Əlaqə Arxiv
news Image
2012.10.09
08:30
| A A A
Geyimlərdən səhhətimizə böyük təhdid
Sevgim Rəhmanov: “Satılan malın haradan, nə qədər və neçəyə alınması barəsindən hesab fakturası olmalıdır” Adil Qeybulla: “Bu cür parçalar plastik qablardan hazırlanır”

Əvvəllər paltar yalnız ətraf mühitdən qorunmaq üçün idisə, indi onun həm də xarici gözəlliyin təmin olunmasında böyük rolu var. Amma dəblə ayaqlaşmaqla yanaşı, onun keyfiyyətinə də fikir vermək lazımdır. Çünki, keyfiyyətsiz geyimlərin insan səhhətində müəyyən problemlərə səbəb ola bilməsi ehtimalı yüksəkdir. Ekspertlər isə burada xaricdən, xüsusi ilə də Çindən gətirilmiş geyim və parçaların öncül təşkil etdiyini bildirirlər.

Onların tərkibində olan zərərli maddələrin dəri, bronxit və digər xəstəliklərə səbəb ola biləcəyini vurğulayırlar. Amma bütün bunlara baxmayaraq, hazırda satış bazarlarımızı dünyada olduğu kimi Çin məhsullarından kənarda təsəvvür etmək mümkün deyil. Tacirlər və İstehsalçılar Birliyinin sədri Sevgim Rəhmanovun sözlərinə görə, həmin geyimlərin insan səhhəti üçün zərərli olmasını isbat etmək çətindir: "Əgər geyim məhsulları qanuni yolla xaricdən idxal olunursa, mütləq onun müqaviləsi, setifikatı olmalıdır. Əgər sertifikatsız, müqaviləsiz məhsul ölkəyə daxil olursa, bu, ilk növbədə qeyri-qanunidir. Belə olan hallarda həmin geyimlərin sertifikatı olub-olmamasından asılı olmayaraq onun satışı qadağan olunmalıdır. İkincisi, əgər ölkəyə idxal olunan malın sertifikatı var, amma yoxlama məntəqəsində keyfiyyətsiz çıxıbsa, sahibkar sertifikatı verən təşkilatı məhkəməyə cəlb etməlidir. Üçüncüsü isə ola bilər ki, geyimlər daxildə istehsal olunsun, amma etiketi xarici olsun. Bu hal da yoxlanılmalıdır. Ona görə də bütün bunların qarşısını almaq üçün ən mühüm şərt həmin satılan malın haradan, nə qədər və neçəyə alınması barəsindən hesab fakturası olmalıdır. Əgər ilk növbədə bunlar varsa, sonradan onun keyfiyyəti, insan səhhətinə zərərliliyi barəsində araşdırmalar aparıla bilər. Amma geyimlərin rekvizitlərində onun tərkibi barəsində məlumatlar əks olunur. İş də burasındadır ki, heç bir istehsalçı öz məhsulu barəsində pis məlumatları əks etdirməz. Lakin bunun da doğru olub-olmamasını laboratoriya vasitəsi ilə yoxlamaq mümkündür".

Ekspert hazırda zərərli geyimlərin qarşısının alına bilməməsində əsas səbəb kimi Azərbaycanda ticarət haqqında qanunun olmamasını görür: "Əgər ticarət haqqında qanun olarsa, orada idxal olunan malların satış qaydaları da ayrıca bir maddə şəklində təsbit olunacaq. Bu gün Azərbaycanda ticarət Nazirlər Kabinetinin 1998- ci ildə verdiyi 80 saylı qərarı ilə işləyir. Orada malların necə satılması haqqında bənd var. Amma problem ona əməl edilməkdədir".

Məsələ ilə əlaqədar tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, hazırda bütün dünya üzrə içməli su və yaxud da ərzaq üçün nəzərdə tutulan plastik qabların istehsalatdan yığışdırılması məsələsi qaldırılıb: "Düzdür, məsələ hələ həllini tapmasa da gündəmdə və müzakirədədir. Hazırda plastik qabların Sakit Okeandakı miqdarı o qədər çoxdur ki, onu təmizləmək üçün böyük bir dövr tələb olunur. Yəni, həddən artıq çirklənərək ekoloji fəlakət yaradıb. Həmin maddələr də uzun müddət gün altında qaldıqda, maye ilə təmasda olduqda dioksin adlanan zəhər istehsal edir. Çində isə həmin plastik qablardan parça düzəldilir. Bu parçadan da müxtəlif geyimlər tikilir. Həmin geyimlər də çox ucuz olaraq hazır, ya da parça şəklində Azərbaycana daxil olur. Ondan da müxtəlif paltarlar tikilərək əhaliyə satılır. Əhali isə bunun fərqində deyil. Bu cür geyimlərin pis fəsadları daha çox uşaq və xəstə adamların orqanizmində özünü göstərir. Bunlar həm şüalanma, həm də toksiki mənbədir. Ona görə də alıcılar diqqət olmalıdırlar. Çin istehsalı olan əksər geyimlərin keyfiyyət parametrləri nəinki aşağı, hətta onlarda bu cür toksigen maddələrin olması məsələsi də var. Bundan başqa Çin istehsalı olan uşaq oyuncaqlarında istifadə olunan plasmaslar da çox keyfiyyətsizdir. Çin istehsalı olan bu cür məhsullar orqanizmlərdə dermotit, asmoit kompanentli bronxitlər və digər xəstəliklər əmələ gətirir".

Adil Qeybullanın qeyd etdi ki, bunun qarşısının alınması dövlət proqramı şəklində həyata keçirilməlidir: "Ümumiyyətlə, ərzaq, su, dərman, geyim və orqanizmlə təmasda olan bütün məsələlər milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsi kimi nəzarətdə olmalıdır. Bu cür malların istehsalına və ölkəyə idxalına qadağa qoyulmalıdır".
Sizin Reklam Yeriniz