news Image
2012.10.11
06:59
| A A A
Keyfiyyətsiz qızdırıcı cihazlar yenə ölüm mənbəyinə çevrilir
Ekspertlər bildirir ki, bu qızdırıcıların bər-bəzəyi, müasir görünüşü alıcıları aldatmamalıdır

Havaların tədricən soyuması fonunda əhalinin istilik cihazlarından daha çox istifadə etməyə başlaması məsələsi də gündəmə gəlir. Lakin o da həqiqətdir ki, bu gün ölkədə istifadə olan istilik cihazlarının heç də hamısı standartlara uyğun gəlmir və bu, bəzən ölüm hallarına belə yol açır. Hələlik isə müşahidə olunan odur ki, son günlərdə ticarət obyektlərində satışa çıxarılan qızdırıcı cihazların sayı artıb.

Ticarət mərkəzlərində aparılan reydlər isə sertifikatlı məhsullarla yanaşı, heç bir tanınma sənədi olmayan məhsulların da olduğunu göstərir. Ekspertlər bildirir ki, bu qızdırıcıların bər-bəzəyi, müasir görünüşü alıcıları aldatmamalıdır. İstehlakçı soba seçərkən ilk növbədə satıcıdan yerli istehsal üçün uyğunluq, xaricdə istehsal olunan məhsul üçünsə tanınma sertifikatı tələb etməlidir.

Bu yöndə İranda istehsal edilən qaz sobalarının da adı çox hallanır. Belə ki, İran sobalarının tüstü bacaları yoxdur. Eyni zamanda bəzən vətəndaşlar da məsuliyyətsiz yanaşıb sobanı buxarıya qoşmur. Dəm qazının mənzilə yığılması nəticəsində isə insanın ağciyəri və sinir sistemi tədricən zəhərlənərək bihuşolmaya, ölümə gətirib çıxarır. Kimyəvi adı karbon-monoksid olan dəm qazı iysiz və rəngsiz olur. Təbii qazın emalı zamanı onun tərkibinə xüsusi maye - odarant (etil spirti) qatmaqla dəm qazından ayırd etmək imkanı yaranır.

Ekspertlərin fikrincə, dəm qazından boğulmaların səbəbi keyfiyyətsiz qızdırıcılar və əhalinin qazdan istifadə qaydalarını bilməməsidir. Qeyd olunduğu kimi bazarlarda satılan bəzi sobalar, xüsusilə İran sobaları standartlara uyğun deyil. Qeyd edək ki, İran sobalarının insan həyatı üçün təhlükəli olduğu dəfələrlə bildirilib.

Digər problem isə sobaların düzgün quraşdırılmaması ilə bağlıdır. Qeyd olunur ki, sobanın içində oksigen üçün kifayət qədər boş yer olmalıdır. Havatəmizləyici borular mənzillərin damından ən azı bir metr hündürə qaldırılmalı, borular qonşu binalara və küləyə qarşı qurulmamalı, içi ildə azı bir dəfə təmizlənməlidir. Qaz sobası quraşdırılan otaqların havasını müəyyən fasilələrlə dəyişdirmək də vacibdir.

O da vurğulanır ki, Bakı küləklər şəhəri olduğu üçün tüstü bacaları düzgün quraşdırılmayanda külək tüstünü evə doldurur. Dəm qazından zəhərlənmələr ən çox hamamxanalarda baş verir. Son illər vanna otaqlarını təmir etdirən zaman qapıları plastik qapılarla əvəz olunur. Bu qapılar isə çöldən havanı içəri buraxmadığı üçün boğulma hadisələrinin sayı artıb. Bir kubmetr qazın yanması üçün 9,5 kubmetr hava olmalıdır. Hava çatışmazlığı olan zaman tüstü bacaları da yaxşı çəkmir və bu da bədbəxt hadisəyə səbəb olur. Hamamxanada qapıların aşağı hissəsində havanın içəri daxil olması üçün deşiklər olmalıdır. Ancaq əhali isə hamamxanaların isti olması üçün bu deşikləri bağlayır. Sovet dövründə isə bütün mənzillərdə hamam otaqlarının qapısının aşağı hissəsində dəmir və ya taxtadan tor olurdu. Köhnə binaların bacalarının təmizlənməsi problemi isə hələ də aktualdır.

