Əlaqə Arxiv
news Image
2012.10.11
08:18
| A A A
Spirtli içkilər yalnız xüsusi mağazalarda satılacaq?!
Vüqar Bayramov: “Spirtli içkilərin ancaq xüsusi təyinatlı mağazalarda satılması halı onların istehlakına və ona marağın azalmasına gətirib çıxara bilər” Dövlət Məmmədov: “Spirtli içkilər ancaq xüsusi təyinatlı mağazalarda satılmalıdır”

Azərbaycanda siqaret və alkoqollu içkilər belə demək mümkünsə, harada gəldi satılır. Hətta küçə və parklarda, ictimaiyyətin toplaşdığı yerlərdə belə spirtli içki və siqaret satışına rast gəlmək olar. Onu da xatırladaq ki, ölkəmizdə siqaret və alkoqollu içkilərə qarşı müəyyən mənada mübarizə aparılır. Onların elektron KİV-də reklamına icazə verilmir. Amma bununla belə, Azərbaycanda ildə adambaşına 10,6 litr alkoqollu içki istehlak edirlər. Bu isə əksər ölkələrlə müqayisədə yüksəkdir. Belə ki, Türkiyədə ildə adambaşına 3,5, İranda 1, Gürcüstanda isə 7 litr alkoqollu içki istehlak olunur.

Ölkəmizdə əhalinin müəyyən hissəsinin bu içkiyə aludə olmasının qarşısını almaq üçün bir sıra ekspertlər bu qənaətdədir ki, siqaret və alkoqollu içkilər yalnız xüsusi təyinatlı mağazalarda satılmalıdır. İndilikdə isə az qala hər bir satış mərkəzində siqaretlə spirtli içkilərin geniş çeşiddə satıldığını müşahidə edirik.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov məsələ ilə bağlı qeyd edir: "Azərbaycan spirtli içkilərin istehlakına görə müsəlman ölkələri arasında ilk yerlərdən birini tutur. Praktiki olaraq Azərbaycan və Qazaxıstanda spirtli içkilərin istehlakı adambaşına 10,6 litr səviyyəsindədir. Bu da digər ölkələrlə müqayisədə xeyli yüksəkdir. Bu baxımdan ölkəmizdə də spirtli içkilərin satışının tənzimlənməsinə ehtiyac vardır. Heç də bütün mağazalar spirtli içkilərin satışını həyata keçirməməlidir. Onların satışı konkret olaraq bir sıra ixtisaslaşmış mağazalarda aparıla bilər. İnkişaf etmiş ölkələrdə bu sistem uzun müddətdir ki, tətbiq olunur. ABŞ-da heç də bütün mağazaların spirtli içki satmaq hüququ yoxdur. Bu da insanların spirtli içkiyə aludə olmaması ilə bağlı atılmış addımdır. ABŞ-da açıq havada olan kafe və restoranlarda da spirtli içkinin satışı qadağandır. Amerikada vətəndaş yol gedərkən, ictimai yerlərdə də həmin içkidən istifadə edə bilməz. Buna yol verənlər ciddi şəkildə cərimələnir. Azərbaycanda isə belə qadağalar yoxdur. Vəziyyət isə ölkəmizdə də belə qadağaların tətbiq edilməsinə ehtiyacın olduğunu deməyə əsas verir. Spirtli içkilər ölkəmizdə də ixtisaslaşmış mağazalarda həyata keçirilməlidir. Belə hal spirtli içkilərin istehlakına və ona marağın azalmasına gətirib çıxara bilər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər spirtli içki istehlakından ölənlərin sayı 10 faizə qədər artır. Azərbaycanda da bu rəqəm 9 faiz civarındadır. Ölkəmizdə həddən çox və keyfiyyətsiz spirtli içki qəbulu ömrün qısalmasında xüsusi rol oynayır. Rusiyada problem daha dərindir, bu göstərici 20 faizdir. Spirtli içkinin insanların mənəviyyatı, sağlamlığına vurduğu ziyanı nəzərə alaraq bu tip qadağaların tətbiq edilməsi daha məqsədəuyğundur".

"Su İstehlakçıları" İctimai Birliyinin sədri Dövlət Məmmədov da spirtli içkinin ancaq xüsusi mağazalarda satılmasının tərəfdarıdır: "İnkişaf etmiş dövlətlərdə spirtli içkilər, araq, konyak xüsusi mağazalarda satılır. Eyni zamanda Rusiyanın özündə də pivənin parklarda satılmasına qadağa qoyulub. Bu onu göstərir ki, həmin dövlətlərdə hökumət tərəfindən əhalinin sağlamlığının qorunmasına çalışılır. Təəssüf ki, Azərbaycan müsəlman ölkəsi olsa da, burada istehsal olunan və gətirilən spirtli içkilərin sayı xristian ölkələrindəki bu tip içkilərin sayından çoxdur. Park, bulvar, insanların istirahət etdiyi yerlərdə spirtli içkilərin satışı ümumiyyətlə qadağan edilməlidir. Çünki bu hal istirahətə gələn insanların psixologiyasına pis təsir edir. Ona görə ölkəmizdə də spirtli içkilər ancaq xüsusi təyinatlı mağazalarda satılmalıdır. Digər satış obyektlərində onların satışına icazə verilməməlidir".
Sizin Reklam Yeriniz