Əlaqə Arxiv
news Image
2012.10.06
08:05
| A A A
Saxta müalicə sularından gələn təhdid
Adil Qeybulla: “Hesab edirəm ki, ərzaq məsələsində olduğu kimi su və dərman təhlükəsizliyi də milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsi olmalıdır” Rasif Bağırov: “Ölkəyə gətirilən müalicəvi suların tərkibini, standartlara uyğunluğunu dəqiq müəyyən edən aparat yoxdur”

Məlumdur ki, ölkəyə xaricdən çoxsaylı müalicəvi sular gətirirlər. Hazırda apteklərdə müalicə adı ilə satılan su növləri çoxdur. Xüsusən də, Yessentuki müalicəvi suyu daha geniş yayılıb.

Amma idxal olunan müalicəvi suların heç də hamısı standartlara cavab vermir. Bir çox bu tip sular saxta olması ilə seçilir. Bəzi işbazlar asan qazanc əldə etmək üçün nəinki təkcə dərman preparatı, hətta müalicəvi suyun belə saxtasını hazırlayırlar. Nəticədə də onu qəbul edən xəstə sağalmaq əvəzinə, daha da pis vəziyyətə düşə bilər. Görəsən, nə etmək lazımdır ki, ölkəyə saxta müalicəvi suların gətirilməsinin qarşısı alınsın?

Tibb elmləri doktoru Adil Qeybulla gətirilən müalicəvi suların sertifikatının olmasını vacib bildi: "Apteklərdə satılan müalicəvi suların saxta və yaxud həqiqi olduğunu bilmək üçün xüsusi laboratoriyanın olması vacibdir. Amma ölkəyə çoxsaylı saxta ərzaq, mənşəyi bilinməyən dərmanlar gəlirsə, məntiqlə müalicəvi sular barəsində də eyni sözləri demək olar. Gətirilən müalicəvi suların da sertifikatı olmalıdır. Müvafiq laborator tədqiqat layihələrindən keçməklə onlara verilən sertifikat azı ildə bir dəfə təzələnməlidir ki, həmin suların istehsalı və satışı ilə məşğul olan şəxslər məsuliyyət hiss etsinlər. Nəinki müalicəvi sular, hətta evdə, məişətdə işlətmək və maye qəbul etmək üçün istifadə olunan sular da təmizlik parametrlərinə kifayət qədər cavab vermir. İçməli suyun polititri və poliindeksi deyilən indeksi var ki, o da hər kubmetr suda olan bağırsaq çöplərinin sayına görə müəyyənləşir. Həmin suyun tərkibində ağır metal duzları, müxtəlif istehsalat tullantıları qarışmış sular da var. Təəssüf ki, su ilə bağlı olan bu məsələ də tam şəkildə tənzimlənməyib. İkinci bir tərəfdən həmin müalicəvi və içməli suların plastik qablarda satılması da yolverilməzdir. Ümumiyyətlə plastik qablardan imtina olunmalıdır. Çünki plastik qabda uzun müddət qalan su orqanizmdə tədricən toplanaraq müəyyən xəstəliklərə rəvac verən müxtəlif toksiki maddələr əmələ gətirir. Hesab edirəm ki, ərzaq və dərman təhlükəsizliyi kimi su təhlükəsizliyi də milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsi olmalıdır. Onun satışı, tərkibi, keyfiyyət parametrləri, istehsal-texniki parametrlərə ciddi nəzarət olunmalıdır".

Kardioloq həkim Rasif Bağırov bildirdi ki, müalicəvi suların saxta olub-olmadığını yoxlamaq üçün laboratoriyanın olmaması həmin mənfi tendensiyanın ayaq-açmasına imkan yaradır: "Azərbaycanda ölkəyə daxil olan hər hansı bir dərman maddəsi və müalicəvi suların tərkibini, standartlara uyğunluğunu dəqiq müəyyən edən aparat yoxdur. Belə bir aparatın olmamasından istifadə edərək xaricdən hansı müalicəvi suları gətirirlərsə, o da gəlib ölkəmizin satış bazarlarında oturur. Ona görə də ilk növbədə, həmin aparatı almaq lazımdır. Lakin bir çox işbazları bu qane etmədiyindən həmin texnikanın alınmasına maneə olurlar".
Sizin Reklam Yeriniz