Qeyd edək ki, hələ sovet dönəmində qaz bacaları hər il qış fəsli gəlməmiş təmizlənərdi. İndi isə bu işin məsuliyyətini daşıyan Mənzil Kommunal Təsərrüfat İdarələri bunun üçün dövlət tərəfindən vəsait ayrılmadığından bacaların təmizlənmədiyini deyirlər. MKİS-dən o da bildirildi ki, bütün mənzillər özəlləşdirildiyi üçün bu iş ev sahiblərinin öz üzərinə düşür. Onu da bildirək ki, dəm qazı təhlükəsilə bağlı ARDNŞ-in "Azəriqaz" İstehsalat Birliyi abonentlərin təbii qazdan düzgün istifadə etməsi, "Qaz təsərrüfatında təhlükəsizlik qaydaları"nın tələblərinə riayət etməsi, arzuolunmaz halların baş verməməsi məqsədi ilə mütəmadi olaraq maarifləndirilmə tədbirləri həyata keçirir. "Azəriqaz" hesab edir ki, dəm qazı haqqında zəruri məlumatların əhalinin diqqətinə çatdırılması aktual məsələlərdəndir.

Təhlillər göstərir ki, dəm qazından zəhərlənmə hadisələrinin təxminən 40 faizi yeni təmir olunan, qapıları və nəfəslikləri plastik-paket tipli hazırlanaraq kip bağlanan, havadəyişmə üçün yer saxlanılmayan hamam otaqlarında baş verir. Qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun olaraq, hamam otaqlarının qapılarında havadəyişmə üçün 0,02 kvadrat metr sahədə dəlik və yaxud jalüz olmalıdır ki, otaqdan işlənmiş hava və ona qatışıq olan dəm qazının tam şəkildə çölə çıxması təmin edilsin. Otağa təmiz havanın daxil olmasına imkan yaradılmadıqda yanma prosesi də natamam olur və qazın tərkibində olan maddələrin (ammiak, sian birləşmələri, hidrogen-sulfid) bir qismi otaqda qalır. Bu isə insan həyatı üçün çox böyük təhlükə yaradır.

Tikinti layihəsində nəzərdə tutulmayan su qızdırıcılarının tüstüsü vətəndaşlar tərəfindən tüstü bacası əvəzinə havadəyişmə (ventilyasiya) kanallarına və mərtəbələrarası şaxtalara çıxarılır. Həmin kanallar və şaxtalar isə tüstünü xaric etməkdən ötrü quraşdırılmadığı üçün bunun öhdəsindən gələ bilmir. Qeyd edək ki, təbii qazla işləyən su qızdırıcıları quraşdırılan hamam otaqlarının həcmi 7,5 kubmetr, hündürlüyü isə 2,5 metrdən az olmamalıdır. Hamam otaqlarında baş vermiş hadisələrin 15 faizi vətəndaşlar tərəfindən istifadə olunan su qızdırıcılarının nasaz və yaxud tamam yararsız vəziyyətdə istismar olunması ilə bilavasitə bağlıdır. Hamam otağında təbii qazla işləyən su qızdırıcıları quraşdırılan zaman otaq mütləq müstəqil havadəyişmə sistemi, tüstü bacası, eləcə də nəfəslik ilə təchiz olunmalıdır. Hamam otağının daxili qaz xətləri gözəgörünən, texniki baxış və qulluq üçün əlçatan yerdə quraşdırılmalıdır. Düz axımlı su qızdırıcısının qaz xəttində 1 ədəd, tutumlu su qızdırıcısının qaz xəttində isə 2 ədəd qaz kranı olmalıdır. Hamam otağında bütün qaz xətləri və birləşmələr polad boru ilə çəkilməlidir.