news Image
2012.10.10
07:12
| A A A
Xəzər ətrafındakı obyektlərə təhlükə yaranır
Telman Zeynalov: "Suyun səviyyəsinin qalxması ilə dəniz kənarındakı bütün obyektləri, tikililəri su basacaq" Ənvər Əliyev: "Suyun çəkilməsi dənizətrafı ərazilərdə bir çox əkin və yaşıl sahələrin qurumasına gətirib çıxara bilər"

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun alimləri bildirir ki, Xəzər bu günə qədər geoloji qabarma-enmə və qlobal istiləşmə proseslərinə məruz qalıb. Nəticədə dənizin səviyyəsi xeyli azalıb, ərazisi kiçilib və qapalı hövzəyə çevrilib. İnstitutun direktoru akademik Akif Əlizadə qeyd edir ki, qlobal istiləşmənin təsiri ilə Xəzərin səviyyəsinin enməsi son onilliklərdə daha qabarıq müşahidə olunur və bu proses hazırda da davam edir. Görəsən, bu proses nə vəd edir?

Ekoloq Telman Zeynalov Xəzərin səviyyəsinin azalması fikrilə razı olmadığını dedi: "Xəzər dənizinin suyu hazırda heç də çəkilmir. Əksinə, hazırda dənizin səviyyəsi aşağı deyil, yuxarı qalxır. Dənizin suyunun quruması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Digər tərəfdən qlobal istiləşmə ilə Xəzərin səviyyəsi arasında heç bir əlaqə yoxdur. Qlobal istiləşmə dövründə dənizin səviyyəsi 2,5 metrə qədər qalxmışdı. Özü də Xəzər dənizinin səviyyəsinin qalxması prosesi 2030-cu ilədək davam edəcək. Bu müddətdə dənizin səviyyəsi təxminən 1-1,5 metrə qədər yüksəlməlidir. Bu da bizim zonada yağıntıların miqdarının 30 faizə qədər artması ilə bağlıdır. Yağıntıların miqdarının qalxması ilə isə dənizin səviyyəsinin aşağı düşməsi, onun quruması halları baş verə bilməz. Suyun səviyyəsinin qalxması ilə isə dəniz kənarındakı bütün obyektləri, tikililəri su basacaq. Hazırda dənizin kənarları da zəbt olunur. Burada istirahət mərkəzləri, kommersiya strukturları yaradılır ki, dənizin səviyyəsinin qalxması nəticəsində onlar da suya qərq olacaqlar. Xəzərin səviyyəsi düşməyəcək. Bu dənizin səviyyəsinin qalxıb-enməsi prosesi qabarma və çəkilmədən asılıdır. Ayla Günəş arasında olan əlaqələr bu amillərə təsirini göstərir. İkincisi isə yağıntıların miqdarı həddən artıq çoxalıb. Buxarlanma da çox deyil ki, dənizin səviyyəsi aşağı düşsün. Amma atmosferdə nəmişlik çoxdur".

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun əməkdaşı Ənvər Əliyev isə onu vurğuladı ki, Xəzər dənizinin səviyyəsində iqlim şəraitindən asılı olmaqla enmə və qalxma prosesləri dövrü olaraq baş verir: "Xəzər dənizi qapalı su hövzəsi olmaqla vaxtilə Böyük Qafqazın bir hissəsi və Orta Asiya da daxil olmaqla nəhəng okeanın bir hissəsi olub. Təbaşir dövründən sonra təxminən 220 milyon il bundan qabaq ərazidə tədricən qalxmalar başlayıb və Yer kürəsinin ən yüksək dağ silsiləsi olan Alp-Himalay dağlarının özülü qoyulub. Onun da bir hissəsi Qafqaz dağıdır. Qafqaz dağı qalxdıqca okeandan ayrılmalar baş verib və qapalı bir dəniz əmələ gəlib. Xəzərin səviyyəsi barədə onu demək olar ki, yarandığı dövrdən üzü bəri burada qabarma və çəkilmələr baş verib. Bu da müxtəlif geoloji dövrlərdə olub. Hazırda isə bu ərazidə dənizin səviyyəsinin dövrü olaraq enib-qalxmaya məruz qaldığı fikri formalaşıb. Sadəcə olaraq, burada problem enib-qalxmanın hansı səbəbdən baş verməsilə bağlıdır. Keçən əsrin 70-ci illərində belə qənaətə gəlmişdilər ki, şimal çaylarının suyu vasitəsilə Xəzərin səviyyəsini qaldırmaq olar. Bu da həmin dövrdə dənizdə suyun səviyyəsinin kəskin enməsilə bağlı idi. Sonra qalxma prosesi başladı. Nəticədə dənizin suyu keçən əsrin 80-ci illərində sahilləri tutmağa başladı. Yüz minlərlə hektar torpaq sahəsi su altında qaldı. Bilirsiniz ki, dənizin su səthi böyüdükcə onun buxarlanması da sürətlənir. Şimaldan Volqa, Azərbaycan ərazisindən isə Araz və Kür çayları da Xəzərə axır. Bu daxil olmalar, habelə iqlim şəraitindən, yağıntının miqdarından asılı olaraq dənizin səviyyəsində 20-30 ildən bir dövrü olaraq enmə və qalxmalar baş verir. 5-6 il bundan öncə isə Xəzər dənizi 11 metr nisbətində enməkdə idi. Belədə sahillər artıq boşalırdı. Amma ola bilsin yaxın 3-5 ilə tədricən qalxma tendensiyası özünü göstərsin. Proses ümumiyyətlə əsasən təbii amillərdən asılıdır. Suyun çəkilməsi isə dənizətrafı ərazilərdə bir çox əkin və yaşıl sahələrin qurumasına gətirib çıxara bilər".