Əlaqə Arxiv
news Image
2012.10.10
08:22
| A A A
Neft kəmərlərinin üzərində tikilən evlər sökülür
Rövnəq Abdullayev: "Neft ərazilərində qeyri-qanuni tikilən evlərdə yaşayan insanları təhlükə gözləyir"

Bakıda neftquyularının və kəmərlərin üzərində tikilən evlər sökülür. Bunu jurnalistlərə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.

O deyib: "Belə yerlərdə qeyri-qanuni tikilən evlərdə yaşayan insanları təhlükə gözləyir. Biz xoş günümüzdən kiminsə evin sökmürük. Biz istəyirik ki, əhali daha rahat və təhlükəsiz yerlərdə yaşasınlar".

R.Abdullayev əhaliyə müraciət edərək, onları neft ərazilərində qeyri-qanuni ev tikməməyə çağırıb: "Qanunsuz yerdə ev tikənlər ailələrini təhlükə altına atırlar".

Sabunçu rayonunda 113 saylı məktəbin binasının altından qaz xətti keçdiyi üçün təhsil ocağının bağlanmalıdırmı sualına ARDNŞ prezidenti deyib: "Bu məsələdən xəbərim var. Həmin məktəb yoxlanılmadan tikilib. Ona görə, orada təhsil alan məktəbliləri təhlükə gözləyir. Hesab etdik ki, bu məktəb bağlanılmalıdır".

Rövnəq Abdullayev cari ilin oktyabrın 3-də "Bakı-Tiblisi-Ərzurum" kəmərinin partlanmasına münasibət bildirərkən deyib ki, Türkiyə hökuməti boru xətlərinin təhlükəsizliyinin təminatını üzərinə götürüb və bu sahədə öhdəçiliyi var.

Onun fikrincə, buna görə, hər hansı qəza vəziyyəti Türkiyənin üzərinə düşür.

Xatırladaq ki, oktyabrın 3-də saat 20:00 radələrində Bakı-Tiflis-Ərzurum qaz kəmərinin Türkiyə ərazisindən keçən hissəsində partlayış olub. Partlayışdan sonra kəmərin 15 metr uzunluğunda olan hissəsi sıradan çıxıb.

Rövnəq Abdullayev bildirib ki, yaxın bir neçə həftədə "Nabucco" layihəsi "Şahdəniz" üzrə tərəfdaş olan şirkətlərin bu layihədə pay alması ilə bağlı son təkliflərini Azərbaycan tərəfinə təqdim edəcək.

Onun sözlərinə görə, həmin layihədə nə qədər pay alınacağı dəqiqləşdirilməyib. "Şahdəniz" tərəfdaşlarının "Nabucco" nun alternativi olan TANAP layihəsindəki payı 50%-dən çox olacaq.

Abdullayev bildirib ki, Azərbaycan Dövlət Neft Şirkəti "bp", "Statoil" və "Total" şirkətlərinə TANAP layihəsində 29 faiz pay təklif edib. Onun sözlərinə görə, "Şahdəniz" konsersiumun tərəfdaşlarına deyil, bu işdə bizə kömək edəcək böyük şirkətlərə təklif etmişik. TANAP "Şadəniz" layihəsinin ardıdır, lakin, buna bağlı deyil. SOCAR hazırda TANAP-da 51 faiz payını saxlayır.

Rövnəq Abdullayev Gürcüstanda parlament seçkilərində müxalifətin qalib gəlməsinin ARDNŞ-ın layihələrinə təsir edib-etməyəcəyi ilə bağlı suala cavab verərkən bildirib ki, Azərbaycan Dövlət Neft Şirkəti investisiya layihələrini beynəlxalq standartlara uyğun və fəaliyyət göstərdiyi ölkələrin qanunları əsasında həyata keçirir.

O deyib: "Dövlət Neft Şirkətinin layihələri heç bir dəyişiklikdən asılı deyil. Mən gözləmirəm ki, bizim layihələrdə hər hansı dəyişiklik olsun. Biz Gürcüstanda ən böyük vergi ödəyicisiyik, burada ən böyük layihələr həyata keçiririk. İnanmıram ki, kimsə "qızıl yumurta" gətirən toyuğu öldürsün".
Sizin Reklam Yeriniz