Əlaqə Arxiv
news Image
2012.10.09
07:23
| A A A
Hicab aksiyasının maraqlı pərdəarxası məqamları üzə çıxır
Cümşüd Nuriyev: "Ölkə daxili və xaricdə hicab aksiyasının süni olaraq gündəmdə qalmasını istəyən qüvvələr var" Taleh Əliyev: "Belə bir aksiya mövcud gündəmi dəyişmək istəyən daxili qüvvələrin marağına işləyir"

Oktyabrın 5-də özlərini dindar kəsim adlandıran bir qrup xurafatçının Təhsil Nazirliyi qarşısında hicab qadağasına etiraz əlaməti olaraq keçirdikləri aksiya özünün qanlı olması ilə yadda qaldı. Belə ki, etiraz aksiyasına çıxanlar qəddar və aqressiv olmaları ilə seçilirdilər. Onların tədbirə əllərində ağac parçaları ilə gəlməsi və bilərəkdən asayiş keşikçilərinə müqavimət göstərmələri də aksiya iştirakçılarının qanlı olay törədilməsində maraqlı olduğunu göstərir.

Görünür, kimlərsə ölkəmizdə proseslərin zorakı xarakter almasında maraqlıdır.

Digər tərəfdən, hicab aksiyası həmin ərəfədə Bakıda keçirilən Beynəlxalq Humanitar Forumla eyni vaxta düşüb. Foruma gələnlər burada olarkən Azərbaycanın inkişafının şahidi olurlar. Lakin ölkəmizin inkişafını istəməyən qüvvələr belə aqressiv tədbirlərə əl atmaqla Azərbaycanın imicinə zərbə vurmağı düşünürlər. Xatırladaq ki, cari ilin mayında Bakıda keçirilən "Eurovision" ərəfəsində də xurafatçılar bu kimi çirkin əməldə bulunmaq niyyətində olmuşdular. Proses ondan xəbər verir ki, bir çox qüvvələr hicabla bağlı məsələnin süni olaraq gündəmdə qalması və belədə ölkəmizdə gərginliyin hökm sürməsinə çalışırlar. Bəzi mətbu orqanların baş verən hicab aksiyasını şişirtməsi də prosesi məhz süni olaraq gündəmdə saxlamaq istəyindən irəli gəlir.

Politoloq Cümşüd Nuriyevin fikrincə, xurafatçıların "hicab aksiyası" adı ilə təşkil etdikləri aksiya əvvəlcədən təşkil olunmuş bir tədbir idi: "Bu aksiyanın keçirildiyi bir ərəfədə Bakıda Beynəlxalq Humanitar Forum keçirilirdi. Eyni zamanda, AŞ PA-da Azərbaycanla bağlı məsələlər müzakirə olunurdu. Buna əsasən söyləmək olar ki, özlərini dindar adlandıran kəsimlərin oktyabrın 5-də Təhsil Nazirliyi önündə keçirdikləri aksiya da əvvəlcədən planlaşdırılmış bir məsələdir. Aksiyada iştirak edən gənclər polisə hücum edirdi. Özü də onlar əvvəlcədən hazırlıqlı gəlmişdilər. Əllərində yaşıl rəngə bürünən ağac parçalarının olması, polisi bilərəkdən təhqir etmələri və onlara hücum etmələrinin arxasında heç şübhəsiz xüsusi tapşırıqlar durub. Xurafatçılar aksiyanı Təhsil Nazirliyinin önündə keçirməyi heç də təsadüfi olaraq seçməyiblər. Çünki sözügedən nazirliyin ərazisi hazırlıqsız bir yerdir. Həm də heç kim burada belə aqressiv aksiyanın keçirilə biləcəyini gözləmirdi. Təhsil Nazirliyinin ərazisi aksiya keçirən xurafatçılara güc nümayişi üçün əlverişli məkan idi. Aksiyaçılar içərisində 15-20 nəfərlik qrup daha aqressiv olması ilə seçilirdi. Hiss olunurdu ki, onlar İranda təhsil alıb göndərilənlər və bu ölkənin Bakıya ixrac etdiyi azərbaycanlılardır. İran bu yolla Azərbaycanı da xurafat istiqamətinə sürükləmək istəyir. Bununla da onlar islam inqilabını Azərbaycana ixrac etməyə meylləniblər. Azərbaycanda buna şərait yoxdur, lakin xurafatçı qüvvələr güclə də olsa həmin şəraiti yaratmaq istəyirlər. Belə qüvvələrin arxasında dayananların İrana gedib çıxacağı şübhəsizdir. Bunun arxasında gerçək İslam dini deyil, həmin dindən istifadə edib Azərbaycana təzyiq göstərmək və bununla da ölkəmizi İranın öz əlaltısına çevirmək məqsədi dayanır. Burada birmənalı şəkildə erməni lobbisinin izi və fəaliyyəti də görünür".

Ekspert onu da söylədi ki, ölkə daxili və xaricdə hicab aksiyasının süni olaraq gündəmdə qalmasını istəyən qüvvələr vardır: "Qarşıdan növbəti seçki ili gəlir. Bu halda ölkə daxilində belə məsələlərə siyasi aclıq yaranır. Həmin vakkumu doldurmaq üçün də məhz belə aqressiv xarakterli aksiyalardan istifadə edirlər. Ona görə də dövlət səviyyəsində bu tip məsələlərin gündəmdən çıxarılmasına çalışmalıyıq. Ramil Səfərovla bağlı iqtidarla müxalifət partiyaları bir araya gəldiyi kimi, onların İranın ölkəmizin maraqlarına zidd əməlləri ilə əlaqədar da bir araya gəlməsi və bəyanat vermələri yaxşı olardı".

Digər politoloq Taleh Əliyev də bu qənaətdədir ki, bəzi qüvvələrin keçirdikləri hicab aksiyası ilə Bakıda keçirilən Beynəlxalq Humanitar Forumunun eyni vaxta düşməsi əvvəlcədən planlaşdırılmış hadisədir: "Heç şübhəsiz bəzi qüvvələr məhz həmin tədbir ərəfəsi ölkədə vəziyyəti gərginləşdirməkdə maraqlı olub. Hicab aksiyası ilə bağlı videogörüntülərdən hiss olunur ki, bu, bir qrup dindar insanların qısa müddətli etiraz aksiyası deyil, öncədən düşünülmüş və hazırlanılmış bir tədbir idi. Ora qoşulan insanların çoxunun gənc olması, əllərində taxta əşyaların olması onu göstərir ki, tədbir kifayət qədər hazırlıqlı bir proses olub. Maraqlı qüvvələr bu hərəkətlə mesaj vermək istəyib. Burada İran hakimiyyətinin özünün də barmağının olması ehtimalı vardır. Bir tərəfdən Bakıda Beynəlxalq Forum keçirməklə Azərbaycan hakimiyyətinin demokratik imici formalaşır. Digər tərəfdən də ölkədə dini radikal qrupun mövcud siyasi-ictimai asayişə təsir edən tədbirlər keçirməyə israrlı olduğu görünür".

Həmsöhbətimiz onu da qeyd etdi ki, proses həm də ölkədə hicab aksiyasının süni olaraq gündəmdə qalmasını istəyən daxili qüvvələrin olduğundan xəbər verir: "Belə bir aksiya mövcud gündəmi dəyişmək istəyən daxili qüvvələrin marağına işləyir. Tədbir təşkilatçılarının kimlər olduğu, onun nəyə hesablandığını deyərkən, həm də mövcud gündəmin dəyişilməsi istiqamətində ip ucu axtarıb yola çıxmaq olar".
Sizin Reklam Yeriniz