Əlaqə Arxiv
news Image
2012.10.05
07:43
| A A A
Yarımçıq binalar hərraca çıxarıla bilər
Ramil Osmanov: “Yarımçıq binaların bələdiyyələr tərəfindən alınması daha optimal yanaşmadır” Nüsrət İbrahimli: “Belə yarımçıq obyektlər hərraca çıxarılıb burada satış obyekti kimi təklif oluna bilər”

Yaşar Əsədov: "Yarımçıq binaların taleyi istənilən halda ikitərəfli razılaşma əsasında həll olunmalıdır"

Azərbaycanda, xüsusən də Bakı şəhərində çoxsaylı yarımçıq binalar var. Onlardan bir çoxunda 5 və daha çox ildir ki, tikinti işləri dayanıb. Bir sıra tikinti şirkətləri maliyyə çatışmazlığı üzündən həmin binaları tikib başa çatdıra bilməyib. Nəticədə də bundan binalardan mənzil almaq üçün vəsait xərcləyən əhali ziyan çəkir.

Yarımçıq binalarla bağlı olaraq bir sıra ekspertlər ondan çıxış yollarını arayırlar. Bəzi mütəxəssislərə görə yarımçıq qalmış binaların sahiblərinə tikintini başa vurmaq üçün müəyyən vaxt limiti verilməlidir. Onlar qoyulan limit müddətində tikintini başa çatdırmalıdırlar. Əks təqdirdə isə belə yarımçıq binalar dövlət tərəfindən müsadirə oluna bilər.

Məsələ barədə danışan müstəqil iqtisadçı ekspert Yaşar Əsədov yarımçıq binaların taleyinin yalnız ikitərəfli razılaşma əsasında həll olunmasının tərəfdarıdır: "Tikintilər bildiyiniz kimi aşınmaya məruz qalan obyektlərdəndir. Bu mənada yarımçıq tikililərin aşınma ehtimalı daha artıqdır. Yarımçıq tikilini uzağı 2-5 il ərzində istifadəyə vermədən saxlamaq olar. Sonradan isə həmin bina öz-özünə aşınmaya məruz qalır və dağılır. Məsələn, beşmərtəbəli "Xruşşovka" deyilən binaların ömrü 20 ildir. Son illər həmin binalarda möhkəmlənmə işləri aparılır, fasadlar möhkəmləndirilir. Belədə onların ömrü də uzadılır. Lakin 18-20 mərtəbəli binaların yarımçıq qalması ilə onlarda aşınma prosesi daha intensiv xarakter alır. İqlim şəraitinin hər fəslə uyğun olaraq dəyişməsi nəticəsində yarımçıq binalarda güclü dağıntılar baş verir. Nəticədə tədricən həmin yarımçıq binalar alıcı üçün cəlbediciliyini itirir. Ona görə də yarımçıq binaların tikilib başa çatdırılması üçün təcili surətdə onlarla bağlı bir əlac tapılmalıdır. Amma yarımçıq binaların taleyi məsələsi istənilən halda ikitərəfli razılaşma əsasında olmalıdır. Çünki həmin binalar şəxsi mülkiyyətdir. Onları bir daraqla daramaq mümkün olmayacaq. Azərbaycan bazar iqtisadiyyatının inkişafı yolu ilə getdiyindən yarımçıq binalarla bağlı olaraq administrativ idarəetmə formalarına əl atmaq da düzgün olmazdı. Hər bir konkret halda məsələnin çözülməsi qarşılıqlı faydalı razılaşma əsasında baş verməlidir. Təbii ki, dövlət də yarımçıq evlər hazırlanaraq satılanda əhalinin keyfiyyətli mənzillərdə yaşamasında maraqlıdır".

Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin sədri Ramil Osmanov isə yarımçıq binaların tikilib başa çatdırılması işinin bələdiyyələrə həvalə edilməsinin tərəfdarıdır: "Yarımçıq tikililərin tikilib başa çatması üçün konkret limit qoyulmasının və bu limitə əməl olunmadığı halda onun kimlərə həvalə edilməsilə bağlı Ukrayna və Rusiya modeli mövcuddur. Bu ölkələrdə tikintisi yarımçıq qalan tikintilər bələdiyyələrin balansına verilir. Onlar da binadakı mənzilləri satmaq yolu ilə qarşı tərəfin pulunu ödəyir. Ona görə də ölkəmizdə yarımçıq binalarla bağlı məsələdə onun dövlət tərəfindən deyil, məhz bələdiyyələr tərəfindən alınması prosesinin həyata keçirilməsində maraqlıyam. Fikrimcə, bu daha optimal bir yanaşmadır. Azərbaycanın Mənzil Məcəlləsində yeni dəyişikliklər var. Onlara əsasən Mənzil Fondunun idarə olunmasında bələdiyyələrin balansında olan mənzillər məsələsi ortaya çıxır. Eyni zamanda kommunal mənzil məsələsi də ortalıqdadır. Belə olan təqdirdə, ilk növbədə ilk olaraq bələdiyyələrin mənzil fondu formalaşmalıdır ki, onun idarə edilməsindən söhbət getsin. Azərbaycanda isə bu gün belə bir fond mövcud deyil. Həmin fondun yaranması üçün qanunvericilikdə bu istiqamətdə müəyyən dəyişikliklərin olmasına ehtiyac vardır. Hamımız bilirik ki, hazırda bələdiyyələrin iqtisadi maliyyə durumu həmin yarımçıq binaların alınması və tikintini başa çatdırmağa imkan vermir. Hesab edirəm ki, bu istiqamətdə də dövlət tərəfindən müəyyən addımlar atılmalı və bələdiyyələrə subsidiyalar ayrılmalıdır. Lazim gələrsə onlara uzunmüddətli, az faizli kreditlər də verilməlidir ki, özünüidarə orqanları da yarımçıq mənzillərdə işin başa çatdırılması prosesinə cəlb olunsun. Belə vəziyyət Azərbaycanda bələdiyyə institutunun ən azından prosesdə tam normal şəkildə iştirakının təmin olunmasına gətirib çıxarar. Eyni zamanda, tikinti şirkətləri üzərində hər hansı bir məsuliyyətin olduğunu görsə və binanı qoyulan limit müddətində başa vurmadıqda tikintinin əlindən çıxmaq riskinin olduğunu bilsə, prosesə daha məsuliyyətli yanaşacaq. Belədə yarımçıq binalarla bağlı problem də öz həllini tapar".

NBA Konsaltinq Şirkətinin rəhbəri Nüsrət İbrahimli isə limitə uyğun olaraq tikintini başa çatdırmayan binaların hərraca çıxarılmasını daha optimal variant sayır: "Müəyyən edilmiş limit müddətində binanın inşası başa çatmayan tikintilərin dövlət tərəfindən müsadirə edilməsi mümkün deyil. Bu hal qanunvericiliyə də ziddir. Ancaq belə yarımçıq obyektlər hərraca çıxarılıb burada satış obyekti kimi təklif oluna bilər. Satıldıqdan sonra da tikintiyə ilk başlayan şirkətin xərcləri ödənilməli, yerdə qalan gəlirlər isə gələcək investora çatacaq. Bir çox ölkələrdə belə bir praktika mövcuddur. Amma birbaşa olaraq bu tip binaların müsadirə olunması yolverilməzdir. Yalnız cinayət tərkibi olduqca müsadirə məsələsi gündəmə gələ bilər. Amma maliyyə və başqa problemlərlə bağlı olaraq həmin yarımçıq binalar hərraca çıxarılmalıdır".
Sizin Reklam Yeriniz