Əlaqə Arxiv
news Image
2012.04.15
15:18
| A A A
Keyfiyyətsiz dərman problemi hələ də tam çözümünü tapmır
Adil Qeybulla: “Yaxşı olardı ki, eyni adda dərman nümunələri çox olmasın" Rasif Bağırov: “Bu işlə məşğul olan işbazlar daha çox qazanmaq xatirinə keyfiyyətsiz dərmanları belə gətirməkdən vaz keçmir”

Azərbaycanda dərman preparatlarının qiymətləri yüksək olaraq qalmaqdadır. Bu işlə məşğul olan işbazlar xaricdən gətirdikləri dərmanların üstünə 5-10 dəfə artıq qiymət qoymaqla satırlar. Onlar əhalinin istər-istəməz dərmanlara ehtiyacının olmasından sui-istifadə edərək, qiymətləri beləcə yüksək həddə qaldırırlar.

Maraqlıdır ki, qiymətin baha olması ilə yanaşı ölkədə keyfiyyətsiz dərmanlar da meydan oxumaqda davam edir. Bir sıra apteklər icazə verilməməsinə baxmayaraq, hələ aşağı keyfiyyətli dərman satışını davam etdirir. Qeyd edək ki, ölkəmizə dərmanlar çoxsaylı xarici dövlətlərdən, Hindistan, Rusiya, ABŞ, Kanada, Almaniya, Türkiyə, Polşa digərlərindən gətirilir. Bunlar içərisində Hindistan istehsalı olan dərmanların keyfiyyətinin elə yüksək olmadığı bildirilirdi. Amma artıq Hindistandan gətirilib keyfiyyət göstəricilərinə cavab verməyən dərmanların çəkisi azalıb. Belə ki, 2007-ci ildə adıçəkilən ölkədən gətirilən dərmanlar ümumi bazarın 40 faizini tutsa da hazırda bu rəqəm 6 faizə düşüb. Bu günlərdə Səhiyyə nazirinin müavini Elsəvər Ağayev mətbuata açıqlamasında keyfiyyətsiz dərman preparatları ilə bağlı məlumat verərək onlara qarşı mübarizənin vacib olduğunu bildirib. Buradan görünür ki, son dövrlər müvafiq qurumlar saxta keyfiyyətə cavab verməyən dərmanların ölkəyə gətirilməsinə qarşı mübarizəni genişləndirməyə başlayıb. Amma buna baxmayaraq hələ ölkədə insan orqanizminə xeyir əvəzinə, daha da ziyan gətirən dərman preparatları çox olaraq qalır. Maraqlıdır, hansı səbəblər üzündən keyfiyyətsiz dərmanlar ölkəmizə gəlib çatır? Onların qarşısını almaq üçün etmək lazımdır

Tibb elmləri doktoru Adil Qeybullanın fikrincə, keyfiyyət göstəricilərinə zidd dərmanların ölkəyə gətirilməsinin qarşısını almaq üçün ilk növbədə dərman maddələrinin dövlət reyestri dövlət farmakopeyası sistemi tətbiq olunmalıdır ki, prosesə ciddi nəzarət təmin edilə bilsin: "Bizdə dərman maddələrinin dövlət reyestri dövlət farmakopeyası yoxdur. Belə bir qurum olsa insanların əlində Azərbaycan ərazisində istifadəsinə icazə verilmiş bütün dərmanların siyahısı olacaq. Eyni zamanda həmin dərman firmaları sözün həqiqi mənasında Azərbaycan dövləti qarşısında məsuliyyət daşıyacaq. Sözügedən dövlət reyestri fəaliyyətdə olsa dərmanların keyfiyyət göstəricisinə nəzarət imkanları da genişlənəcək. Hesab edirəm ki, hazırda Azərbaycanın dünyada tanınmış firmaların sınaqdan uğurla keçmiş dərman preparatlarını idxal etməsi üçün kifayət qədər imkanı vardır. Həmçinin yaxşı olardı ki, eyni adda dərman nümunələri çox olmasın. Məsələn, ölkəyə az qala 200-dən çox müxtəlif adda sestrasionlar gətirilir. Belə preparatlar bəzən istehsalı müəmmalı olan ölkələrdən gətirilir nəticədə problemlər yaşanır. Məsələn bu yaxınlarda bir qız uşağı məhz sestrasion antibiotikdən dünyasını dəyişmişdi". A. Qeybulla problemin qarşısını almağın digər yolunu isə dərman təhlükəsizliyi konsepsiyasının olmasında görür: " qədər ki, dərman maddələrinin keyfiyyətinə nəzarət sistemi bütün dünyada olduğu kimi qurulmayıb dərman təhlükəsizliyi konsepsiyası ciddi milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsi kimi qəbul olunmayıb, genefondumuzla bir uzlaşdırılmayıb, o qədər keyfiyyətsiz dərmanlarla bağlı problemlər olacaq. Keyfiyyətsiz dərmanların ölkəyə ayaq açmasında bəzən korporativ maraqların önə çəkilməsi rol oynayır. Digər bir məqam isə odur ki, problemin həllinə nail olmaq istəyiriksə, ona ictimaiyyətin təzyiqi olmalıdır. Belə bir təzyiq olmadıqca korporativ maraqları üstün tutanlar öz bildiklərini etməkdə davam edəcəklər".  

Kardioloq həkim Rasif Bağırov keyfiyyətsiz dərmanların ölkədə at oynatmasının başlıca səbəblərindən birini onları ölkəyə gətirənlərdə görür: "Əslində dərmanlar içərisində keyfiyyətsizlərin üzə çıxması şirkətlərin, onun satışını həyata keçirən apteklərin məsuliyyəti deyil. Belə hallar kənar təsirlərin nəticəsidir Bu işlə məşğul olan işbazlar  daha çox qazanmaq xatirinə keyfiyyətsiz dərmanları da belə gətirməkdən vaz keçmir. Ona görə düşünürəm ki, keyfiyyətsiz dərmanlardan xilas olmaq, onun qarşısını almaq üçün birinci növbədə həmin işbazların əməllərinə son qoyulmalıdır. Sağlam rəqabət mühiti olarsa, bu halda dərman satışı ilə məşğul olanlar rəqabət prosesindən uğurla çıxmaq üçün keyfiyyətli dərman alışına meyil etməli olacaq. Digər tərəfdən müvafiq qurumlar tərəfindən prosesə ciddi nəzarət həyata keçirilməlidir ki, ölkəyə saxta dərmanlar gətirilməsin". 

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz