi. 2011-ci ilin sentyabr ayında ölkə prezidenti tərəfindən milli televiziya filmlərinin çəkilməsi üçün 5 milyon manat pul ayrılıb. Məhz buna görə də Şura tərəfindən bu il mayın 1-dən ölkə teleməkanında xarici teleserialların yayımı dayandırılıb.

"Həmin məbləğ telekanallar arasında bərabər bölünüb. Artıq bütün telekanallar bu məbləğə seriallar çəkiblər. Son zamanlar telekanallarda serial çəkilişləri ilə bağlı böyük fəallıq müşahidə olunur. Göstərilən seriallar bizə ümid verir ki, getdikcə telekanallar daha çox Azərbaycanın tarixinə, ədəbiyyatına, çoğrafiyasına uyğun filmlər çəkəcəklər", - Şura sədri deyib.

Məhərrəmli bildirib ki, onları narahat edən məsələlərdən biri də Azərbaycan efirində aşağı təbəqənin psixologiyasına uyğun tok-şouların hazırlanmasıdır. Bəzən kanallar süni şəkildə problemli ailələr arasında veriliş hazırlayır, bunu camaata kino kimi təqdim edirlər.

O qeyd edib ki, kanalllarda ədəbi dilin işlənməsi ilə bağlı aparılmış monitorinqlərin nəticələri 10 gündən sonra yenidən müzakirə ediləcək.

"Bəzən verilişlərdə ikili, hətta coxsaylı dildə olan cümlələrdən istifadə edən aparıcılar olur. Onların cümləsinin bir hissəsi türkcə, bir hissəsi rusca deyilir", - Məhərrəmli deyib.

Nuşirəvan Məhərrəmli jurnalistlərə açıqlamasında deyib ki, telekanallarda sponsorların təqdim olunması ilə bağlı problemlər qalır: "Telekanallarda sponsorların təqdimatı reklam kimi verilir. Bu isə doğru deyil və bu halın qarşısı alınacaq. Çünki reklama verilən vaxtla sponsorlara ayrılan vaxt eyni deyil. Bunlar ayrı-ayrı şeylərdir. Çox təəssüf ki, telekanallarda belə hallar var. Bunun aradan qaldırılması üçün qanunvericiliyin verdiyi tələblər çərçivəsində addımlar atılacaq"

MTRŞ sədri bildirib ki, növbəti on ildə Azərbaycan özünün siyasi-iqtisadi inkişafı ilə bərabər, teleradio sahəsində də müəyyən işlər görməyi planlaşdırır: "Rəqəmsal yayıma keçidlə bağlı çoxlu problemlər ortaya çıxacaq. Hesab edirəm ki, Azərbaycanın mövcud iqtisadi imkanları bu problemləri aradan qaldırmağa imkan verəcək. Milli televiziya yayımçılarının öz məsuliyyətlərini dərk etmələrini çox istərdik. İstərdik ki, milli-mənəvi dəyərlərə uyğun, maarifləndirici, intellektual xarakterli verilişlər çox olsun. Azərbaycan tamaşaçıları daha çox xarici yox, milli telekanallar baxsın. Bu bizim əsas vəzifələrimizdən birdir".

N. Məhərrəmli onu da qeyd edib ki, hazırda qarşılarında duran əsas problemlərdən biri efirdə milli-mənəvi dəyərlərə uyğun verilişlərin az olmasıdır: "Son zamanlar ictimaiyyəti narahat edən məsələlərdən biri problemli ailələr üzərində tok-şouların qurulmasıdır. Bu bizi çox narahat edir. Bunun tədricən aradan qaldırılması bizim hədəfimizdir. Azərbaycan ədəbi dilindən efirdə tam istifadə olunmasına da nəzarət gücləndiriləcək".

Nuşirəvan Məhərrəmli bildirib: "Azərbaycanda telekanalları sayı yetərinsə olsa da, hesab edirik ki, biz dayanmamalıyıq. Ölkədə yeni televiziya kanalları və radiostansiyaların açılmasını dəstəkləməliyik. Bununla bağlı artıq hazırlıq işlərinə başlanıb". N. Məhərrəmli xüsusən regionlarda yeni telekanalların və radiostansiyaların açılmasına böyük ehtiyac olduğunu vurğulayıb: "Azərbaycanda televiziya sahəsində həm ümumrespublika, həm də regional yayımçılar var. Amma radiostansiyalar sahəsində regional yayımçılar yoxdur. Bununla bağlı dönüş yaratmaq istəyirik. Yaxın vaxtlarda bununla bağlı müsabiqə elan olunacaq".

Qeyd edək ki, MTRŞ ANS və ATV kanallarına şifahi xəbərdarlıq edib. Xəbərdarlıqda qeyd olunub ki, ANS kanalında sentyabrın 26-da saat 19.15-də yayımına başlanan və 20.50-dək davam edən, əsas süjet xəttini bir xanımın 2 kişi ilə eşq macəralarının təşkil etdiyi "Bricit Consun gündəliyi" filmində uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən, kodsuz yayımlanan, o cümlədən erotika və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi qaydaların 2 maddəsinə zidd olaraq seksual münasibətlərdən bəhs edən söhbətlərə yol verilib. Eyni zamanda ədəbsiz ifadə və sözlərdən, jestlərdən istifadə edilib.

ATV kanalında isə oktyabrın 1-də saat 13.00-da yayımına başlanan "Əlli görüş" bədii filmində yuxarıda qeyd edilən qaydanın 2 maddəsinə zidd olaraq seksual münasibətlərdən bəhs edən söhbətlərə yol verilib, ədəbsiz ifadə və sözlərdən istifadə olunub.

Sizin Reklam Yeriniz