news Image
2012.10.10
07:16
| A A A
İtkiyə gedən təbii qaz
Vüqar Bayramov: “Azərbaycanda qaz itkisinin olması həm obyektiv, həm də subyektiv səbəblərlə bağlıdır” Arzuman Məcidli: “Təbii qazın nəqli zamanı baş verən itkilərin əsas iki səbəbi var”

Ölkənin qazpaylayıcı sistemində aktuallığını qoruyan məsələlərdən biri də "mavi yanacağın" istehlakçılara çatdırılması zamanı borularda müəyyən itkiyə məruz qalmasıdır. Lakin illərin statistikası bu itkilərin azalmaqda olduğunu göstərir. Buna rəğmən, hələ də belə itkilər yaşanır. Mütəxəssislərin fikrincə, nəql zamanı qaz itkisinin tamamilə aradan qaldırılması mümkün olmasa da onu maksimum azaltmaq olar.

Bunun üçün isə bir sıra amillərə fikir vermək lazımdır. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun sözlərinə görə, Azərbaycanda qaz itkisinin olması həm obyektiv, həm də subyektiv səbəblərlə bağlıdır: "Obyektiv səbəb infrastrukturun yeni qurulması ilə əlaqədardır. İnfrastrukturun yeni qurulması qaz itkisinin qarşısının alınmasına imkan vermir. Bununla yanaşı burada subyektiv səbəblər də var. Subyektiv səbəblər onunla bağlıdır ki, hələ də qeyri-leqal qaz xətlərdən istifadə halları var. Çünki, praktiki olaraq Bakıda "Azəriqaz" İstehsalat Birliyinin rayon idarələrinə verdiyi qazın təxminən 50 faizi itir. Amma bu heç də ondan irəli gəlmir ki, həmin qazlar havaya buraxılır. Söhbət ondan gedir ki, yerli qaz istismar idarələri aldıqları qazın dəyərinin təxminən 50 faizini ödəmək imkanına malikdirlər. Digər hissəsini geri ödəyə bilmirlər. Bundan əlavə infrastrukturun yeniləşməsi prosesindən başqa burada infrastrukturun köhnə olması da qaz itkisinin olmasına gətirir. Məhz elə bu səbəbdən yəni, infrakstrukturun hələ də yeniləşməməsi səbəbindən Azərbaycanda qaz itkisi faizi nəinki Avropa, eləcə də MDB ölkələri ilə müqayisədə 2 dəfə çoxdur. Belə ki, təbii qaz itkisi Rusiyada 7 faizə yaxındırsa, Azərbaycanda bu rəqəm 10 faizdən çoxdur. Baxmayaraq ki, infrastrukturun yeniləşməsi həyata keçirilir, böyük vəsaitlər sərf olunur. Amma bu hələ ki, "mavi qaz" sektorunda qaz itkisinin qarşısını almaqda yetərincə deyil. Təbii qaz nəqlində olan itkilərə digər səbəb də Azərbaycan və o cümlədən Bakıda qeydiyyatsız qaz xətlərinin olması ilə bağlıdır. Hazırda biznes və eləcə də həyət evləri bir sıra hallarda qeydiyyatsız qaz xətlərindən istifadə edirlər. Bu da təbii ki, qaz itkilərinin yaranmasına gətirib çıxarır. Yəni, praktiki olaraq satılan qazın məbləği sonradan geri alınmır. Digər məqam isə abonentlərin istifadə etdikləri qazın dəyərini tam olaraq geri ödəməməsi ilə bağlıdır. Bu da qaz itkisinə bais olan əsas səbəblərdən biridir. Amma nəzərə alsaq ki, "Azəriqaz" İstehsalat Birliyi Bakıda əksər yerlərdə smart-kartdan istifadə edir. O baxımdan bu problem tədricən aradan qalxacaq. Amma qaz itkisində və qaz pulunun ödənilməməsində əhalinin borcu ümumi borcun 10 faizini təşkil edir. Digər borclar isə birmənalı şəkildə biznes və hüquqi şəxslərin payına düşür".

Ekspert qaz itkisinin maksimum aradan qaldırılması üçün "Azəriqaz" İstehsalat Birliyinin idarəçiliyə verilməsinin tərəfdarıdır: Hazırda "Azəriqaz" İstehsalat Birliyi Dövlət Neft Şirkətinin (ARDNŞ) tərkibində olan bir idarədir. Amma "Azəriqaz" İstehsalat Birliyinin özəl şirkətlərə və ya idarəedilməyə verilməsinə ehtiyac var. Yəni, tender keçirərək "Azəriqaz"ı idarəetməyə vermək mümkündür. Onda ARDNŞ topdansatış qiyməti ilə qazı həmin idarəetmə şirkətinə təhvil verəcək. Bu zaman qeydiyyatsız xətlər, qaz oğurluğu və s. kimi problemlər artıq dövlətin yox, həmin idarəetməyə götürən özəl şirkətin üzərinə düşəcək. Qeydiyyatsız xətlər, qaz oğurluğu qaldıqda şirkət ARDNŞ-ə pulu ödəyə bilməyəcək. Ona görə bu sahədə nizam-intizam yaratmağa məcbur olacaq".

Neft-qaz sahəsi üzrə mütəxəssis Arzuman Məcidlinin fikrincə, təbii qazın nəqli zamanı baş verən itikilərin əsas iki səbəbi var: "Bunlardan biri texniki, digər isə idarəetmədən asılıdır. Texniki tərəfi aparılan tikinti işlərinin standartlara uyğun olmamasıdır. Burada ən başlıcası boru kəmərləri stndartlara uyğun tollarla çəkilməsindədir. Digər tərəfdən qaz itkisində yüksək göstəricilər varsa, burada mütləq qaz istismar idarəsi işçilərinin özləri maraqlı ola bilərlər. Təbii ki, qaz itkilərini maksimum aradan qaldırmaq üçün də ilk növbədə, bunlara diqqət ayırmaq lazımdır. Yəni, birincisi, işlərin texniki tərəfinə fikir verilməlidir. Bunun üçün də fəaliyyətə tikinti işlərini yaxşı bilən mütəxəssislər cəlb olunmalıdır. İkincisi isə dediyimiz kimi idarəçiliyə diqqəti artırmaq yetərlidir ki, təbii qazın itkisinin qarşısı alınsın".